Elnur Allahverdiyev nədən millətinin vəkili ola bilmədi... - Seçiciləri də narazıdır

Elnur Allahverdiyev nədən millətinin vəkili ola bilmədi... - Seçiciləri də narazıdır Son fevral seçkilərindən sonra Milli Məclisin heyətində müəyyən qədər də olsa, yenilənmə oldu. Təbii ki, müşahidə olunan dəyişikliklər cəmiyyəti tam olaraq qane etməsə də, nisbi yenilənmə ictimaiyyətin diqqətini yenidən parlamentə yönəltdi. Amma görünəni odur ki, hər kəs yanılmışdı...

Ən azından Milli Məclisdə təmsilçilik qananan yeni deputatların bu günə qədər olan fəaliyyətləri belə deməyə əsas yaradır. Bir-iki deputatı çıxsaq, yerda qalan yeni heyətin əslində köhnələrdən heç nə ilə fərqlənmədiyi gün kimi aydındır.

Elə bir neçə gün əvvəl də sözügedən səpgidə bir materialı DİA.AZ olaraq diqqətinizə təqdim etmişdik. Söhbət Yasamal kimi paytaxtın böyük və strateji rayonundan deputat olan Elnur Allahverdiyevdən gedir və yazıda müqayisəli təhlil aparılaraq bildirilirdi ki, onun səsini heç kəs eşitmir:

"O, daha çox biznesmen deputat kimi tanınır. Onun adı milyonlarla “çirkli” pul və vergidən yayınmada hallanır. Mediada gedən məlumatlara görə, E.Allahverdiyevin sahibi olduğu “Kontakt Home” mağazalar şəbəkəsi kredit verən təşkilat və ya bank deyil. Dəfələrlə ölkə mətbuatı deputatın mağazalar şəbəkəsi ilə bağlı oxucu şikayətlərini araşdırıb, bu şirkət və onun sahibi barəsində yazılar dərc edib. Xüsusən də, 3-4 gün gecikmə olduqda “bank üsulu” ilə faizlərin əlavəsi, alıcıların boynuna artıq faizlərin yüklənməsi, məsələyə qoluzorlu kollektorların cəlb olunmasına başlanır.

Qanunvericiliklə, mağaza alıcıya məhsulu yalnız nəğd satış dəyəri ilə müddətli sata bilər, eləcə də, gecikmələrə görə faizlər və aylıq faiz əlavələri yolverilməzdir.
KİV yazır ki, “Kontakt” mağazalar şəbəkəsindəki kassa aparatlarına gündəlik kredit ödənişlərinin cəmi 15 faizi vurulur, həmçinin vətəndaşlarla bağlanılan müqavilələrin cəmi 15 faizi rəsmi olaraq mühasibatlıqda qeydiyyatdan keçir. Bu isə külli miqdarda yeyinti və qanuni vergilərdən yayınma iddialarıdır".

Daha sonra yazıda qeyd olunurdu ki, Elnur Allahverdiyevin adı “Azercell”in 3 monopolist şirkətindən biri olan “ABC-Telekom” MMC-nin (digərləri Akhundoff Networks və İntegralplus) sahibi kimi keçir: "Kontur kartı və nömrə satışından milyonlar qazanan bu 3 şirkət Azərbaycanda mobil xidmətin ən baha olmasının əsas səbəbkarlarıdır. Göründüyü kimi, Yasamalın deputatını Milli Məclisin üzvü kimi yox, daha çox biznesmen olaraq tanıyırlar. Allahverdiyev özü də parlamentari fəaliyyətində biznesmen kimi fəallıq etmir. E.Allahverdiyev bundan əvvəl MTN-də nazir müavini Elçin Əliyevin himayəsində olub. Onların dostluğu isə hələ E.Əliyev MTN Səbail İdarəsində rəis işləyən vaxtdan yaranıb. Hər fürsətdən yararlanmağı bacaran E.Allahverdiyev sonradan “dostlar” çevrəsini möhkəmləndirməyə başlayıb və yeni “krışa”lar tapmağa çalışıb. Onun adı sələmçilikdə də hallanıb. Bir sözlə, yeni deputatların heç də hamısı prezidentin arzuladığı kimi ictimai nəzarətin təmin olunmasında fəallıq göstərmirlər".

Dia.az bildirir ki, bu yazı böyük rezonansa nədən oldu və hətta seçiciləri adından redaksiyamıza bir müraciət də ünvanlandı. Müraciətdə deyilirdi: "Yasamal camaatı olaraq bildiririk ki, bu koronavirus pandemiyası dövründə bir dəfə də olsun deputatımızın dəstəyini görməmişik. Halbuki bütün ölkə onun sərvətindən danışır. Biz onu seçməmişik, doğrudur, amma bu gün əgər rayonumuzu, bizləri Milli Məclisdə təmsil edirsə, borcludur ki, üzərinə düşən vəzifəni yerinə yetirsin".

Daha sonra sakinlər bildirir ki, əslində köhnə parlament Hadı Rəcəbli kimi deputatlarla görə, buraxılmışdısa, indiki parlamenti də Elnur Allahverdiyev kimi deputatlara görə buraxmağına dəyər.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Geri qayıt