Pandemiyanın qurbanları: İşəgötürənin bir dərdi var, işçinin başqa - GƏLİŞMƏ

Pandemiyanın qurbanları: İşəgötürənin bir dərdi var, işçinin başqa - GƏLİŞMƏ Ölkəmizdə xüsusi karantin rejimi elan olunandan, hökumət işəgötürənlərə işçiləri əsassız yerə işdən çıxarmamaq barədə tapşırıq verib. Buna baxmayaraq, demək olar, hər gün işdən işçilər azad olunur. Bəs, sahibkarlar hansı əsasla bunu edirlər? Buna bir nəzarət mexanizimi varmı?

Mövzunu AYNA-ya şərh edən əmək qanunvericiliyi və sosial hüquq üzrə ekspert Ruslan Hümbətovun sözlərinə görə, pandemiyadan dolayı meydana çıxan iqtisadi problemləri, o cümlədən insanların işlərini itirmələrini birtərəfli şəkildə işəgötürənlərin “ayağına yazmaq” olmaz:

- Bir çox müəssisələrdə işləri dayandığından işçilər özləri digər yerlərdə iş tapdıqları üçün öz ərizələri ilə işdən çıxırlar. Bu da onların konstitusion hüquqları olduğu üçün sahibkar zorla onları işdə saxlaya bilməz. Bəzənsə məlum vəziyyətə görə işəgötürən əməkhaqqını və ondan tutulmaları ödəyə bilmədiyi və yaxud gəliri azaldığından ödəmək istəmədiyi üçün tərəflər öz aralarında razılaşır ki, işçi öz ərizəsini yazıb işdən çıxsın”.

- Elə isə nə üçün müəssisənin ləğv olunması, yaxud ixtisarla işçiləri işdən azad eləmirlər? Bildiyimiz qədərilə bu halda işçilər əlavə güzəştlər əldə edirlər?

- Bunun obyektiv və subyektiv səbəblərinin olduğunu deyib. Əvvəla, müəssisə təsis edib yaratmaq tez başa gəlsə də, onun ləğvi uzun zaman alır. Günlər, hətta, aylar çəkə bilər. Bu müddəti gözləmək isə çox zaman tərəflərə əlverişli olmur. İxtisara gəldikdə isə, buyurduğunuz kimi işçilər bu halda müəyyən üstünlüklər əldə edirlər. Lakin bəzən işəgötürənlər Əmək Məcəlləsinin 77-ci maddəsində öz əksini tapmış prosedur və əlavə xərclərdən yaxa qurtarmaq üçün işçiləri ixtisarla (ƏM, maddə 70b, işçilərin sayı və ya ştatları ixtisar edildikdə) işdən azad etməkdən yayınırlar. Bəzi işçi elə hesab edir ki, onu ixtisarla çıxaranda digər şirkətdə işə götürməyəcəklər ki, yaxşı işçi olsan, ixtisara düşməzdin.

- Dediyiniz kimi, Əmək Məcəlləsinin 77-ci maddəsindən başqa, işçilərin ixtisar zamanı başqa üstünlükləri olmur?

- Təbii ki olur. 1 yanvar 2018-ci ildə qüvvəyə minmiş “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər. Belə ki, dövlət qulluğunda çalışanlar “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.2-ci və 33.1.3-cü maddələrinə uyğun olaraq, digər hüquqi şəxslərdə çalışanlar isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” və “b” bəndlərinə uyğun olaraq işdən azad edildikdə və ən azı 3 il sığorta stajına malik olduqda, məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alındıqdan sonra işsizlikdən sığorta ödənişi almaq hüququna malikdirlər. Sığorta stajı dedikdə, 1 yanvar 2018-ci ilə qədər sığortaolunanın xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilmiş müddət və 1 yanvar 2018-ci ildən sonra sığorta haqqı ödənilən müddət nəzərdə tutulur. İşsiz kimi qeydiyyata alındığı gündən əvvəlki 24 təqvim ayı ərzində sığorta stajı 12 təqvim ayından çox oduqda sığorta ödənişi itirilmiş orta aylıq əməkhaqqına nisbətdə, 12 təqvim ayından az olduqda isə minimum məbləğdə ödənilir.

- Bəs, sığorta ödənişi necə hesablanır?

- Qanuna əsasən, sığorta ödənişi sığorta stajından asılı olaraq vətəndaşın itirilmiş orta aylıq əməkhaqqının məbləğinə aşağıdakı faiz dərəcələri tətbiq olunmaqla hesablanır:

- sığorta stajı 3 ildən 5 ilə qədər olduqda – 50 faiz;
- sığorta stajı 5 ildən 10 ilə qədər olduqda – 55 faiz;
- sığorta stajı 10 ildən yuxarı olduqda – 60 faiz.

İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin Dövlət Statistika Komitəsi tərəfindən əvvəlki il üzrə müəyyən edilmiş ölkə üzrə orta aylıq əmək haqqından çox və minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir:

- 1 və 2-ci aylar üçün – 100 faiz;
- 3 və 4-cü aylar üçün – 80 faiz;
- 5 və 6-cı aylar üçün – 70 faiz.

Nəzarətlə bağlı sualınıza gəldikdə isə deyə bilərəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 4 aprel tarixli Sərəncamı ilə “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı “Tədbirlər Planı” təsdiq edilib. “Tədbirlər Planı”nın II bölməsinin 2-ci bəndində qeyri-dövlət sektoru üzrə işçilərin əsassız yerə işdən çıxarılmaması, ixtisarına yol verilməməsi məqsədi ilə işəgötürənlərlə bağlı qanunvericiliyə uyğun iş aparılması və gündəlik nəzarətin təmin edilməsi tapşırığı verilib.

“Tədbirlər Planı”nın icrası ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən ƏƏSMN-in “Əmək müqaviləsi bildirişi altsistemi” vasitəsilə nəzarət aparır. Əmək müqavilələrinə xitam verilmiş işçilər aşkar olunduqda Xidmət zəng və yaxud rəsmi məktub əsasında işəgötürənlərdən əmək müqaviləsinə xitam verilməsinə əsas olan hallara dair təsdiqedici sənədlərin surətlərini tələb edir.

- Sahibkarlar sənədləri təqdim etməyə bilərlər?

- Sənədlər təqdim edilmədiyi təqdirdə, əmək qanunvericiliyinin pozulması ilə bağlı inzibati iş üzrə icraat başlanıla və eyni zamanda toplanmış sənədlər AR İnzibati Xətalar Məcəlləsi və Cinayyət Məcəlləsində müəyyən edilmiş karantin rejimi qaydalarının pozulması ilə bağlı olub-olmamasının araşdırılması məqsədi ilə hüquq mühafizə orqanlarına göndərilə bilər. Əlavə olaraq bildirim ki, əgər təqdim olunmuş sənədlərdə nöqsanlar aşkar olunarsa, bununla da bağlı cərimə yazıla bilər.

- Əsasən, işəgötürənlər əmək müqaviləsinə xitam verərkən hansı nöqsanlara yol verir?

- Bayaq da danışdığımız kimi, əsasən əmək müqavilələrinə işçinin ərizəsi əsasında Əmək Məcəlləsinin 68.2.a, yaxud 69-cu maddəsi ilə xitam verilir. İşəgötürənlərin və HR sahəsində çalışanların bəzən bilmədiklər ya da diqqətindən qaçırdıqları bir məqam var. Bəzən olur ki, işçi işdən çıxma ərizəsi yazarkən, ərizədə çıxacağı günü (maddə 69.3 - İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər) qeyd etmir və işəgötürən də bir ay müddəti (maddə 69.1 - İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər) gözləmədən işçinin əmək müqaviləsinə xitam verir. Bu isə (İXM 192.6 - İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir) onların cərimə olunmasına gətirib çıxarır.

Digər nöqsan son haqq-hesabın vaxtında ödənilməməsidir. Əmək Məcəlləsinin 172.4 bədində qeyd olunub ki, işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Bu qaydaya riayət etməyən sahibkarları da (192.4 - İşçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) eyni qayda da cərimə gözləyir.

Ümumiyyətlə, belə bir deyim var: İş olan yerdə nöqsan da var. Amma çalışmaq lazımdır, digər bir deyimdəki kimi, işi iş bilənə verəsən ki, bu cür xırda nöqsanlar böyük cərimələrə gətirib çıxarmasın. Xüsusilə, indiki dövrdə, sahibkarların gərgin olduğu bir vaxtda onları əlavə stresə salmasın.
Geri qayıt