Öz mənzilini ikinci dəfə alan şəxs qapı arxasında qalıb - ŞİKAYƏT

Öz mənzilini ikinci dəfə alan şəxs qapı arxasında qalıb - ŞİKAYƏT “Abşeron İcra Şöbəsinin icra məmuru qanuni qüvvəyə minməmiş qətnaməni icra etmək qərarına gəlib. İcra məmuru özbaşınalıq edərək mübahisəli mənzilin qapısında məlumatların olmasına baxmayaraq, qapını sındırıb, mənzili qeyri-qanuni yollarla almış Çingiz Əhmədova təhvil verib”.Bunu Bakı şəhər sakini Aqil Şahvələdov deyib.
Onun sözlərinə görə, 11 il öncə “Fuad-LTD” MMC-nin Xırdalanda inşa etdiyi 14 mərtəbəli binadan iki otaqlı mənzil almaq məqsədilə şirkətə 34 min dollar pul ödəyib. Həmin məbləğin ödənilməsi barədə şirkət tərəfindən ona qəbz verilib. Təxminən 3 il sonra isə “Hüquqi şəxsin nizamnamə kapitalındakı payının, hüquq və vəzifələrinin” alqı-satqısı müqaviləsinə əsasən, şirkətin sədri Qasım Məmmədov “Fuad LTD” MMC-dəki nizamnamə kapitalını, hüquq və vəzifələrini Azər Tağıyevə satıb. Alqı-satqıdan sonra “Fuad LTD” MMC-nin adı dəyişdirilərək “Abşeron LTD 2013” olub.
Xırdalan qəsəbəsi, M.Hüseynzadə küçəsi, 1 ünvanında inşa edilən 14 mərtəbəli yaşayış binasındakı tikinti işləri yarımçıq qaldığından, A.Şahvələdov ödədiyi məbləğin geri qaytarılması ilə bağlı adıçəkilən şirkətə qarşı Abşeron Rayon Məhkəməsində iddia qaldırıb. Abşeron Rayon Məhkəməsinin 10 noyabr 2010-cu il tarixli qətnaməsinə əsasən, iddia təmin edilib və icraya yönəlib.
Lakin ödəniş aparılması mümkün olmadığından və “Abşeron LTD 2013” MMC-nin rəhbərliyi binanın inşasını davam etdirdiyindən, Azər Tağıyevlə A.Şahvələdov arasında əvvəldən satılmış mənzilə dair yeni müqavilə bağlanıb. Məhkəmə qərarının icrası icra məmurları tərəfindən 2 may 2016-cı ildə qəbul edilib. Belə ki, məhkəmə qətnaməsinin icra olunması kimi mənzil ona təhvil verilib. Bundan sonra A.Şahvələdov mənzili təmir edib, qapı quraşdırıb: ”Bununla əlaqədar olaraq ötən ilin may ayında icra sənədinin icrasına xitam verilməsi üçün Abşeron İcra Şöbəsinə müraciət etdim. Bir mənzilin müxtəlif şəxslərə satılması, həmin şəxslərin icra məmurları ilə birlikdə qapıları sındıraraq bir mənzilə bir neçə dəfə daxil olması halları baş verdiyindən, qapıya mənzilin kimə və hansı əsasla məxsus olması barədə lövhə yapışdırdım”.
Bütün bunlara baxmayaraq, 2017-ci ilin fevral ayında A.Şahvələdova məlum olub ki, ona məxsus mənzil 2010-cu ildə “Fuad LTD” MMC-nin sədri olmuş Qasım Məmmədov tərəfindən Çingiz Əhmədov adlı şəxsə də satılıb. Halbuki, həmin dövrdə Q.Məmmədovun mənzil satmağa hüququ olmayıb: “Çingiz Əhmədov isə öz növbəsində öhdəliyin icra edilməsi tələbi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə mübahisəli mənzilin kimə məxsus olmasını, mənzilin Ç.Əhmədova verilməməsinin səbəblərini müəyyənləşdirməyərək, onun iddiasını təmin edib”.
A.Şahvələdov Abşeron Rayon Məhkəməsinin qətnaməsindən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib: “İş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Bu halda qətnamə qanuni qüvvəyə minmiş hesab edilə bilməz”
Şikayətçinin sözlərinə görə, Abşeron İcra Şöbəsinin “Asəm” adlı icra məmuru işin Apellyasiya Məhkəməsinə göndərildiyini bildiyi halda qanuni qüvvəyə minməmiş qətnaməni icra etmək qərarına gəlib. Adıçəkilən şəxs Ç.Əhmədovun maraqlarını müdafiə etmək məqsədilə mübahisəli mənzilin qapısında məlumatların olmasına baxmayaraq, qapını sındırıb: “Təmirli mənzili 2010-cu ildə qeyri-qanuni yollarla alan Çingiz Əhmədova təhvil verib. Sındırılmış qapı yenisi ilə dəyişdirilib. Göstərilən qətnamədən apellyasiya şikayəti verməyim icra şöbəsinə bəlli olduğu halda icra məmuru özbaşınalıq edərək mənə məxsus mənzilə daxil olub. İcra məmuru bir qapıya ikinci dəfə icra sənədi ilə gəlib. Bu isə qeyri-qanunidir və icra məmurunun öz işini bacarmadığını göstərir”.
A.Şahvələdov icra məmurunun qanunsuz hərəkətləri ilə bağlı qanuni tədbir görülməsini, pozulmuş hüquqlarının bərpa olunmasını, mənzilinin geri qaytarılması ilə bağlı göstəriş verilməsi üçün aidiyyatı orqanlara ərizə ilə müraciət edib.

virtualaz.org
Geri qayıt