Azərbaycan əhalisi icra hakimiyyətlərindən narazıdır

Azərbaycan əhalisi icra hakimiyyətlərindən narazıdır Azərbaycanda əhalinin yarıdan çoxunun icra hakimiyyətlərinə münasibəti mənfidir...
“Dövlət institutlarına vətəndaşların münasibəti ilə bağlı məsələni 2019-cu ildəki sənədlərimizdə obyektiv olaraq əks etdirmişik. Çox mümkündür ki, bəzi sənədlər tam ictimailəşməyib, burada heç bir tələb də yoxdur, əsas məsələ o yöndə işlərin gerçəkləşməsidir”.

Bunu Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc “Yeni Müsavat”a müsahibəsində deyib. O, bilidirib ki, mərkəzin sənədlərində icra hakimiyyətlərinə əhalinin yarıdan çox hissəsinin münasibətinin mənfi olduğu təsbit edilib:

“Bu, özlüyündə dərin narahatlıq doğurmaqdaydı. Bugünlərdə əsas siyasətin, eləcə ideoloji-siyasi işlərin quruculuğuna cavabdehlik daşıyan qüvvələrin fəaliyyətlərində dönüş etməyəcəkləri təqdirdə sərt addımların atılacağı şübhə doğurmurdu. Gördüyünüz kimi, artıq indi beş icra hakimiyyəti başçısının ən sərt qaydada cəzalandırılması, həbsə məruz qalması özlüyündə mühüm bir göstəricidir və təəssüf ki, mənfi siqnaldır.

Belə halda, problemlərin xəritəsini müəyyənləşdirərək onun üzərindən sırf emosional hissi ovqatda deyil, elmi əsaslarla hər biri işi aparmaq təkcə problemi öz adı ilə çağırmaq deyil, təkliflər irəli sürmək və çıxış yollarını göstərmək sarıdan önəmlidir. Əlbəttə, dövlət təhlükəsizlik orqanlarında edilən kadr dəyişikliyi məlum qurumun imicinin cəmiyyətin nəzərində yüksək səviyyədə bərpasına kömək etdi, eləcə də yeni hakimiyyət quruculuğu, yeni elitanın formalaşması prosesinə ziyan vuran şəxslərin də cəzalandırılmasında vacib rol oyandı.

Əlbəttə, ölkə miqyasında təhlükəsizlik qüvvələrinin struktur bazisi böyükdür, onların dövlətimizin strateji mənafelərini daha böyük məkanda qorumağa çalışırlar, lakin onu deyə bilərik ki, bizim çalışdığımız müstəvi məxfi məlumatlar sahəsindən daha çox ölçülə bilən, görülən, analiz edilən məsələlərdir. Qarşıda görüləcək hələ çoxlu işlər var, çünki bizim növbəti sənədlərimizdə məhkəmə, prokurorluq orqanlarına münasibətin xeyli narahatlıqlar doğurduğu təsdiqlənib və biz o sənədi də ictimailəşdirdik. Müsbət hadisə odur ki, Ədliyyə Nazirliyinin rəhbəri Fikrət Məmmədovun çıxışlarının birində bu məsələyə etibarlılıqla yanaşıldığını gördük. Bu, əlbəttə ki, bizi sevindirir, burada kimsə bizi qərəzdə, xüsusi bir ambisiyada, özəl mənafelərdə ittiham edə bilməz, əks halda, sadəcə, mərkəzin işini obyektiv əsaslarla qurmaq çətin olar”.
Geri qayıt