Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdü

Prezidentin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşdü Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə Heydər Əliyev Mərkəzində qeyri-rəsmi şəraitdə görüş keçirib...
Görüşdə media nümayəndələrindən başqa TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı və Nazirlər Kabineti yanında operativ qərargahın tibbi eksperti Rəşad Mahmudov da iştirak edib.

Görüşdə pandemiya dövründə görülən işlərin və operativ qərargahın verdiyi qərarların cəmiyyət tərəfindən necə qarşılanması, eləcə də bu qərarların KİV tərəfindən necə işıqlandırılması kimi məsələlər müzakirə olunub.

Qeyd olunub ki, bəzi hallarda KİV-lər hər hansı bir xəbəri dəqiqləşdirmədən və ya yanlış başlıqla mediaya verməklə cəmiyyətdə çaşqınlıq yarada bilir. Bu da pandemiya dövründə dövlət strukturları ilə xalq arasında anlaşılmazlıq yaradır.

Görüşdə dövlət və hökumət üçün ilk növbədə vətəndaşın təhlükəsizliyi və sağlamlığının vacibliyi bir daha vurğulanıb. Bildirilib ki, bütün iqtisadi çətinliklərə baxmayaraq, dövlət xalqın yanındadır və bu çətinlikdən biz həmrəylik göstərərək qurtula bilərik.

Müzakirə zamanı media nümayəndələrinin təklifləri dinlənilib və Anar Ələkbərov bildirib ki, bu kimi görüşlər mütəmadi olacaq.

Bu görüşlə dövlət bir daha media nümayəndələrinə açıq, təklif və şikayətləri dinləməyə, dialoqa getməyə hazır olduğunu nümayiş etdirib. Bu çətin dövrdə pandemiya ilə mübarizə aparan ölkə kimi birlik nümayiş etdirməyin vacib məqam olduğu qeyd edilib. Eləcə də, KİV və dövlət qurumları daha operativ əməkdaşlıq edərək problemlərin həllinə nail olacaqlar.
Geri qayıt