"Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb

"Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın  layihəsi hazırlanıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyi tərəfindən “Əlilliyi olan şəxslərin abilitasiyası qaydası”nın layihəsi hazırlanıb və razılaşdırma mərhələsindədir.
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 10.6-cı maddəsinə əsasən hazırlanmış layihədə abilitasiya, yəni əlilliyi olan şəxslərin mövcud potensialını maksimum inkişaf etdirməklə, onların sərbəst yaşamaq imkanlarının artırılması ilə bağlı münasibətlər tənzimlənir.
Layihədə abilitasiya tədbirlərinin Nazirliyin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən hazırlanaraq təsdiq edildiyi bildirilir.
Qeyd edilir ki, abilitasiya tədbirləri abilitasiya üçün potensial imkan və qabiliyyətlərin qiymətləndirilməsi, abilitasiya nəticələrinin proqnozlaşdırılması və abilitasiya tədbirlərinin müəyyən edilməsi kimi mərhələləri əhatə edir. Əlilliyin müəyyən edilməsindən sonra 10 iş günü ərzində əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin əks əlaqə vasitələrinin birinə abilitasiya tədbirlərinin hazırlanması üçün vaxt və yer barədə məlumat göndərilir. Əlilliyi olan şəxs əlilliyi ilə əlaqədar gələ bilmədiyi hallarda abilitasiya tədbirləri onun yaşadığı yerdə hazırlanır. Bu tədbirlər hazırlanarkən əlilliyi olan şəxslərin və onların qanuni nümayəndələrinin də fikirləri nəzərə alınır. Hazırlanmış abilitasiya tədbirləri Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə (MEİS) daxil edilir.
Bildirilir ki, abilitasiya tədbirləri əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara münasibətdə isə 6 ayda bir dəfə aparılmış tədbirlərin effektivliyi və hər hansı əlavə və dəyişikliklərin edilməsi zərurətinin olub-olmaması baxımından yenidən nəzərdən keçirilir. TSEK əlilliyi olan şəxsin özünə və (və ya) onun qanuni nümayəndəsinə abilitasiya tədbirlərinin məqsədi, vəzifəsi, proqnozu, sosial-hüquqi səmərəsi və gözlənilən nəticələr barədə məlumat verməlidir.
Layihədə bu tədbirlərin müddətinin əlilliyi olan şəxsin sağlamlığında mövcud olan və əlilliyə səbəb olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının ağırlıq dərəcəsindən asılı olaraq TSEK tərəfindən müəyyən edildiyi də əksini tapır.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ


Geri qayıt