Operativ Qərargahın ərincəkliyi: Ən rahatı “copy-paste”dir - GƏLİŞMƏ

Operativ Qərargahın ərincəkliyi: Ən rahatı “copy-paste”dir - GƏLİŞMƏ Nazirlər Kabineti yanında Operativ Qərargah, adətən başqa ölkələrin karantin rejimi ilə əlaqədar qərarlarını təkrarlayır. Adına “beynəlxalq təcrübədən yararlanırıq” desələr də, buna “yararlanmaq” yox, “olduğu kimi tətbiq etmək” demək olar. Məsələn, həftə sonları evə qapanmanı Türkiyədən, avtobuslarda kondisionerlərin söndürülməsini Gürcütsandan kopyaladılar. Yəni, Operativ Qərargah (OQ)hər hansı qərar qəbul edərkən, xalqımızın psixologiyasını, sosial vəziyyətini, yaşam tərzini və s. təhlil etməyə, nəticələrə görə hökm verməyə ərinir. Və nəticədə çıxarılan qərarlar cəmiyyətdə ciddi narazılıqlara, problemlərə səbəb olur.

O zaman niyə? Niyə OQ özünü əziyyətə salmaq istəmir? AYNA da bu problemlərdən yola çıxaraq, mütəxəssislərin fikirlərini öyrənib.

İqtisadçı-alim Qubad İbadoğlunun fikrincə, Operativ Qərargah müstəqil qərar verə bilmir: “Strateji baxış və planı yoxdur, əhalinin mentaliteti və davranışları nəzərə alınmır, təhlil aparılmır. Bütün bunlar onu göstərir ki, böhran menecmenti düzgün təşkil olunmayıb”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Operativ Qərargahın yaradılmasının yaxşı ideya olduğunu düşünür: “Bəzi ölkələrdə heç belə mərkəzlər yoxdur. Onlarda qərarları ya Səhiyyə Nazirliyi, ya da digər qurumlar verir. Amma bizdə Operativ Qəragah yaradıldı və bütün qurumlar koronavirusa qarşı mübarizədə cəmləşərək, birgə qərarlar verir. Bu, əslində yaxşı ideyadır”.

Bununla belə, Şahinoğlu OQ-nin son zamanlar verdiyi qərarların müəyyən şübhələr yaratmasını da istisna etmir: “Qərarların doğruluğu ilə bağlı tənqidi münasibətim də var. Hansısa ölkənin tətbiq etdiyi hansısa qaydaların avtomatik Azərbaycanda tətbiq edilməsi yaxşı deyil, bunlar əvvəlcədən öyrənilməlidir ki, nəticələri necə ola bilər”.

“Birinci dəfə həftəsonu evə qapanma qərarından sonrakı mənzərəni xatırlayın. Dükanlarda xoşagəlməz vəziyyət, çörəyin piştaxtalardan yığışdırılması, polislə vətəndaşlar arasında qarşıdurma və s. Bütün bunlar əvvəlcədən düşünülməli idi ki, sərt qadağalar cəmiyyətdə hansı reaksiyalara səbəb ola bilər. Əsəblər artıq gərilib, üstəgəl sonrakı nəticələrimiz nə ola bilər. Türkiyədə həftəsonları karantin tətbiq olundu, amma öyrənilməli idi ki, bunun tətbiqi Azərbaycana nə verə bilər. Çünki Azərbaycan vətəndaşı maska taxmağa, məsafə saxlamağa meyilli deyil. Düzdür, qaydalara riayət edənlər də az deyil. Riayaət edilmək üçün nə edilməlidir, hansı vasitələrdən istifadə olunmalıdır, sosial şəbəkələrdə hansı reklam çarxları hazırlanmalıdır və s. kimi məqamlar təhlil olunmalıdır”, - politoloq bildirib.

E.Şahinoğlunun sözlərinə görə, bu qüsurlar Operativ Qəragahın analitik qrupunun olmamasından irəli gəlir: “Bilmirəm, belə bir qrup var, ya yox. Amma analitik qrupa ehtiyac var. Həmin qrup, orda yığılan mütəxəssislər qərar verməmişdən öncə, qərarın cəmiyyətdə hansı reaksiya doğuracağı, koronavirusla mübarizədə hansı nəticələr iləcək və sair kimi məsələləri araşdırmalıdır. Görünür, belə bir qrup yoxdur. Odur ki, bəzən verilən qərarlar nəticə vermir”.

Professor, həkim Adil Qeybulla karantin rejimi ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) konkret tövsiyyələrinin olduğunu qeyd edib: “Əlbəttə, hər ölkənin fərqli təcrübəsi var. Məsələn, təcrübə göstərdi ki, sərt karantin rejimi ilə, virusun meydana çıxdığıı Çində infeksiya lokallaşdırıla bildi. Amma o dərəcədə sərt karantin tədbirləri tətbiq olunmadı və kifayət qədər orda maliyyə ayrıldı. Bilirik ki, dronlardan, robortlardan istifadə olundu, birbaşa mütəxəssislərlə, canlı orqanizmlərlə kontakt tamamilə minimuma endirildi və virus yox çıxdı. Bunu başqa ölkələr tətbiq edə bilmədi. Məsələn, Yaponiyada heç Operativ Qərargah yoxdur və dövlət də xüsusi bir tədbir görməyib. Amma insanlar qaydalara könüllü əməl edirlər - maska taxır, sosial məsafə gözləyir, gigyenik qaydaları unutmurlar. Buna görə də Yaponiya koronavirusun yüksək yayılmadığı ölkələrdəndir. Dediyim odur ki, hər ölkənin öz təcrübəsi var və olmalıdır”.

Mütəxəssis bizim səhvlərimizə toxunub: “Birinci böyük səhvimiz karantin rejiminin yumşadılmasından əvvəl, hələ SMS icazə müddətində qaydaları pozmaq oldu. Qonaq getmək, həyətlərdə domino oynamaq, çay içmək, koronavirusun mövcudluğuna inanmamaq və s. kimi hallarla yoluxmanın sayını artırmış olduq. Operativ Qərargahın da səhvi ondan ibrətdir ki, heç bir təlimat hazırlanmadan, əvvəlcədən işlər görmədən, önləyici tədbirlər düşünmədən, birbaşa bu sərt karantin rejimini ləğv etdi və sanki insanlar həbsxanadan buraxılmış kimi küçələrə tökülüşdülər, Dənizkənarı Bulvara toplaşdılar. Heç bir karantin davranışları nümayiş etdirmədən, bir-birləri ilə yaxın məsafədə görüşmək, maskasız gəzmək və s. kimi hallar böyük bir yoluxma pontensialı yaratdı. Onsuz da biz bunun yaxın zamanda nəticəsini görəcəyik və Operativ Qərargah da bunun yalnışlığını anladı və Türkiyənin həftəsonu təcrübəsini burda tətbiq etdi”.

“Mən də razı deyiləm ki, bu təcrübə burda önəmli deyil. Ona görə ki, Tükiyədəki işsizlərin sayı ilə bizdə olan işsizlərin sayı eyni deyil. Türkiyədə insanlar daha çox həftəsonu istirahət edirlər, həftəiçi işləyir, həftəsonları dincəlirlər. Bizdə isə xeyli vətəndaş işsizdir, adi gündə bulvara çıxsanız, eyni əhalini həftəsonu da görəcəksiniz. Bu baxımdan da bu təcrübə bizim üçün deyil. Operativ Qərargah ölkə, media, mütəxəssis resurslarını səfərbər edərək, insanların maariflənməsini artırmalıdır, bu istiqamətdə real nəticələrə nail olmalıdır. Heç olmasa, Abşerondan rayonlara infeksiyanın daşınmasının qarşısını alaq. Çünki sabah insanlar xaricə gedə bilməyəndə rayonlara üz tutacaqlar. Bu da epidemioloji coğrafiyanın genişlənməsinə gətirib çıxaracaq”, - Qeybulla bildirib.

Professor hesab edir ki, sosial həyat yumşaldılmalı, karantin, evdəqalma təcrübəsi aradan götürülməli, bunun əvəzində davranışlara nəzarət sərtləşdirilməli, maskasız şəxslər ictimai yerlərə, nəqliyyata, metroya buraxılmamalıdır: “Mümkün qədər küçədə də belə gəzmək lazımdır. Sosial məsafə gözləmək, gigiyena qaydalarına ciddi riayət etmək lazımdır. Biz bununla daha çox uğurlara nail ola bilərik”.

Psixoloq Fərqanə Mehmanqızının dediyinə görə, başqalarının etdiklərini eynən təkrarlamaq, yerli reallıqları analiz etməmək təkcə Operativ Qərargahın problemi deyil: “Azərbaycanda bir çox qurumlarda və sahələrdə, eləcə bizim psixolgiya sahəsinin özündə, tədris-təhsil sahəsində belə problemlər var. Biz xaricdə olan praktikanı olduğu kimi gətirib ölkəmizdə tətbiq edirik və sosial durumumuzu, emosiyalarımızı, xalqın həyata baxışını, psixologiyasını diqqətə almırıq. Ən əsası isə xalqın reaksiyasını diqqətə almırlar. Bu da əsk təsirlə nəticələnir”.

Psixoloqun fikrincə, rayonlara gedən yolların bağlanması, əksinə xəstəliyin artmasının səbəbi ola bilər: “Həftəsonları insanlar qapalı şəraitdə qalır və birdən-birə də çölə çıxırlar, bir-biri ilə yaxın məsafədə ünsiyyət qururlar. Bu gün iş yerləri bağlanmış insanların sayı çoxdur və şəhərdə gəzişirlər, istidə evdə qala bilmirlər. Və əgər yollar açılsa, rayonlara, bölgələrə çıxıb gedərlər. Düzdür, deyirlər ki, getsələr, xəstəlik yayıla bilər. Bəli, amma bunun da bir çıxış yolu var. Onlar getməmişdən əvvəl müayinədən keçib, analizin cavabını arayış şəklində ala bilərlər və polis saxlayan zaman həmin arayışı təqdim edə bilərlər ki, onlar həqiqətən sağlamdırlar”.

“Bizim xalqın psixologiyası fərqlidir. Biz dörd divar arxasında otura biləcək insanlar deyilik. Biz rahatçılığımıza düşkün insanlarıq. Və hətta bizim maska taxmağımız belə, sanki bir üsyandır. İnsanlar düşünürlər ki, sanki onları cəzalandırırlar. Onlar hesib edirlər ki, TƏBİB-in verdiyi qərarlar onları cəzlandırmaq üçünüdür. Biz bugün xəstəliklə mübarizədə həmrəylik göstərməliyik, əl-ələ verərək bu xəstəliyin öhdəsindən gəlməliyik. TƏBİB də ümumi olaraq cəmiyyətin fikri ilə getməlidir. Xəstə ilə həkim arasında bir xətt var. Əgər o xətti eyni gedəcəklərsə, həmin xəstəliyə qalib gələcəklər. Hədəf, məqsəd eyni olmyacaqsa, xəstəlik onlardan birini mütləq aparacaq”, - deyə Mehmanqızı vurğulayıb.
Geri qayıt