“Göylə gedən” AZAL-dan vətəndaşın "başına düşən" 220 dollarlıq daş

“Göylə gedən” AZAL-dan vətəndaşın "başına düşən" 220 dollarlıq daş Uzun intizardan, minlərlə azərbaycanlının gözünü aylarla yolda qoyduqdan sonra AZAL İstanbuldan Bakıya və Bakıdan əks istiqamətə iki təyyarə reysinin acılacağını elan etdi.

İyunun 17-18-nə elan edilən uçuşlarla bağlı tələblər o qədər yüksək oldu ki, içi mən qarışıq kimsə xəbərə sevinə bilmədi. AZAL təyyarə biletləri üçün elə qiymət qoydu ki, pandemiya səbəbilə vətənə qayıda bilməyən çarəsiz insanların qarşısına böyük bir daşı elə itələdi ki, çoxları üçün bu, sərhədlərin ilk bağlandığı günlərdəki çarter biabırçılığını da kölgədə qoydu.

Məlum oldu ki, AZAL aylardır evinə dönməyi gözləyən, bütün maddi-mənəvi imkanları tükənmiş insanlardan vətənə qayıtmaq üçün 220 dollar bilet pulu istəyir.
Təkcə bir müqayisəni verək: Türk Hava Yollarının Ankaradan Bakıya 17 iyuna planlaşdırılan, ancaq Azərbaycan tərəfinin sərhədləri hələ açmaması səbəbindən təxirə salınan təyyarə reysinə hətta 795 lirəyə də bilet satılmışdı. AZAL-ın biletindən azı 110 dollar daha ucuz. AZAL isə vətəninə qayıtmaq istəyən öz vətəndaşına (hər iki reysə ancaq Azərbaycan vətəndaşları bilet ala bilər- E.K.) 220 dollarlıq bilet kəsməklə elə ilk andanca “Bu, sizə görə deyil” mesajını verdi.
Üstəlik, təkcə bilet almaqla da iş bitmir. Təyyarəyə buraxılmaq üçün COVİD-19 testinin neqativ cavabını təsdiqləyən arayış da tələb olunur ki, Azərbaycanın Türkiyədəki səfirliyi də AZAL-ın yaratdığı narazılığın üstünə benzin tökdü. Məlum oldu ki, testi etmək üçün Türkiyənin ən bahalı səhiyyə xidməti verən tibbi quruluşlarından biri olan Memorial Xəstəxanalar Qrupu ilə anlaşılıb. Bəh-bəhlə “1300 lirə olan test qiymətini Azərbaycan vətəndaşları üçün 400 lirəyə endirdik” deməklə onsuz da aylardır çarəsiz qalan insanların əsəbləri ilə oynamağa cəsarət etdilər. Azərbaycana qayıdacağı günü gözləyən minlərlə insan üçün ancaq bir neçə xəstəxanın xidmət göstərəcəyi, COVİD-19 testinin uçuşdan ən geci 48 saat əvvəl verilməsi tələbinə sosial şəbəkələrdə anında başlayan etirazları görüncə, ayaqlarını bir addım geri atmalı oldular. Bu dəfə test veriləcək xəstəxanaların siyahısı kifayət qədər artırıldı. Aralarında Vandan Elazığadək hətta dövlət xəstəxanaları da daxil edildi.
Deməli, istəyəndə olur, istəyəndə və etiraz görəndə vətəndaşın da mənafeyini nəzərə almaq mümkündür, hətta istəyəndə 400 lirəlik testi də dövlətin hesabına, yaxud minimum ödənişlə edə bilərlər. Necə ki, Türkiyə ölkəyə gələn vətəndaşları üçün test etmədən təyyarəyə minmək qadağası qoymur, aeroportlarda dövlət vəsaiti hesabına sərnişini müayinə edir, zərurət olarsa, virusa yoluxma əlamətləri özünü göstərərsə, pulsuz test aparır. Bizimkilər isə bunun üçün Türkiyənin ən bahalı tibb müəssisəsi ilə anlaşır. İctimai təpki qarşısında ancaq 3 xəstəxananın tələbləri qarşılaya bilməyəcəyini görərək siyahıya Səhiyyə Nazirliyinin tövsiyə etdiyi digər tibb müəssisələrini də daxil edir. Çünki nəhayət anlayır ki, Türkiyənin bir ucundan həm də test vermək üçün Azərbaycan vətəndalarının İstanbula, yaxud Ankaraya getməsi, burda testin cavabını gözləməsi reallıqdan uzaq olduğu qədər həm də, açıq-aşkar vətəndaşların qarşısına daş yuvarlamaqdır.
İndi bu daşı yoldan kənara itələyiblər, ancaq 220 dollarlıq o biri daşı vətəndaşın başında çatlatmaqda israrlıdırlar. Budurmu milli aviadaşıyıcı kimi gurultulu ada sahib olan AZAL-ın pandemiya şəraitində Azərbaycan vətəndaşına biçdiyi dəyər- 220 dollar? Heç düşündünüzmü ki, aylardır heç bir gəliri olmayan, Azərbaycandakı valideynləri də karantin şəraitində işsiz qalan minlərlə tələbənin o bileti almaq, vətənə qayıtmaq üçün pulu yoxdur? Heç düşündünüzmü ki, ən müxtəlif səbəblərlə getdikləri Türkiyədən geri qayıda bilməyən çox sayda vətəndaşın onlayn bilet almaq üçün kartı, yaxud internet bilgisi yoxdur? Heç düşündünüzmü ki, xəstəxana, otel köşələrində qalan azərbaycanlıların Bakıda ümid olduqları pensiya kartından başqa nəyəsə gümanı gəlmir?
Mən hələ satışa çıxarılan biletlərin linkinin ayrı-ayrı adamlara göndərilməsi, ancaq bir neçə biletin göz boyamaq xatirinə satışa çıxarılması barədə iddialardan danışmıram. Nə də olsa, AZAL heç kimin kitabını oxumur. Oxusaydı, sosial şəbəkə hesabında yüzlərlə vətəndaşın etiraz səsinə bircə cümləlik cavab verməyi özünə sığışdırardı.

Amma... Göydəki monopoliyasına güvənərək hələ ki, "göylə gedən" AZAL-ın da yerə düşürülən zamanı olacaq, amma o zaman artıq gec olacaq...

Cebhe.info
Geri qayıt