SON DƏQİQƏ: Bəhram Bağırzadə reanimasiyaya yerləşdirildi

SON DƏQİQƏ: Bəhram Bağırzadə reanimasiyaya yerləşdirildi Koronavirusa yoluxan Əməkdar artist Bəhram Bağırzadə hazırda Mərkəzi Gömrük Hospitalında müalicə olunur.
Bu barədə MGH-nın rəis müavini Bəxtiyar Musayev məlumat verib.
O bildirib ki, Bəhram Bağırzadə vəziyyətinin kəskin pisləşməsi səbəbindən daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə köçürülüb:
“Xəstənin yeni çəkilən kompüter tomoqrafiyasında əvvəlkilərlə müqayisədə çox ciddi mənfi gedişatın olduğu aşkarlanıb. 90%-dən çox ağciyər toxumasının zədələndiyi məlum olub. Süni tənəffüs aparatında intensiv müalicəyə baxmayaraq saturasiyanın artırılmasına nail olunmayıb. Saturasiya günboyu aparılan müalicələr ilə yenə 50% ətrafında olduğuna görə saat 23:00 radələrində konsilium keçirilib və xəstənin EKMO cihazına qoşulmasına qərar verilib.
Qeyd edək ki, EKMO- ekstrakorporal membran oksigenlənmə cihazı olub, ağciyər və ürək yerinə 2-3 həftə funksiya göstərərək, mövcud olan problemin həlli üçün həkimlərə vaxt qazandıran bir müalicə üsuludur. Bu gün gecə saat 02:00 radələrində Mərkəzi Gömrük Hospitalının reanimatoloqları və cərrahları tərəfindən xəstənin EKMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşib və saturasiya 95 faizə qədər yüksəlib. Lakin xəstənin vəziyyəti kritik ağır olaraq qalır.
Əməkdar artist Bəhram Bağırzadənin müalicəsi birbaşa Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətindədir. EKMO dəstəyi ilə birlikdə intensiv müalicəsi davam edən aktyorun ailəsinə və sevənlərinə səbir diləyir, sənətkarımıza bu çətin mübarizədə şəfa arzu edirik”.
Geri qayıt