"Hikmət Hacızadə mənzili kirayə verəndən qara günlərimiz başladı...” - Şikayət

"Hikmət Hacızadə mənzili kirayə verəndən qara günlərimiz başladı...” - Şikayət 67 yaşlı Xalidə Rəsulzadə Bakının Səbail rayonu, Həsən Abdullayev küçəsi ev 13-də yerləşən şəxsi mənzilində rahat yaşaya bilmir...
Ötən ilin sentyabrından aidiyyatı orqanlara üz tutan, onun dincliyini pozanlardan şikayətlər edən Rəsulzadənin dərdinə çarə tapan yoxdur. Qadının gününü göy əskiyə bükən, onu boğaza yığan isə dediyi kimi, bir mərtəbə yuxarıda yaşayan qonşusu - politoloq Hikmət Hacızadənin kirayənişinləri olan ailədir.

Xalidə Rəsulzadə yazıçı Natiq Rəsulzadənin bacısıdır. Virtualaz.org-un redaksiyasına müraciət edən şikayətçi başına gələnləri danışıb. Onun sözlərinə görə, problem qonşuya sakitçiliyə və təmizliyə riayət etmələri üçün irad bildirəndən sonra başlayıb: “Yaşadığımız dördmərtəbəli bina ötən əsrin 23-cü ilində tikilib, köhnədir. Burada indiyədək onlarla ailə yaşayıb, Səməd Vurğunun qardaşı ilə qonşu olmuşuq, dostluq etmişik. Heç vaxt qonşular arasında münaqişə baş verməyib. Yuxarı mərtəbədəki mənzil isə Hikmət Hacızadənin anası Şükufə xanıma məxsus idi, qadın vəfat edəndən sonra Hikmət mənzili kirayəyə verdi. Elə qara günlərim də ondan sonra başladı”.

“4 il əvvəl mənzili pritona çevirmişdilər...”

Şikayətçi deyib ki, mənzillə bağlı problem yeni deyil, 2016-cı ildə də 8 ay zülm çəkib. Bəlli olub ki, mənzili kirayəyə götürənlər oranı pritona çeviriblər. Bu barədə Hacızadəyə irad bildirilsə də, o, əhəmiyyət verməyib. Yalnız sonradan polisin müdaxiləsi ilə mənzil boşaldılıb.

“Gecə səhərə kimi səs-küydən evdə yata bilmirdim. Hikmət Hacızadənin özünə dedim. Az qala məni borclu çıxartdı. Məcbur olub polisə şikayət etdim. Evi pritona çevirmişdilər. Hər gün müxtəlif qızlar-oğlanlar gəlirdilər. Səhərə kimi qışqırırdılar, bağırırdılar. Elə qışqır-bağır salırdılar ki, evin tavanı sirkələnirdi, elə bil zəlzələ idi. Polisə şikayət edəndən sonra səhər tezdən gəldilər, evdən beş nəfər düşürdülər. Hamısı yarıçılpaq vəziyyətdə idilər”,- Rəsulzadə bildirib.

Yeni kirayənişinlər də qadınla düşmənçiliyə başlayıb

Bir müddət mənzildə sakitçilik yaranıb, ötən ilin sentyabrında isə sözügedən mənzilə yeni kirayənişinlər köçüb: “Gənc ailədilər, oğlan iranlıdır, qız Azərbaycan vətəndaşıdır. Onlar köhnə xalçanı balkonda təmizləyirlər, toz-torpaq evimə dolurdu. Buna görə irad bildirdim, dedim ki, çirkli xalçanı bu cür təmizləmək olmaz. Bir neçə saatdan sonra oğlan qapını döydü və dedi ki, mənim yoldaşıma irad bildirə bilməzsən, o neyləyirsə əcəb eləyib. Elə bununla da mənimlə düşmənçilik başladı”.
Səs-küy azmış kimi bu dəfə də kirayənişinlər suyu açıq qoymaqla qonşunun mənzilini suyla doldurublar: “Açıq-aşkar dedilər ki, məni bezdirəcəklər, mənzilimdə rahat yaşamağa imkan verməyəcəklər. Qıcıqlandırmaq məqsədilə evdə səs-küy salırlar, ayaqlarını qəsdən möhkəm yerə vururlar. Gecə yarısına kimi otaqlar gurultudan titrəyir. Evin tavanının uçacağından qorxuram, əsəbdən, həyəcandan əllərim əsir. Hikmətə məlumat verdim, dedi ki, heç nə edə bilməz, dözməliyəm. Zəng vurdum sahə müvəkkilinə məlumat verdim. Daha sonra 102 xidmətinə və Səbayıl rayon 9-cu polis bölməsinə bölməsinə müraciət etdim. İki polis gəldi, qapını açmadılar.Polislər gedəndən sonra əllərinə keçənləri yerə çırpmaqla qəsdən səs-küy saldılar. Bundan sonra rayon icra hakimiyyətinə şikayət etdim. Qadın hamının yanında məni küçə söyüşləri ilə təhqir etməyə başladı, əxlaqsız söyüşlər söydü”.

Hikmət Hacızadə də onlara qoşulub, gitara çalaraq ayaqlarını döşəməyə çırpıb...
Mənzildəki kirayənişinlərin ədəbsizliklərinə hətta Hikmət Hacızadə qoşulub. Şikayətçi deyir ki, H.Hacızadə kirayəçilərinə sakitçiliyə riayyət etmələrini tapşırmaq əvəzinə gitara çalıb ayaqlarını döşəməyə döyə-döyə oynayıb: “Baxın, hər iki otaqda çıl-çıraq qırılıb, mənzildə çatlar yaranır”.

Baş verənlərdən cana yığılan X.Rəsulzadə yenidən Səbail rayon 9-cu polis bölməsinə yazılı şəkildə şikayət ərizəsi ilə müraciət edib, kirayənişinlər barədə tədbir görülməsini xahiş edib. Şikayətində H.Hacızadəyə məxsus mənzildə yaşayanların onun evinə maddi ziyan vurduqlarını, bunun nəticəsində dəyəri 700 manat təşkil edən iki ədəd çılçırağın zədələndiyini bildirib. Amma şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilib. Ona yalnız məhkəmə vasitəsilə hüquqlarının bərpa edilə biləcəyi deyilib. Pandemiya səbəbindən məhkəməyə müraciət etmək ləngiyib.
“Məhkəmə uzun prossesdir, buna əsəblərim tab gətirə biləcəkmi? Problemi Hikmət həll edə bilər, amma görünür onun üçün pul bir insanın həyatından vacibdir”,-yaşlı qadın deyir.

Onun dincliyini pozan mənzilin sakinləri evdə olmadığından məsələyə münasibət öyrənmək mümkün olmayıb. Polis bölməsindən isə deyiblər ki, qonşuların mübahisə məsələsi yalnız məhkəmənin qərarı ilə həll edilə bilər.
"Hikmət Hacızadə mənzili kirayə verəndən qara günlərimiz başladı...” - Şikayət






Geri qayıt