Eldar Əzizov bir ilə 80 milyon ayırdı,sanki Hacıbala Abutalıbov Bakını dağıdıbmış

Eldar Əzizov bir ilə 80 milyon ayırdı,sanki Hacıbala Abutalıbov Bakını dağıdıbmış Bakı şəhər İcra Hakimiyyətinə təxminən 17 il başçılıq etmiş Hacıbala Abutalıbovun dövründə paytaxda görülmüş bir çox işlərin həcmini müəyyən etmək indi çox çətin məsələdir.Daha çox yolların təkrar-təkrar təmir olunması ilə yadda qalan sabiq başçının rəhbərliyi dönəmində Bakı şəhərində küçələrin,məhəllədaxili yolların və səkilərin yenidənqurma, abadlaşdırma işlərini rayon İcra Hakimiyyətləri,Mənzil Kommunal Təsərrüfatı Birlikləri həyata keçirirdilər.2018-ci ildə Eldar Əzizovun Bakı şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmasından sonra qaydalar tamamılə dəyişdi.Yeni rəhbər apardığı islahatlar çərçivəsində,ötən ilin fevralında Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyət adlı qurum yaratdı.

Aktualinfo.org Eldar Əzizovun bir başçı olaraq sözügedən MMC-ni hansı zərurətdən yaratdığı barədə bir müddət əvvəl oxuculara məlumat vermişdi.Onun bu MMC-ni Bakı şəhər İcra Hakimiyyətinin başçısı yanında yaratmaqda məqsədi nə olub? Bu barədə də həmçinin.Qeyd edək ki, MMC Vergilər Nazirliyinin Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsində 18.02 2019-cu ildə dövlət qeydiyyatına alınıb.Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, ev 18 olan MMC-nin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi isə Eldar Əzizovun hələ Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olduğu dönəmlərdən bu günə qədər yanında gəzdirdiyi Abit Əliyev.

Bəs Eldar Əzizovun yaxın dostu olan Abit Əliyevin rəhbərliyi ilə son bir ildə nə kimi işlər həyata keçirilib? Bunu son bir neçə ayda qurumun keçirdiyi tenderlərdən görmək olar.“Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti 02.03.2020-ci il tarixdə dövlət mənzil fonduna aid binaların dam örtüyünün, eləcə də sosial-mədəni və məişət təyinatlı obyektlərin təmiri ilə bağlı elan etdiyi 2 açıq tenderə 11.06.2020-ci ildə yekun vurub.Qeyd edək ki, dövlət mənzil fonduna aid binaların dam örtüyünün təmirinin satın alınması üzrə tenderin qalibi “Vest LTD” QSC olub və tərəflər arasında 9992560.78 manat məbləğində müqavilə bağlanıb.

Sözügedən qurumun elə həmin tarxdə, sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinin satın alınması üzrə keçirdiyi digər açıq tenderin qalibi isə “Star Construction-12” QSC elan olunub və 2993911.36 manat məbləğində müqavilə bağlanıb.

Yuxarıda qeyd etdiyimiz kimi, biz bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyətinin başçısıı Eldar Əzizovun bu vəzifə başına oturduqdan sonra paytaxtda təmir tikinti işlərinin aparılmasına ayırdığı dövlət vəsaitləri barədə daha ətraflı məlumat vermişdik. Xatırladaq ki,“Bakı şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qalib elan olunmuş “Star Construction-12” QSC üç ay öncə,19.03.2020-ci il tarixdə məhəllədaxili yollarda və səkilərdə asfalt örtüyünün təmirinin satınalması üzrə keçirilmiş tenderin də qalibi olmuşdu və 2592341.98 manat dəyərində müqavilə bağlnmışdır.

“Star Construction-12” Qapalı Səhmdar Cəmiyyəti elə həmin gün Bakı şəhəri ərazisində səkilərdə, həyətlərdə park və bağlarda təmir, yenidənqurma və abadlıq işlərinin satınalınması üzrə 16983435.6 manat dəyərində başqa bir tender prosedurunun da qalibi elan olunub.Qeyd edək “Star Construction-12” QSC üç ay ərzində “Bakı şəhər Əsaslı Tikinti və Təmir” MMC-dən ümumi dəyəri 22 569 688 manat olan dövlət sifarişi alıb.

Ümumiyyətlə “Bakı şəhər Əsaslı Tikinti və Təmir ” Məhdud Məsuliyyətli Cəmiyyəti yarandığı gündən Bakı şəhərində təmir-tikint,abadlıq işlərinə ayırdığı vəsaitlərə diqqət yetirsək nələri görmüş olarıq? Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov tərəfindən yaradılaraq Abit Əliyevə həvalə olunmuş sözügedən qurum ötən ilin may ayında “İnpeks N” MMC ilə üst-üstə 22 574 263 manat dəyərində müqavilələr bağlamışdır.Hansı ki,“İnpeks N” MMC bu gün o işləri başa çatdıırmalı idi.Bu il,19.03.2020-ci il tarixdə isə Bakı şəhərində dövlət mənzil fonduna aid binaların təmirinin satınalması üzrə keçirilmiş tenderdə yenə də “İnpeks N ” MMC ilə 19985998.07 manat dəyərində müqavilə bağlanıb.Bu isə ötən ilin may ayından bu ilin mart ayına qədər olan dövrdə “İnpeks N” MMC-yə 42 560 261 manat dəyərində dövlət sifarişinin verilməsi deməkdir. Bu dövlət sifarişləri qalib MMC tərəfindən karantin rejiminin elan olunması ilə əlaqədər tikinti işlərinin dayandırılığı bir vaxtda həyata keçirilirmi və mənzil fonduna aid hansı binaların təmiri, harada aparılır bizlərə bəlli deyil. Dəfələrlə yazdıqlarımıza baxmayaraq Bakı şəhər İcra Hakimiyyəti isə heç bir açıqlama vermir.

Bağlanmış müqavilələrdən də göründüyü kimi Eldar Əzizovun birbaşa nəzarətində olan qurum təkcə bir il içərisində paytaxtda yuxarıda göstərdiyimiz işlərin görülməsi üçün ümumi dəyəri 75 122 510 manat olan dövlət sifarişləri verib. Qurumun 15.05.2020-ci il tarixdə dövlət müəssisələrinə subsidiyaların verilməsinin satın alınması üzrə keçirdiyi tenderdə “Tikinti-Təmir-Təchizat-Bərpa” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 4993996 manat dəyəri olan müqaviləni də bunların üstünə gəlsək, bu 80 116 506 manat edir. Qeyd edək bu rəqəmlər vahid dövlət satınalmaları portalından götürülmüşdür və tərəfimizdən aparılan təxmini hesablamalardır. Onu xüsusilə vurğulamaq istərdik ki,butun bunlar ancaq təmir tikintiyə ayrılan vəsaitlərdir.Biz hələ “Bakı şəhər Əsaslı Tikinti və Təmir ” Məhdud Məsuliyyətli Cəmiyyətinın bu işlərin görülməsi, layihə-smeta sənədlərinin hazırlanması üçün ayrılmış vəsaitləri hesablamırıq.

Tenderlərin qalibi olan şirkətlərə gəldikdə isə.Son illər bu şirkərlər haqqında yayılan məllumatlar özlüyündə hər şeyi açıq-aydın göstərir.Aldıqları milyonlarla manat dəyərində dövlət sifarişlərini hansı maddi-texniki baza ilə,hansı yollarla həyata keçirirlər artıq hamıya məlumdur.Bu tender elanlarında görüləcək işlərin yerinin,konkret ünvanların göstərilməməsi, məlumatların olmaması isə,adamda istər-istəməz sabiq başçı Hacıbala Abutalıbovun Bakını viran qoyması,dağıtması təəssüratını yaradır.Sanki keçmiş İcra başçısının rəhbərliyi dönəmində Bakıda təmir-tikinti işləri heç aparılmayıb.Ya da Hacıbala Abutalıbov bu məqsədlərlə ayrılmış dövlət vəsaitini tamamilə mənimsəyib.

Qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının tabeliyində “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin qərarı ilə ötən ilin fevral ayında yaradılıb.İcra Hakimiyyətindən həmin dövrdə mətbuata verilən açıqlamalarda MMC-nin paytaxtda bilavasitə tikinti işlərinin aparılması ilə məşğul olmayacağı bildirilirdi.İcra Hakimiyyətindən o da əlavə edilmişdi ki, yeni yaradılan qurumun əsas fəaliyyəti dövlət vəsaiti hesabına Bakı şəhərində həyata keçiriləcək əsaslı tikinti və təmir məsələləri sahəsində strateji planların hazırlanması, görüləcək işlərin koordinasiya olunması və ayrılan vəsaitin səmərəli istifadəsinin təmin olunmasına nəzarətdən ibarət olacaq.
Geri qayıt