"İcra başçısı mənə dedi ki, get palçıq vulkanının ətrafını sat, gətir pulunu da mənə ver” - PROBLEM

"İcra başçısı mənə dedi ki, get palçıq vulkanının ətrafını sat, gətir pulunu da mənə ver” - PROBLEM Bu günlərdə tirajlanan “130-dan çox bələdiyyə sədrinin işi məhkəməyə göndərildi” başlıqlı xəbər mənim xüsusi diqqətimi çəkdi. Çünki Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi tərəfindən yayılan məlumatda xeyli sayda ürəkbulandıran rəqəmlər vardı.

Belə ki, 2019-cu ildə 80 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 2800-ə yaxın akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 7 min hektardan çox torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 130-dan çox bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 24 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.

Hər zaman bu qənaətdə olmuşam ki, bələdiyyələr Azərbaycan cəmiyyətində anormal doğulmuş bir varlıqdır. Təsadüfi deyil ki, 20 illik mövcudluğu dövründə bu varlığın adı ancaq cinayət işlərində, dələduzluq əməllərində keçib. Nə qədər istəsəm də, ötən dövr ərzində bələdiyyələrin cəmiyyətimizə bəxş etdiyi bir dənə də olsun xoş xəbər eşidə bilməmişəm.

Ədliyyə Nazirliyinin son məlumatı da bir daha mənim arzumu ürəyimdə qoydu. Fəaliyyətdə olduğu 20 il müddətində bələdiyyələr İcra başçılarının qapazaltısı, qazanc mənbəyi olub. Xatirimdədir ki, 2005-ci ildə Binəqədi rayonunda keçmiş bələdiyyə sədrindən soruşdum ki, nə əcəb bələdiyyədən getdin? Güldü, dedi ki, “icra başçısı mənə dedi ki, get palçıq vulkanının ətrafını sat, gətir pulunu da mənə ver. Dedim ki, axı ora bizim bələdiyyənin ərazisi deyil. İcra başçısı sözlərimdən bərk əsəbiləşdi. Dedi ki, onda səninlə işləyə bilmiyəcəyik. Beləcə mənim bələdiyyə faəliyyətim bitmiş oldu.

Həmin ərazini də indi başqa bir bələdiyyə sədri əhaliyyə satmaqla məşğuldur. Amma o adamın axırı yoxdur”. Doğrudan da torpaq satan bələdiyyə sədrinin axırı yaxşı olmadı. Bir müddət sonra o həbs olundu. Belə misalları çox saymaq olar. Nəticə isə eynidir.

Bələdiyyə sədrləri icra başçılarının qara kassasıdır. İcra başçısı – bələdiyyə oyununda isə hər zaman uduzan xalq olub. Belə ki, icra başçıları və bələdiyyə sədrləri dəyişdikcə, nə qədər insanın əmlak hüququ pozulub, haqsızlıqla üzləşirlər. Belə ki, yeni gələn icra başçısı bələdiyyə sədrlərini məcbur edib ki, əvvəlki mülkiyyət sahiblərinin əmlakı geri alınsın, yeni adamlara satılsın və yaxud başçının yaxınlarının nəzarətinə verilsin. Hüququ pozulan insanların səsi isə rayonun hüdudlarından kənara çıxmayıb. Çünki icra başçıları yerlərdə özlərini hakimi-mütləq kimi aparırlar. Bütün bunlar azmış kimi, bələdiyyələr hər il dövlət büdcəsindən dotasiya alır. “Alır” deyəndə düz çıxmır. Büdcədən ayrılan pullar da bələdiyyələrin kassalarından birbaşa icra başçılarının qara qutusuna axıdılır.

Hər il bələdiyyələrin fəaliyyətini stimullaşdırmaq məqsədi ilə 10 milyon manat yaxın vəsait ayrılır. 5 ildən bir keçirilən bələdiyyə seçkilərinə isə dövlət hər dəfə ortalama 50 milyon manat vəsait xərcləyir. Dotasiya məsələsinin özü də sübüt edir ki, bələdiyyələr şikəst övlad kimi hər zaman gözü başqalarının əlindədir. Ona görə də bu institutun varlığı cəmiyyətimizə hələ çox ziyanlar vuracaq. Üstəlik də bələdiyyələrlə, yerli icra strukturlarının fəaliyyətində paralelçilik var. Biri digərinin fəaliyyətini təkrarlayır.

Nəhayət, Ədliyyə Nazirliyinin son məlumatı da göstərir ki, bələdiyyələrin fəaliyyəti özfəaliyyətdən o tərəfə keçmir. Elə isə indiki çətin iqtisadi dönəmdə bələdiyyələrə dotasiya verməyə, ümumiyyətlə, bu qurumun varlığına ehtiyac varmı?! Məncə yox.
Surxay Atakişiyev //konkret.az//
Geri qayıt