"Atam günahsız yerə həbs olunub” – 10 il müddətinə cəza verilən hərbçinin qızından ölkə başçısına MÜRACİƏT

"Atam günahsız yerə həbs olunub” – 10 il müddətinə cəza verilən hərbçinin qızından ölkə başçısına MÜRACİƏT Adətən hansısa cinayət əməli törədən şəxslər həbs olunsa da, bəzən günahsız şəxslər də ömürlərinin müəyyən hissəsini həbsxana divarları arasında keçirməli olur və belə faktlar kifayət qədərdir. Əslində, hər bir cinayət faktı istintaq orqanları tərəfindən ciddi araşdırıldıqdan sonra məhkəmə hökm verməlidir. Çünki ciddi araşdırılmayan faktlar məhkəmənin yanlış hökmü ilə cəza alacaq insanların həyatını məhv edə, onların tərcümeyi-hallarının ləkələnməsinə səbəb ola bilir.

Eyni zamanda nəzərə alsaq ki, ölkədə məhkəmə-hüquq sistemi kifayət qədər korrupsiyalaşıb və hakimlərin əksəriyyəti sifarişlə hökm çıxarır, o zaman həbsxana divarları arasında kifayət qədər günahsız insanın olması birmənalıdır. Amma təəssüf ki, əksər hallarda həmin insanların günahsız olduqlarını sübut etməsi çox çətindir.

Hazırda Yasamal rayonu, Xaqan Dadaşov küçəsi, bina 94, mənzil 96-da kirayə yaşayan Saruxanova Lalə Novruz qızı da atası Müslümov Novruz Suliddin oğlunun günahız yerə həbsdə yatdığını deyir:

L.Saruxanovanın “Hürriyyət”ə dediyinə görə atası hərbçi olub: “Atam hərbçi olub. 20 ildən artıq qüsursuz xidmət edib. Xidmət etdiyi illər ərzində də müxtəlif medallar, diplomlar alıb. Hətta 20 ildən çox qüsursuz xidmətə görə, prezidentimizin hərbçilər üçün verdiyi evdən atama da düşmüşdü.

Atam Zaqatala qarnizonunda hərbi polisdə xidmət edirdi. Oradan sonra onu Bakıya işləməyə göndərdilər. Ancaq Bakıya göndəriləndən sonra Zaqatala hərbi hissəsində problemlər yaranıbmış və problemlərdən sonra orada olan hərbi xidməti bitirib getmiş əsgərləri geri gətirərək, onları atamın üzünə durdurublar ki, guya, atam onlardan rüşvət alıb, onlara işgəncə verib. Belə faktlarla mənim atamı günahlandırdılar. Ondan sonra, məhkəmə keçirildi. Məhkəmədə heç bir sübut olunmadı, əsgərlər gəlmədi. Tərtər Məhkəməsi 3 maddə ilə (311.3.2, 331.3 və 341.1) atamı təqsirləndirib, 10 il iş veriblər, rütbəsini də alıblar. Rütbəsi baş gizir idi. Hətta ona veriləcək evi də üstündən çıxarıblar. Artıq atam 28 noyabr 2014-cü ildən həbsdədir, özü də şəkər xəstəsidir. Yəni vəziyyəti çox çətindir”.

“Maraqlıdır ki, sübut olmadığı halda, niyə atama qarşı bu qədər qərəz var?”

L. Saruxanova bildirir ki, atasının günahı olduğunu sübuta yetirən heç bir fakt yoxdur: “Hətta burada da yazılıb ki, heç bir maddi sübut yoxdur. Bizə də maraqlıdır ki, sübut olmadığı halda, niyə atama qarşı bu qədər qərəz var? Atam kimə neynəyib? Mənim atam qarışqanı belə incidən insan deyildi. Bizə o maraqlıdır ki, məhkəmə niyə sübut olmadan atama bu qədər iş verir?”

“Mən çox istərdim ki, prezidentimiz bizə dəstək olsun”

L. Saruxanova qeyd edib ki, Apellyasiya Məhkəməsi də Tərtər Məhkəməsinin qərarını təsdiqləyib: “Apellyasiya Məhkəməsi hökmü necə var, elə də saxladı. Biz demək olar ki, bütün dövlət qurumlarına, Obmudsmana da müraciət etmişik. Bizə gələn cavablar bu şəkildə olub ki, “bizim səlahiyyətimizdə deyil, məhkəmənin işinə qarışa bilmirik”. Dəfərlərlə prezidentə də məktublar yazmışıq ki, bizə köməklik olunsun, atamın günahsız olduğu sübuta yetirilsin, ona bəraət verilsin. Çox təəssüf ki, məktublara baxan yoxdur. Bizim məktublara cavab gəlmədiyi üçün bunu ictimailəşdirmək istəyirik. Mən çox istərdim ki, prezidentimiz bizə dəstək olsun”.

“Cənab prezident, mən bir hərbçinin qızı olaraq Sizə müarciət edirəm”

L. Saruxanova atasını günahsız hesab etdiyi üçün ölkə başçısına müraciət edib: “Cənab prezident, mən bir hərbçinin qızı olaraq Sizə müarciət edirəm. Mənim atam 20 ildən artıq vətənimiz, dövlətimiz üçün qüsursuz xidmət edib və dəfələrlə mükafatlar alıb. Biz həqiqətən onun qüsursuz xidmət etməsinin şahidiyik. Mən çox istəyərdim ki, atama qarşı olan bu haqsızlıq, ədalətsizlik aradan qaldırılsın. Biz dəfələrlə Sizə müraciət etmişik. Çox təəssüflər olsun ki, həmin məlumatlar Sizə çatdırılmayıb. Bir hərbçi ailəsi olaraq bizə kömək etməyinizi və atama qarşı olunan bu haqsızlığa, ədalətsizliyə son verilməsini Sizdən çox xahiş edirik. Mən inanıram ki, Siz bir hərbiçinin ailəsini bu çətin vəziyyətdən xilas edəcəksiniz”.

“Bu qədər haqsızlıq olar?!”

L. Saruxanovanın sözlərinə görə, atasının düşməni yoxdur: “O, vəkili yanına gedəndə də deyib ki, düşməni yoxdur. Axı, bizim var-dövlətimiz yox, milyonlar yeməmişik. Sıradan bir hərbçi ailəsi olmuşuq. Bu rayondan o rayona atam xidmətə göndərilib, biz də onun arxasınca getmişik. Bizim düşmənlərimiz yoxdur. Həqiqətən bizə də maraqlıdır ki, nəyə görə mənim atam həbs olundu? Nəyə görə bu qədər iş verildi? Biz də istəyirik ki, bunlar sübuta yetirilsin. Mənim atam dəfələrlə deyib ki, gedin, “müraciət edin, mən günahsızam”. Nəyə görə, məhkəmə sübut etmədən 10 il cəza verir? Üstəlik, rütbəsini əlindən alır, nəyə görə? Yəni bu qədər haqsızlıq olar?! Bizə maraqlı olan budur. Biz dönə-dönə atama bəraət verilməsini xahiş edirik. Atam həqiqətən günahsızdır. Ona 10 il verilməsi, rütbəsinin və evinin əlindən alınması ədalətsizlikdir”.

“Niyə məhkəmə heç bir şey sübut etmir?”

“3 il əvvəl cənab prezident Qusara hansısa bir məktəbin açılışına gəldi və təbii ki, bizim kimi məktub vermək istəyənlər çox idi. Biz də onlardan biri idik. Əlimdə iki məktub var idi. Məktubu vermək istəyəndə polislər gəldilər, mənim əlimdən aldılar. Bizim məktubların prezidentə getməsini önləyirlər. Bizə elə gəlir ki, bu, siyasi bir məsələdir. Çünki bu qədər müraciət etməyimizin qarşılığında biz heç bir şey tapa bilmirik. Yəni məhkəmə belə, bu işi araşdırmadan bu qədər iş kəsirsə, kimin əli var? Kim mənim atamdan nə istəyir? Niyə məhkəmə heç bir şey sübut etmir? Hökm verilib niyə rütbəsi alınır? 24 il xidmət etmiş bir hərbçidən rütbəsinin alınması onsuz da mənə elə gəlir ki, ən böyük cəza olardı. 24 il xidmət etmək hərbçi üçün zarafat deyil. Biz bir hərbçi ailəsi olaraq onun nələr çəkdiyini görmüşük. Atam harada xidmət edib, biz də onunla bərabər getmişik. Yəni ona niyə bu qədər ittihamlar olub? Ətrafımızda hərbçilər çox olub, həbs olunan hərbçilər, insan öldürən insanlar var, heç onlara bu qədər iş verilmir. Nəyə görə, bir hərbçiyə bu qədər haqsızlıq olunur? Biz bunun araşdırılmasını istəyirik”, – deyə şikayətçi bildirib.

“Zaqatalada hərbi hissədə nə baş verdisə, o hərb hissəni bağladılar”

L. Saruxanova hesab edir ki, atası Zaqatala qarnizonunda xidmət edib, oradan Bakıya göndəriləndən sonra təzyiq başlayıb. “Bu təzyiq elə ordan gəlib. Çünki atam Bakıya gəldiyi müddətə Zaqatalada hərbi hissədə nə proses baş verdisə, o hərb hissəni bağladılar. Orada olan əsgərlər 1-2 il keçəndən sonra mənim atamın adını verib. Ona görə, düşünürük ki, təzyiq də oradan gəlib. Amma orada təzyiq kimin tərəfindən gəlib, bunu artıq araşdırmaq lazımdır ki, bu müqaviməti kim göstərir, atamın nəyə görə tutulmasını istəyir”.

Qeyd edək ki, Tərtər Hərbi Məhkəməsinin hakimi Abbas Abbasovun 25 fevral 2015-ci tarixli hökmünə əsasən, Müslümov Novruz Sulhiddin oğlu rütbəsi əlindən alınmaqla, 10 il müddətinə azadlıqdan məhrum olunub.

Redaksiyadan: Qarşı tərəflərin mövqeyini dərc etməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.
Geri qayıt