Ağ Gölün qara cəngavərləri - NAZİRƏ MÜRACİƏT

Ağ Gölün qara cəngavərləri - NAZİRƏ MÜRACİƏT Qüdrət İbrahimov Milli Parkı 85 min manata satın alıbmı?

Azərbaycan təbiətinin nadir incilərindən olan Ağ Göl Milli Parkı bu gün əslində qara əməllərin səhnəsinə çevrilib. Təbiətin mühafizəsi məqsədilə yaradılmasına baxmayaraq elə təbiətə ən böyük zərbəni də burada vururlar desək yanılmarıq. Parkın ərazisində mühafizə olunan nadir növlərin qanunsuz ovlanması barəsində dəfələrlə həyacan təbili çalınıb. Ancaq Milli Parkın rəhbərliyinin “ov ovlamaq, quş quşlamaq” sevdası bitmək tükənmək bilmir.
Sələfi Loğman Mehdiyevi Parkın ərazisinə atdığı boş bir patrona qurban verərək “Zümrüd” restoranında təşkil edilən yeyib-içmək məclisində vəzifəyə gəlmə xeyir-duasını alan Qüdrət İbrahimov Ağ Göl Milli Parkını mal-qara örüşünə,brokonyerlərin isti yuvasına, ovçuların meydanına çevirib. Dəfələrlə işə qəbul müsabiqəsindən keçə bilməsə də güclü himayədarları (onların Novruz Məmmədovun yaxınları olduğu bildirilir) onu vəzifəyə gətirə bilirlər. Amma, Q.İbrahimov hər dəfə şəstlə deyir ki, müsabiqə-zad boş şeydir, vəzifəyə gəlmək üçün 85 min manat pulundan keçib. Müxtəlif şəxslərə verilən 85 min manat rüşvət onu Ağ Gölün sahinə çevirib. “Bal tutan barmağın yalayar” prinsipi ilə Q.İbrahimov 85 min manatını çıxarmaq üçün Azərbaycan təbiətinin nadir incisini məhv etməyə başlayıb. Bu gün Ağ Göl Milli Parkında əsl ekoloji terror, fəlakət yaşanır. Beləki Rubrika.az-a daxil olan məlumata görə kustar üsulla düzəldilmiş elektrik mühərrikindən verilən cərəyan ilə Milli Parkın su akvatoriyasını tamamilə məhv edilib, balıqlar su resursları, daha doğrusu suda yaşayan bütün canlıları məhv edir. İndi təsəvvür edin ki, Milli Parka hansı təfəkkürə malik olan şəxs rəhbərlik edir. Milli park ərazisində saxlanılan 20-dən çox balıq növü - çəki, külmə, durna balığı, xəşəm, lil balığı, naxa, qambuziya və s. məhv olma təhlükəsi ilə üz-üzə qalıb. Qanunsuz ov edilməsi,qiymətli quş növlərinin tutularaq satılması adi hal alıb. Tezliklə Ekologiya Və Təbii Sərvətlər Nazirliyi ekoloji terrora müdaxilə etməzsə Ağ Göl Milli Parkını xilas etmək mümkün olmayacaq. Bütün fəaliyyəti qaranlıq məqamlarla zəngin olan Q.İbrahimov Milli Parkı satış bazarına çevirib.
Zənnimizcə Ekologiya və Təbii Sərvətlər nazirliyi ən qısa zamanda araşdırmalara başlamalı və aşağıdakı məqamlara aydınlıq gətirməlidir.

1. Q.İbrahimov özü dediyi kimi 85 min manatını çıxartmaq üçün hansı əsaslarla Azərbaycan təbiətinin incilərindən birini amansızcasına məhv edir. Milli Park ərazisində qışlayan 500 mindən çox quşun, eləcə də qiymətli balıq növlərinin,ceyranların insafsızcasına ovlanması,satılmasını məgər aidiyyatlı orqanlar görmürlərmi?

2. Qüdrət İbrahimovun hansı yollarla vəzifəyə təyin olunduğu-həmçinin Ağcabədi rayon İcra Hakimiyyətinin keçmiş İcra başçısı Şahin Məmmədovdan alınmış məktubun nə dərəcədə qanuna uyğun olması ,eləcə də müsabiqənin nəticələrinə bilavasitə təsir göstərməsi araşdırılmalıdır

3. Qüdrət İbrahimovun guya 4 dil bilməsi haqqında müsabiqənin münsiflərini aldatması da ciddi araşdırılmalıdır. “Bu quş dilidir,bunu Süleyman bilir ancaq” deyən Milli Park direktorunun çox yalanları bu yolla faş ola bilər.

4. Müsabiqənin birinci mərhələsində uğursuz iştirakına baxmayaraq hansı yollarla ikinci mərhələdə yenidən müsabiqəyə qatılmasının da sirri çözülməlidir.

5. Q.İbrahimovun Milli Parkda saxladığı “ölü canlar” araşdırılmalı,bu yolla mənimsənilən on minlərlə manat vəsaitin taleyinə aydınlıq gətirilməlidir.

6. Milli Parkın ərazisinin hansı əsaslarla mal-qara örüşünə çevrilməsi, qanunsuz ova şərait yaradılması, balıqların kütləvi tutulması halları araşdırılmalıdır.

Göründüyü kimi hamının gözləri önündə baş verənləri nədənsə görməsi lazım olanlar görmürlər. Deyəsən Milli Park rəhbərinin qüdrəti çoxlarını lal edib. Məsələni diqqətdə saxlayacağıq.

Rubrika.Az
Geri qayıt