Siruz Qoçqaninin əməliyyat etməsinə qadağa qoyuldu - Rəsmi

Siruz Qoçqaninin əməliyyat etməsinə qadağa qoyuldu - Rəsmi Qoçqani artıq plastik-cərrahiyə əməliyyatlarına buraxılmır...
Bu barədə “Baku Medical Plaza”nın sözçüsü Aysel xanım məlumat verib: “Qeyd edim ki, bu ilin may ayının 11-də 1996-cı il təvəllüdlü Musazadə Turanə Tofik qızının ölümündən sonra klinikanın rəhbərliyi belə qərara gəldi ki, istintaqın yekun qərarı olana kimi Siruz Qoçqani plastik əməliyyatları dayandırsın. Ancaq onun klinikada fəaliyyətinə xitam verilməyib. Dünyasını dəyişənin ailəsinin klinikadan heç bir şikayəti yoxdu”.

Qeyd edək ki, məlum hadisədən sonra ötən ilin may ayında "Baku Medical Plaza”da Siruz Qoçqani öz həkim həmkarının da ölümünə səbəb olmuşdu. Liposaksiya əməliyyatı keçirən, özü də Elmi-Tədqiqat Ağciyər İnstitutunda həkim-ginekoloq olan Sona Gürgün Vəliyeva əməliyyatdan sonra dünyasını dəyişmişdi.

Turanə Musazadənin ölümündən sonra Sona Gürgünün ailəsinin nümayəndəsi olan Samir Zeynalov Qoçqaninin Azərbaycanda plastik cərrah kimi iş icazəsinin olmaması ilə bağlı Səhiyyə Nazirliyinin verdiyi rəsmi sənəd paylaşdı.

“Baku Medical Plaza”nın rəsmisi bizimlə söhbətində bu ittihama da cavab verdi. Aysel xanımın sözlərinə görə, Siruz Qoçqaninin plastik cərrah işləməsi üçün onların əlində sənəd var: “Bu barədə yayılan informasiyalar yalandı. Klinikanın rəhbərliyi bu sənəd əsasında Qoçqaniyə işləməyə icazə verib”.

Xatırladaq ki, Turanı Musazadənin ölümündən sonra Xətai rayon prokurorluğunda faktla bağlı araşdırmalar başlanıb.

İctimai vəkil Samir Zeynalovun sözlərinə görə isə, Sona Gürgünün ölümü ilə bağlı da Xətai rayon prokurorluğu yekun bir qərar qəbul etməyib. 1 il ərzində eyni həkimin əlində oxşar 2 ölüm hadisəsinin baş verməsi həkim barədə ciddi qərar qəbul etmək üçün əsasdır. Yəqin ki, Xətai rayon prokurorluğunda artıq Qoçqanin törətdiklərinə obyektiv bir münasibət olacaq. Səbəb isə artıq Xətai prokurorluğunda Yusif İldırımzadə kabusu yoxdu, yəni Qoçqanini qoruyan 70 yaşlı qüvvə ömürlük istirahətə evə...“(Yeni Sabah)
Geri qayıt