Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir... - İDDİA

Günahkar Nazirliyin özü və onun nəzarətində olan üç provayderdir... - İDDİA Uzun müddətdir ki, Azərbaycanda internetin baha olması vətəndaşları narahat edir. İnternetin baha olması səbəbi ilə vətəndaşlar nisbətən ucuz qiymətə olan aşağı sürətdən yararlanmalı olurlar. Bu zaman da bir sıra problemlər ortaya çıxır. Məsələn, ölkədə elan edilmiş xüsusi karantin günlərində şagirdlər və tələbələr onlayn dərslərdə iştirak etmirlər. İnternetin baha olması səbəbi ilə bəzi şəxslərin evində, ümumiyyətlə, internet yoxdur, digərlərində zəif sürətli olduğu üçün onlayn dərs zamanı qırılmalar tədris prosesinə mane olur.

Bəs, ölkədə internet niyə bahadır? Bu yüksək qiymət hansı amillər əsasında təyin edilib?

Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz vəziyyəti AYNA-ya belə şərh edib: “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tez-tez açıqlamalar verir ki, bu, açıq bazardır. Guya, internet bazarı sərbəstdir və qiymətləri bazar müəyyən edir. Mən düşünürəm ki, onların bu açıqlamaları reallığı əks etdirmir. Bu, qeyri-ciddi açıqlamadır. Ona görə ki, Azərbaycanın internet bazarında dövlətin xüsusi çəkisi yüksəkdir. Ölkədə internet bazarının, təxminən, 65 fazi dövlət provayderlərinin nəzarətindədir. Məsələn, “Aztelekom”, “Baktelekom”, “Azercell”. Bunların pərakəndə internet bazarında payı 65 faizdən yuxarıdır. Belə nəticə çıxır ki, internet bazarı dövlətin inhisarındadır və qiyməti də dövlət diqtə edir”.

“Vaxtilə özəl “Delta Telekom” şirkəti bildirmişdi ki, provayderlərə satılan internetin qiymətini 70 faiz endirmək istəyir və provayderlərdən də qiymətin endirilməsini istəyir. Özəl provayderlər bununla razılaşdı, amma dövlət provayderləri razılaşmadı. Yəni dövlət provayderləri ucuz internet alıb qiyməti aşağı salmağa razı olmadılar. Böyük biabırçılıqdır bu. Bu, bazarda inhisarçılığı qoruyub saxlamaqdır. Hansı ki, dövlət bunun əksini etməli idi. Bazarı tənzimləyən qurum daha liberal, daha şəffaf, daha sərbəst rəqabətli mühit yaratmalı idi. Biz bunu görmədik. Bu, olmuş bir hadisədir. Mən hesab edirəm ki, internetin baha olmasında birbaşa günahkar Nazirliyin özüdür və onun nəzarətində olan üç provayderdir”, - müsahibimiz deyib.

Gündüzün sözlərinə görə, özəl provayderlər də dövlətin resurslarından istifadə etdiklərinə görər özbaşına qiymət endirməkdə maraqlı deyillər, əlavə təzyiqlə üzləşib başlarını ağrıtmaq istəmirlər: “Hökümət bunun fərqində olmalıdır və yuxarı orqanlar buna reaksiya verməlidir. Qiymət heç bir amildən asılı olaraq baha deyil, sadəcə Nazirliyin provayderləri belə istəyir. Azərbaycan internetinin tarixi göstərir ki, bizim internetdə qiymət endirimi iki halda mümkün olub: ya özəl provadeylər qiyməti endirib, ya da dövlət provayderləri. İndiki halda isə özəl provayderlər endirmək istədi, dövlət provayderi bunu blokadaya aldı”.

İnternetlə bağlı əhalini narahat edən başqa bir məsələ də var ki, aylıq abunə haqqı, adından da göründüyü kimi bir ay üçün ödənilir. Məsələn, 20 manatlıq internet istifadə edən şəxs bir aylıq istifadə üçün həmin 20 manatı ödəyir. Provayderlərin hər ayın ilk həftəsində ödənişlərin tələb edilməsi ilə bağlı qərarı isə vətəndaşın pulunun mənimsənilməsinə səbəb olur. Məsələn, hər hansı səbəblə aylıq ödənişi gecikdirib aprel ayının 28-i ödəniş edən vətəndaşın inteneti may ayının 6-da kəsilir və ondan növbəti ayın ödənişi tələb edilir. Lakin vətəndaş 20 manat ödədiyi halda cəmi 8 gün internetdən istifadə edib. Belə olan halda vətəndaş nə etməlidir?

Osman Gündüz bu barədə sualımızı da cavablandırıb: “Bunlar müqavilə ilə tənzimlənən məsələlərdir. Gərək vətəndaş operatorla müqavilə bağlayanda bunları nəzərə alsın. Əgər müqavilədə başqa şərtlər nəzərdə tutulubsa və provayder açıq-aşkar onu informasiya blokadasına alırsa, onun internetini kəsirsə, bu, qanuna ziddir. Belə olan halda vətəndaş dərhal yuxarı orqanlara və məhkəməyə müraciət edə bilər”.

Ekspert yaxın keçmişdə İlan Mask tərəfindən kosmosa göndərilən və yaxın gələcəkdə dünyanın hər yerində sürətli interneti əlçatan edəcəyi gözlənilən “Starlink” peykləri ilə bağlı məsələyə də toxunub: “Bu peyklər internet dövrü üçün yeni mərhələ olacaq. Müxtəlif ölkələrdə buna müxtəlif cür reaksiyalar var. Nəhəng şirkətlər var ki, bu layihəyə böyük yatırımlar ediblər və bu, onu göstərir ki, onların niyyəti ciddidir. Yaxın perspektivdə internetə əlçatımlılıq, internetə giriş imkanları dəyişəcək. Ümumiyyətlə, yeni bir mühit formalaşacaq. Sadə dildə desək, internet daim göydən asılı vəziyyətdə olacaq və sən əlini uzatsan, çatacaq. Digər tərəfdən, yerdəki avadanlıqlar ona cavab verə bilməlidir. Məsələn, telefon, kompüter elə istehsal edilməlidir ki, həmin interneti qəbul edə bilsin”.

“Hələlik, bu peyk internetinə əlçatımlılıq necə olacaq, hansı texnologiya ilə əldə ediləcək, milli hökümətlər buna nə reaksiya verəcək, bilmirik. Bizim ölkədə dövlət başçısının açıqlamaları ondan ibarətdir ki, internet üzümüzə açıqdır, sərbəstdir. Ona görə də bu peyk internetinə hansısa məhdudiyyətlər qoyulacağını gözləmirəm. Çünki ali rəhbərliyin iradəsi ondan ibarətdir ki, internet inkişaf etməlidir, genişlənməlidir. Mən xatırlayıram ki, dövlət başçısı naziri qəbul edəndə orada internetin keyfiyyəti ilə bağlı xüsusi bir vurğu etmişdi. Orada görünürdü ki, Prezident də internetin keyfiyyətindən narazıdır. Eyni zamanda, bizdə bir başqa layihədə var ki, internetin inkişafına kömək edəcək. “Azərtelekom”un layihəsinə əsasən, Xəzərin altı ilə Türkmənistana və Qazaxıstana böyük xətlər çəkiləcək və bu da Azərbaycanda internetin inkişafın xeyir verəcək”.
Geri qayıt