“EGE” hospitaldan növbəti qandonduran – Faktlar

“EGE” hospitaldan növbəti qandonduran – Faktlar “EGE” hospitalın həkimi Qarabağ qazisindən 2900 manat aldı, özünə “Get kimə istəyirsən şikayət et” dedi. Reportyor.info xəbər verir ki, bu məlumatı jurnalist Rey Kərimoğlu yazıb.

Onun sözlərinə görə, bir ayağını müharibədə, böyrəkləri isə funksiyasını itirmiş I qrup Qarabağ qazisi Həsənov Rəhim Abbas oğlu əməliyyat olunması üçün həmin klinikaya müraciət edib.

Hospitalın Ruslan adlı həkimi qazidən 2900 manat alıb, ayağını amputasiya etmədən problemini həllinə söz versə də, işini sona qədər görməyib.

Jurnalist əlavə edib ki, hazırda Qarabağ qazisinin ayağında qaralma gedir və hələ də heç bir köməklik edilməyib.

Pulunu tələb edən qaziyə “Kimə istəyirsən şikayət et” deyə cavab verilib və ondan sonra adıçəkilən həkim onun zənglərini cavablandırmayıb. Amma bu, sözügedən klinikanın vətəndaşlara qarşı ilk belə səhlənkarlığı, məsuliyyətsizliyi deyil.

Əvvəlki adı “Grand” olan, müxtəlif qalmaqallar, ölüm hallarından sonra adını dəyişən, rəhbərliyi və personalı yenilənən “EGE” yenə də pasientlərinə münasibətdə bazar qaydalarına üstünlük verir.

Bundan qabaqq hospitalda müalicə alan Sabirabad sakini, 20 yaşlı Şamxal Məmmədov vəfat edib. Rusiya vətəndaşı 1958-ci il təvəllüdlü Lyüdmila Timofeyevna Yardşinko da hospitalda dünyasını dəyişmişdi.

Müğənni Əbdül Xalidin xalası oğlu 37 yaşlı Ramin Ələsgərovun, 20 yaşlı Ayşən Mirzəyevanın, 56 yaşlı Nurağa Qasımovun və saysız-hesabsız “həkim qurbanı” olan ölülərin siyahısı ilə rekord qıran “Grand” ləkələnmiş imicini ad dəyişməklə – yəni “rebrendinq”lə ört-basdır etməyə çalışdı.

Bu tibb ocağının MTN-in Kadrlar Baş İdarəsinin rəis müavini, polkovnik Tehran Babatovun olduğu söylənirdi. MTN şefi Eldar Mahmudovun “kassiri” kimi adı çıxan T.Babatovun yaxını olan baş həkim Asiman Həsənov sözügedən klinikalara nəzarət edir.

Tədris Cərrahiyyə Klinikasının baş həkimi vəzifəsindən azad edilərək bu klinikalara rəhbər olan Asiman Həsənovun adı mediada MTN çetesi ilə hallanırdı.

Telejurnalist Elmar Əbilov da klinikanı qəssabxana adlandırmışdı: “EGE hospital şəfa ocağından çox, bir qrup qəssabın yığışdığı cəlladxanaya oxşayır. Bir biopsinin götürülməsi üçün bizdən 450 manat istədilər.

Biz də o qədər düşünməmişdik. Dedik 200 manatını indi veririk, siz işə başlayın, qalanını da yarım saata ödəyəcəyik. Qəbul etmədilər, dedilər ödəniş tam olmalıdır. Yoxsa heç bir iş görmürük. Ödənişi tam etdikdən sonra isə bizi min bir bəhanə ilə 2 saat gözlətdilər”.

Jurnalist qeyd edib ki, ödənişdən sonra kassadan qəbzi tələb edib: “Kassir qız qeyri-adi söz eşidirmiş kimi sifətimə baxdı. Dedi bizdə belə şey yoxdur. Dirəşdim deyə, sonunda bezib verdi. Amma fikir verdim, məndən başqa heç kimə kassada qəbz vermirdilər. Hörmətli, Vergilər Nazirliyi mütləq orda yoxlamağa başlamanız lazımdır”.
Geri qayıt