General səhiyyəmizin biabırçılığından YAZDI: - "Mikayıl Cabbarovdan xahiş edirəm ki..."

General səhiyyəmizin biabırçılığından YAZDI: - "Mikayıl Cabbarovdan xahiş edirəm ki..." Dəyərli Dostlar!

90-cı illərin sonlarından başlayaraq demək olar ki, MDB məkanının bütün aparıcı ölkələrində (Rusiya, Ukrayna, Belorus, Qazaxstan) aptekə girib dərman almaq üçün müraciət etdikdə, satıcılar kompyüter vasitəsilə dərhal elektron bazaya daxil olur, dərmanın olub və ya olmadığını, istehsalçı firmanı və qiymətini öyrənib müştərinin nəzərinə çatdırırdı. Əgər tələb olunan dərman aptekdə yoxdursa, o zaman bu dərmanın aptekdə satışda olan analoqunu müştəriyə təklif edərdilər. Bu da işə yaramadıqda, təkrar olaraq elektron bazaya daxil olar, tələb olunan dərmanı şəhərin hansı aptekində (adını və ünvanını deməklə) ala biləcəyini müştərinin nəzərinə çatdırardılar. Bu məlumatı alan müştəri, özünə əlavə əziyyət vermədən birbaşa dərmanın mövcud olduğu aptekə yollanırdı. Və hətta əlavə olaraq, vətəndaşların işlərini asanlaşdırmaq üçün, lazım olan dərmanların apteklər üzrə axtarışı üçün xüsusi sayt və telefon çağrı mərkəzləri də fəaliyyət göstərirdilər.

2020-ci ilə qədəm qoymağımıza baxmayaraq, bizim Səhiyyə Nazirliyimiz, indiyə kimi yatmaqda davam edir, elektron üçot bazası yaradılmadığı səbəbdən əhaliyə komfort xidmət göstərilmir. Bu biabırçı olay nəyin göstəricisidir, buna olan səbəb nədir? Səhiyyə Nazirliyində buna istək yoxdur və ya ölkədə proqramçı mütəxəsislər və nəzarət orqanları yoxdur?!

Bu vəziyyət onun göstəricisidir ki:

1. Ölkə üzrə daxil olan və satılan dərmanların vahid uçotu yoxdur (fərq etməz hansı səbəbdən - bilərəkdən və ya bilməyərəkdən)
2. Dərmanların bir hissəsi qaçaqmalçılıqla ölkəyə daxil olur (monopolist məmur-oliqarxlara mənsub olan şirkətlər tərəfindən), rəsmi daxil olanların sayı az göstərilir.
3. Səhiyyə Nazirliyi, Statistika Komitəsi, Gömrük və Vergi orqanları nədənsə maraqlı görünmürlər bu uçotun yaranmasında, aparılmasında və ediləcək nəzarətdə.
4. Şəhərlər, apteklər və anbarlar üzrə uçotun və onlayn məlumat bazasının olmaması, gizli yollarla daxil olan və hətta lisenziyası olmayan (fərq etməz keyfiyyətli və ya keyfiyyətsiz ) dərmanların satışa çıxarılması, monopolist və qiymət oyunları üçün geniş şərait və münbit mühüt yaradır.
5. DTX bu mühüm sahəyə nəzarət edə bilmir və yaxud bəlli olmayan səbəblərdən özünü tam kənarlaşdırmışdır və s.

Üzümü hörmətli nazirimiz Mikayıl Cabbarova tutaraq xahiş edirəm ki, bu biabırçı vəziyyətə (ölkəyə gələn turist və qonaqlar, Nuh əyyamından qalma sistemimizə gülür və bizləri ələ salırlar) qarşı qəti ölçü götürsün. Əhaliyə komfort xidmət yaratmaqla yanaşı, vergidən yayınan milyonları dövlət xəzinəsinə daxil etdirsin.

Fikirləşirəm ki, belə bir addım, bizim indiki ağır iqtisadi vəziyyətimizdə (neftin ucuzlaşması), ölkə və onun Rəhbəri üçün bir növ tövhə ola bilər".
Qabil Məmmədov,
general-mayor
Miq.Az
Geri qayıt