"Səhra çəyirtkələrinin may-iyun aylarında Azərbaycana miqrasiyası baş verə bilər" - Rəsmi

"Səhra çəyirtkələrinin may-iyun aylarında Azərbaycana miqrasiyası baş verə bilər"  - Rəsmi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) son günlər sosial şəbəkələrdə “çəyirtkə işğalı” və bunun respublikamızın kənd təsərrüfatına mənfi təsir edəcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

Agentlikdən verilən məlumata görə, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) rəsmi məlumatına görə 2020-ci ilin əvvəllərindən əlverişli iqlim şəraiti səhra çəyirtkəsinin Şərqi Afrika, Cənub-Qərbi Asiya və Qırmızı dəniz ətrafı ərazilərdə intensiv çoxalmasına səbəb olub:

"Efiopiya, Somali və Keniya ilə yanaşı, səhra çəyirtkələri artıq İran və Pakistan ərazisinə də yayılıb. Sürətli çoxalma qabiliyyətinə malik olan bu zərərvericinin 3 ay sonra sayı 20 dəfə, 6 ay sonra 400 dəfə, 9 ay sonra isə 800 dəfə arta bilir. Yarım-quraq və quraq yerlərə üstünlük verən səhra çəyirtkəsi yumurtalarını rütubətli qumsal torpaqlara qoyur. Eyni zamanda, gün ərzində külək istiqamətində 150 km-ə qədər uça bilir.

İl ərzində 2-5 nəsil verə bilən bu zərərverici müxtəlif otlarla, ağaclarla qidalanaraq onların yarpaqlarını, gövdələrini, çiçək və meyvələrini yeyir. Hər fərd orta hesabla gün ərzində öz çəkisi qədər qidalanır. Səhra çəyirtkəsinin inkişafı üçün optimal temperatur 24-32ͦC hesab olunur.

Nəzərə alsaq ki, çəyirtkələrin bədən temperaturu havanın temperaturundan çox asılıdır, indiki şəraitdə səhra çəyirtkəsinin Azərbaycan ərazisinə miqrasiyaetmə ehtimalı yoxdur. Sözügedən zərərvericilər şaxtaya davamlı olmadığından Azərbaycan şəraitində qışlaya bilmir. Bu səbəbdən də respublika ərazisində daimi məskunlaşma imkanları yoxdur. Lakin may-iyun ayları ərzində miqrasiya baş verə bilər.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Xidmətlər Agentliyi tərəfindən gələcəkdə səhra çəyirtkəsinin ölkəmizə hər hansı bir miqrasiya ehtimalları nəzərə alınaraq müvafiq mübarizə tədbirlərinin aparılması üçün hazırlıq işləri həyata keçirib".
Geri qayıt