"Əgər DSK əhalinin siyahıya alınması prosesini düzgün aparsaydı…” – Ekspertdən ittihamlar

"Əgər DSK əhalinin siyahıya alınması prosesini düzgün aparsaydı…” – Ekspertdən ittihamlar “Ötən ilin oktyabrın 1-dən 10-na qədər əhalinin siyahıya alınması prosesi həyata keçirildi. Bununla əlaqədar olaraq, “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında” Azərbaycan Prezidentinin fərmanı 7 sentyabr 2016-cı ildə imzalanmışdı. Deməli, siyahıya almağa hazırlıq üçün hökumətə 3 ildən çox zaman ayrılmışdı”.

AzToday.az xəbər verir ki, bu barədə tanınmış iqtisadçı Qubad İbadoğlu bildirib.

İqtisadçı xatırladır ki, 10 ildən bir həyata keçirilən bu vacib iş üçün 2019-cu ilin dövlət büdcəsindən 23,2 mln. manat vəsait ayrılmışdı.

Onun sözlərinə görə, hər nəfərə 2 manat 30 qəpik və ya orta hesabla hər ailəyə 9 manat 20 qəpik pul xərclənib: “Bu vəsait Dövlət Statistika Komitəsinə (DSK) ayrılmışdı. Amma bizim apardığımız monitorinqlər və müsahibələr göstərdi ki, DSK əhalinin çox hissəsi saymadı. Belə olan halda da hər bir ailənin qeydiyyata alınmaması büdcədən ayrılan həmin vəsaitlərin təyinatı üzrə xərclənməsində şübhələr yaratdı və hökümət də onun üzərindən sükutla keçdi”.

Q. İbadoğlu hesab edir ki, əslində ümumi siyahıya almanın düzgün təşkili bu günkü böhran dövründə hökümətin qarşılaşdığı bir çox sualların cavablandırılmasına kömək edirdi.

Bu sualların nədən ibarət olduğuna gəlincə iqtisadçı onları belə sıralayıb:

1. Ölkədə nə qədər əhali vardır? Əgər prezident bu sualı DSK sədri Tahir Budaqlıya və MSK sədri Məzahir Pənahova versə, hər birindən fərqli cavab alacaq.

2. Əhalinin hansı hissəsi yoxsuldur? Onların gəlirləri və xərcləri nə qədərdir? Bu sualı da prezident DSK sədri Tahir Budaqlıya və Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) naziri Sahil Babayevə versə, onların da hər birindən fərqli cavab alacaq.

3. Ölkədə işsizlərin sayı nə qədərdir? Bu suala da düzgün cavab verən məmur yoxdur.

Bilirsiniz niyə? Çünki, DSK siyahıya alınma prosesinə ayrılan pulları mənimsədi, sorğu anketində ev təsərrüfatlarının vəziyyəti ilə bağlı suallara hər ailədən cavab almadılar. Alsaydılar, indi ƏƏSM naziri kompyuterin bir düyməsini basmaqla görə bilərdi ki, ölkədə nə qədər yoxsul, işsiz var, onlar hansı ünvanlarda yaşayırlar. Bununla da dövlətin işsizə də, yoxsula da yardım siyasətini də daha tez və ünvanlı həyata keçirmək olardı.

Baxın, vəziyyət belədir. Korrupsiya və yarıtmaz idarəçilik imkan vermir ki, vaxtında lazım olan işlər həyata keçirilsin, statistika, uçot, qeydiyyat düzgün olsun, on-ine müraciət, internet xidmətlər işləsin. Ona görə də bu gün ölkə bərbad vəziyyətdədir, hətta bu qədər maliyyə imkanları ilə də qonşulardan belə geri qalırıq və Azərbaycan vətəndaşı da, biznesi də bölgədə ən az müdafiə olunur”.
Geri qayıt