"Nə oldu, AZAL-ın Naxçıvana göndərməyə təyyarəsi yoxdur?" - NARAZILIQ...

"Nə oldu, AZAL-ın Naxçıvana göndərməyə təyyarəsi yoxdur?" - NARAZILIQ... Türkiyədən Naxçıvana gətirilmiş tələbələr saxlanma şəraitindən narazılıq edirlər. DİA.AZ bildirir ki, tələbələrin verdiyi məlumata görə, Türkiyədən gələn 150 nəfər Duzdağı sanatoriyasında və Fövqəladə Hallar Nazirliyinin kazarmasında eyni zala yerləşdirilib. Sanatoriyanın işığı və istiliyi yoxdur.

“Heç kimdən analiz götürülməyib. Maskadan başqa heç nə ilə təmin olunmamışıq. Günorta və axşam dönər verilir. Narazılıq edən tələbələrdən ikisini polis aparıb, xəbərdarlıq edib”, - sanatoriyada saxlanılan tələbə deyib.

Tələbələrdən birinin atası isə deyib ki, oğlu ilə əlaqə yaratmağa imkan verilmir: “Oğlum Duzdağı sanatoriyasında saxlanılır. Tələbə yoldaşları da yanındadır. Telefonları bağlıdır, internet yoxdur. Yalnız bir dəfə danışıb öyrəndik ki, hamısını bir yerdə saxlayıblar. Heç bir analiz götürülməyib, sadəcə avtobusa mindirəndə qızdırmaları ölçülüb. Belə fikirləşirəm ki, orada heç analiz götürməyə yer də yoxdur. Hər yerə müraciət etmişik. İki gündür aldadır, deyirlər, təyyarə göndərəcəklər, amma göndərilmir. Nə oldu, AZAL-ın Naxçıvana göndərməyə təyyarəsi yoxdur?”
Geri qayıt