Mehriban Əliyevanın müdaxiləsindən sonra biznesmenin qızının uşağı özünə qaytarılıb

Mehriban Əliyevanın müdaxiləsindən sonra biznesmenin qızının uşağı özünə qaytarılıb Bu barədə Samirə Bəşirova məlumat verib...
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin keçmiş sədri Çingiz Bəşirovun gəlini Samirə Bəşirovaya qızı üç yaşlı Miray geri qaytarılıb. Bu, martın 11-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra baş verib.

Xatırladaq ki, o, hazırda əri Tamerlan Bəşirovla boşanma prosesindədir. Bu zəmində azərbaycan əsilli rusiyalı oliqarx Səxavət Baxşıyev və istefada olan hakim Çingiz Bəşirovun ailələri arasında münaqişə baş verib, nəticədə üç yaşlı qız qanunsuz olaraq anasından alınıb.

Martın 5-də polis S.Baxşıyevin evinə girərək Mirayı ananın əlindən alıb və atası T.Bəşirova təhvil verib. Hüquq mühafizəçiləri Ç.Bəşirovun göstərişini yerinə yetiriblər.

Analıq hüquqlarının pozulması ilə əlaqədar qadın bütün hüquq-mühafizə orqanlarına şikayət edib. O, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də kömək istəyib. S.Bəşirovanın sözlərinə görə qurumdan bildirilib ki, onun “boşanma və uşağın ananın qəyyumluğuna verilməsi” ilə bağlı iddiasına baxıldığı Nəsimi Rayon Məhkəməsinə müraciət göndərilib.

Məhkəmə-Hüquq Şurasından isə S.Bəşirovanın məhkəmədə baxılan iddiası əsas gətirilərək, bu münaqişəyə müdaxilə etmək niyyətində olmadıqları deyilib. Ç.Bəşirovun hərəkətlərinə gəldikdə isə hüquq mühafizə orqanlarına müraciət etmək tövsiyə olunub.

Martın 7-də S.Bəşirova Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olub. O bildirib ki, bu məsələnin həlli polisin səlahiyyətində deyil.

Nəhayət, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın müdaxiləsindən sonra məsələ ananın xeyrinə həll olunub.

Bununla əlaqədar S.Bəşirova “Instagram” səhifəsində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya göstərdiyi köməyə görə təşəkkürünü bildirib.

S.Bəşirovanın sözlərinə görə, hazırda prokurorluqda polis əməkdaşlarının qanunsuz hərəkətləri araşdırılır.
Geri qayıt