Binəqədidə binaların həyətində obyekt tikilir – ETİRAZ+VİDEO/FOTOLAR

Binəqədidə binaların həyətində obyekt tikilir – ETİRAZ+VİDEO/FOTOLAR Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 32, 196-cı binanın sakinləri etiraz edirlər. Səbəb isə binanın həyətində olan kiçik torpaq sahəsində obyekt tikintisinin aparılmasıdır.

AFN-ə müraciət edən sakinlər bildirirlər ki, bina ilə 193 saylı uşaq bağçasının arasında yerləşən ərazi hasarlanıb və orada olan ağaclar kəsilib: “Ərazidə qoyulan layihədə göstərilir ki, orada 2 mərtəbəli məişət xidməti obyekti inşa ediləcək, amma deyilənə görə hündürmərtəbəli bina tikiləcək. Hər bir halda o kiçik ərazinin zəbt edilməsi yolverilməzdir. Bizim binanın qarşısında boş yer, ağaclıq çox idi, gəldilər kəsdilər-tökdülər iki yeni bina tikdilər. Bir parça yer qalmışdı indi də oranı qazıb tökürlər. O biri binaları tikəndə də deyirdilər ki, ikimərtəbəli obyekt tikilir, amma sonra bina tikdilər”.
Qeyd edək ki, bina sakinləri redaksiyamıza hadisə yerinin foto və videolarını da çəkib göndəriblər. Görüntülərdən aydın olur ki, ərazidə texnika yerləşdirilib və iş artıq başlayıb.
Binəqədi Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, həmin ərazidə tikinti aparılması haqda məlumatlıdırlar: “Həmin ünvanda yerləşən torpaq sahəsində tikilməsi planlaşdırılan tikili qeyri-yaşayış sahəsi olduğundan, razılıq İcra Hakimiyyəti tərəfindən deyil, qanunvericiliyə uyğun olaraq aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilir. Tərəfimizdən aparılmış araşdırma zamanı vətəndaşın tikinti ilə bağlı aidiyyəti qurumlar tərəfindən icazə sənədi aldığı məlum olub. Eyni zamanda ağacların yerlərinin dəyişdirilməsi vətəndaşla Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən razılaşdırılıb”.
Dövlət Arxitektura Komitəsinin mətbuat xidmətindən həmin tikiliyə icazənin bu il fevralın 4-də verildiyi verildiyi bildirildi.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirildi ki, bu məsələ əvvəllər də gündəmə gəlib və araşdırma aparılıb. Məlum olub ki, həmin ünvanda ağacların kəsilməsi yox, köçürülməsi olub: “Sözügedən ərazidə qeyri-yaşayış binasının tikintisi məqsədilə tikinti altına düşən müxtəlif cinsli 7 ağacın köçürülməsinə Dövlət Ekspertiza İdarəsi tərəfindən rəy verilib və ağaclar “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC –nin mütəxəssisləri tərəfindən budanaraq 2 saylı Yaşıllaşdırma İdarəsinin ərazisinə köçürülüb”.

Binəqədidə binaların həyətində obyekt tikilir – ETİRAZ+VİDEO/FOTOLAR








Geri qayıt