Əfv martda, yoxsa mayda olacaq?

Əfv martda, yoxsa mayda olacaq? Ötən illərdə Novruz bayramı ərəfəsində ölkə prezidenti tərəfindən əfv sərəncamları imzalanıb. Bu il də bayramqabağı əfv olub-olmayacağı çoxlarını düşündürür. Hələlik bununla bağlı proqnozlar nikbin deyil.

Çünki Əfv Komissiyasının iclasları keçirilmir. Hətta komissiyanın rəhbəri postu da boş olaraq qalır.

O yerə nə zaman təyinat olacağı məlum deyil. Novruza qısa zaman qaldığını düşünsək, sərəncamın verilməyəcəyi daha real görünür.

Əfv Komissiyasının üzvü Rəşad Məcid də ümidsizdir: “Komissiyanın iclasları hələ başlamayıb. Novruz bayramına əfvin verilməsi çatmır. Çünki əfvin verilməsi, eləcə də komissiyanın iclaslarının başlaması üçün Əfv Komissiyasının sədri təyin olunmalıdır. Komissiyanın sədri Prezident Administrasiyasının rəhbəri olur. Son dəyişiklikdən sonra prezident müvafiq sərəncam imzalamalıdır. Təyinat olandan sonra hər halda, komissiya fəaliyyətinə başlayacaq. Minimum 10-15 iclasdan sonra sənədlər toplanır. İclasların Novruzdan sonra başlayacağını ehtimal etmək olar. Bütün bunları düşünərək, sərəncamın mayda verilə biləcəyini düşünmək olar”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı: “Sonuncu dəfə ötən ilin martında əfv oldu. Əfvetmə səlahiyyəti birbaşa ölkə başçısına aiddir. Əfv Komissiyasının tərkibinə yenidən baxılmalı, komissiya formalaşdırılmalıdır. Düşünürəm ki, o qədər də çətin prosedur deyil. Komissiyaya siyahılar, təkliflər çoxdan göndərilib. Komissiyanın toplanması elə də çətin deyil. Səlahiyyətim çərçivəsində olmadığı üçün əfv sərəncamının nə zaman veriləcəyi barədə nəsə deyə bilmərəm. Amma düşünürəm ki, ölkədə gedən islahatlarla əlaqədar, siyasi məhbus siyahılarındakı şəxslərin sayını azaltmaq üçün əfv olacaq. İstərdim ki, bu gözləntilər özünü doğrultsun. Siyasi məhbusların hamısının azadlığa buraxılması çox müsbət olardı. Günahsız yerə həbs edilənlər də az deyil. Onların hər birinin azad olunması bizi çox sevindirərdi”.
“Yeni Müsavat”
Geri qayıt