"Koroğlu” metrosunun ətrafında qanunsuz parklama - BNA sədri bunlara niyə göz yumur?

"Koroğlu” metrosunun ətrafında qanunsuz parklama - BNA sədri bunlara niyə göz yumur? Bakı Nəqliyyat Agentliyi"nin əməkdaşlarının yarıtmaz fəaliyyəti barədə narazı vətəndaşlar tərəfindən "Leqal.info"ya məlumat daxil olub.

Bakı Nəqliyyat Agentliyinin fəaliyyəti, o cümlədən paytaxtın bir neçə ərazisində yaşanan xoşagəlməz mənzərə və bu problemə əlac tapılmaması, eyni zamanda BNA əməkdaşlarının ancaq foto çəkmələrinə ötən yazımızda toxunmuşdum. Həmin yazı böyük əks-səda verdi. Sosial şəbəkələrdə ciddi müzakirəyə çevrildi. Çünki o yazıda Bakı Nəqliyyat Agentliyinin sədri Vüsal Kərimlinin istefa mədəniyyəti nümayiş etdirməsi xahiş edilirdi. Təəssüflər olsun ki, həmin yazı sosial şəbəkələrdə yayılandan sonra bəzi trollar müəllifə qarşı əks hücuma keçdilər. Təbii ki, belə şəxslərin BNA-nı hər vəchlə müdafiə etməsi, sanki ölkədə bir işləyən qurum varsa, onun BNA olması təsəvvürü yaratmağa cəhdi reallığı təkzib edə bilməz. Reallıq isə odur ki, BNA əməkdaşlarının sürücülərin şəklini çəkməklə nəyəsə nail olması mümkünsüzdür. Düşünmürük ki, BNA-da yüksək təcrübəyə malik, işinin peşəkarı olan mütəxəssislər yoxdur. Əlbəttə var. Sadəcə olaraq Vüsal Kərimlinin işçilərinin əlinə fotoaparatlar verərək küçələrdə qanuni, yaxud qanunsuz olaraq nəqliyyat vasitələrinin fotolarını çəkmələri problemi həll edən deyil. Problem isə yetərincədir və bu yazıda da bir neçəsinə toxunacağıq.

Metronun “Koroğlu”stansiyasının ətrafında hələ də xaos hökm sürür. “Koroğlu Mübadilə Mərkəzi” yaradılandan sonra üzə şəhər istiqamətində yol kənarında avtomobillərin dayanmaması üçün BNA tərəfindən metro ətrafına dirəklər basdırıldı. BNA əməkdaşların sayı artırıldı ki, yaxınını metroya düşürən sürücülərin fotoları çəkilsin və hərəsi 20 manatdan cərimə olunsunlar. Sürücülər də məcbur qalıb alternativ yollara üz tutdular. Amma taksi fəaliyyəti ilə məşğul olanlar üçün, həmçinin yaxınını metroya düşürmək istəyənlər üçün ayrıca zolaq da yaradılıb. Həmin zolaqlarda isə sərnişini düşürüb-mindirmək üçün 1 dəqiqəlik zaman ayrılıb. Hətta zolaqlara girişdə də həmin elan vurulub. Amma di gəl ki, bu zolaqları zəbt edən sürücülər yenə də var. Bəli, sürücülər çörəkpuluna çıxıblar. Dolanışığını bu yolla həll edənlər aralarında var. Di gəl ki, BNA-nın əlifotoaparatlı əməkdaşları belə sürücülərə göz yumur. Təbii ki, bu, sürücülərin qeydinə qalmaqla bağlı deyil. Verilən məlumata görə, belə sürücülər BNA əməkdaşları ilə anlaşmağın yolunu tapıblar və buna görə də rahat şəkildə müştərilərini gözləyirlər. Amma onların zolaqları zəbt etməsi digər sürücüləri tıxacda qoyur. Məqalənin sonundakı videoda belə sürücülər əks olunub.

BNA-nın yarıtmazlığı Bakı kəndlərinə işləyən avtobusların nizamsız hərəkəti, axşam saatlarında yoxa çıxmaları ilə də özünü göstərir. Axşamlar saat 9-10-dan sonra kəndlərə, qəsəbələrə işləyən avtobuslar qeybə çəkilir. Bu zaman evlərinə tələsən vətəndaşlar məcburiyyətdən taksilərə üz tuturlar. Əslində isə, BNA öz fəaliyyətini normal qursaydı, həmin vətəndaşlara lazımi xidmət göstərilərdi. Dəfələrlə bu mövzu müzakirə olunanda BNA rəsmiləri yeni avtobusların gətiriləcəyini və bundan sonra problemin həll olunacağını bildiriblər. Amma sakinləri yeni avtobuslar gətirilənə kimi yollarda qoymağa BNA-nın haqqı yoxdur. MMC rəhbərlərindən tələb edib və nəzarət mexanizmini gücləndirərək avtobusların gecə saatlarına kimi işləməsini təmin edə bilərlər. İnandırım ki, əgər avtobuslar vaxtı-vaxtında işləsə, vətəndaşları daşımaq yükünə malik olsa, o zaman insanlar 40 qəpik əvəzinə 1 manat verərək taksilərdən istifadə etməzlər. Bu zamansa, ən azından “Koroğlu” metrosunun ətrafı taksilərdən azad olar və sıxlıq yaşanmaz. Belə olan halda problemin kökünü tapa bilməyərək fərdi nəqliyyat vasitəlinin cibini güdməklə BNA sədri nəyəsə nail ola bilməyəcək.

P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq!
Geri qayıt