"“Nail” MTK məni aldatdı..." - GİLEY

"“Nail” MTK məni aldatdı..." - GİLEY "Oğluma görə elə yaşayış yeri seçmək istədim ki, rahat hərəkət edə bilsin. Ancaq “Nail” MTK məni aldatdı. Evin pulunu qəpiyinəcən ödədim, tikinti başa çatandan sonra baxdım ki, əlillər nəzərə alınmayıb, binada pandus yoxdur. Halbuki müqavilədə binada pandusların qurulması da öhdəlik kimi qeyd olunmuşdu”.

DİA.AZ bildirir ki, 34 yaşlı İsa mühəndis işləyib. Tikintidə iş vaxtı yıxılaraq sağlamlığını ömürlük itirib, 1-ci qrup əlildir. İsa kiminsə onu fiziki idarə etməsini istəmir. Özü əlil arabasıyla sərbəst hərəkət etmək istəyir. Elə buna görə də anası Sahilə Məmmədova bir neçə il əvvəl yaşadıqları köhnə binanın axırıncı mərtəbəsindəki mənzili sataraq, o vaxt hələ tikilməkdə olan binadan mənzil alıb. Ancaq tikinti başa çatanda və mənzildə təmir işlərinə başlayanda peşman olub.

“İki ilə yaxın panduslu bina axtardıq, tapa bilmədik. Nəhayət, gəlib Nizami rayonu ərazisindən bu binanı tapdıq, hələ tikinti gedirdi. 5 ildir evə köçmüşük, 5 ildir şirkətdən tələb edirəm ki, müqaviləylə üzərinə götürdüyü öhdəliyə əməl etsin, binada pandus sistemini qursun. Söhbət tək mənim oğlumdan getmir, binada başqa əlillər də ola bilər. Əgər sən insanların yaşayışı üçün yer tikirsənsə, mütləq əlilliyi olanı, xəstəni nəzərə almalısan. Üstəlik də, bunu müqaviləylə öhdəlik olaraq üzərinə götürmüsən. Oğlum 8 ildir ki, əlil arabasındadır. Təkəm, onu çölə çıxartmaq imkanım yoxdur. Yuxarı mərtəbədəki evimi satıb, borca-xərcə girib gəlib ikinci mərtəbədə ev aldım ki, oğlumu havaya çıxara bilim, adam arasında olsun. Ancaq evimizin yerini dəyişmək heç nəyi dəyişmədi. Köhnə evdə 3 il qapalı qaldı, indi də 5 ildir təzə evdə qapalı qalıb. 34 yaşlı oğlum hava istəyir, günəş istəyir, cəmiyyət arasına çıxmaq istəyir”, - Sahilə Məmmədova deyir.

Sahilə xanım hələ təmirə başlamazdan əvvəl şirkətə narazılığını bildirib. Şirkətdən isə deyilib ki, pandus quraşdırılması “yaddan çıxıb” və vəd olunub ki, bu iş tezliklə həllini tapacaq. Təmir başa çatandan, Sahilə xanım mənzilə köçəndən və 1 il gözləyəndən sonra növbəti dəfə şirkətə müraciət edəndə bildirilib ki, pandus quraşdırılması üçün gecdir.

“Dedilər, xoşun gəlmirsə, mənzili satışa çıxaraq, satılsın, ödədiyin pulu özünə qaytaraq. O evə xeyli təmir xərcim çıxıb. Həyasızlığa baxın ki, mən bunlardan pandus quraşdırmalarını tələb edirəm, bunlar deyir, gəl, evini sataq. Nəyə görə evimi satışa çıxarmalıdılar, mən hələ neçə il gözləməliyəm ki, evim satılsın, üstəlik, bu, mənə də, əlil oğluma da növbəti köç stresi yaşatmaqdır”, - şikayətçi bildirir.
Geri qayıt