Konstitusiya Məhkəməsinin nəticə ləğv etmək hüququ var? - GƏLİŞMƏ

Konstitusiya Məhkəməsinin nəticə ləğv etmək hüququ var? - GƏLİŞMƏ Mərkəzi Seçki Komissiyası 9 fevralda keçirilmiş parlament seçkilərindən ayrı-ayrı namizədlərin şikayətlərinə dünən də baxıb və müraciətlərə baxılma mərhələsini yekunlaşdırıb. MSK iclasda parlament seçkilərinin ümumi yekunlarına dair protokolları təsdiqləyib. Təsdiqdən sonra 24 saat müddətində sənədlər Konstitusiya Məhkəməsinə təqdim edilməlidir.

Qeyd edək ki, 9 fevralda keçirilən parlament seçkilərində pozuntularla bağlı şikayətlərin uyğun dairə seçki komissiyalarına verilməsi üçün müddət fevralın 12-də saat 18.00-da başa çatıb. Mərkəzi Seçki Komissiyası tərəfindən Seçki Məcəlləsinə uyğun olaraq müəyyənləşdirilən təqvim planına əsasən DSK müraciətə 3 gün ərzində baxaraq qərar verməlidir. Fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar bu müddət fevralın 15-də başa çatıb. Əgər müvafiq DSK-nın seçki məntəqələrində baş verən hadisələr, qanun pozuntuları ilə bağlı qərarı seçki subyektlərini qane etmirsə, yaxud DSK-nın hərəkətindən, hərəkətsizliyindən, qərarından qərarı aldığı vaxtdan 3 gün ərzində Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmək hüquqları var. Milli Məclisə seçkilərlə əlaqədar bu müddət fevralın 18-də başa çatıb. Qanunun tələbinə görə, Mərkəzi Seçki Komissiyası seçkidən sonra uzağı 20 gün ərzində Milli Məclisə seçkiyə yekun vurub sənədləri Konstitusiya Məhkəməsinə göndərməlidir. Yekun protokol və digər sənədlər Konstitusiya Məhkəməsinə daxil olduqdan sonra qanuna görə, Konstitusiya Məhkəməsi 10 gün müddətində müvafiq mütəxəssisləri cəlb etməklə həmin sənədlərin bu Seçki Məcəlləsinə uyğunluğunu yoxlamalıdır. Yoxlama prosesi vaxt tələb etsə, Konstitusiya Məhkəməsi öz qərarı ilə bu müddəti artırmaq hüququna malikdir. Dairə seçki komissiyalarının protokolları Seçki Məcəlləsinin tələblərinə cavab verdikdə Konstitusiya Məhkəməsi seçkilərin yekunlarını təsdiq edir. Konstitusiya Məhkəməsinin bu qərarı qətidir.

Qanuna görə, əsaslar yarandığı halda Konstitusiya Məhkəməsinin konkret dairə və dairələrdə, eləcə də bütün seçki dairələrində seçkinin nəticələrini təsdiq etməmək hüququ var. Odur ki, nəticələri ləğv olunan seçki dairələrinin sayının artması da istisna deyil. Seçkinin MSK mərhələsinin başa çatması prosesin tam olaraq yekunlaşması hesab olunmur. Konstitusiya Məhkəməsi daha ali instansiyadır və seçkilərə ən sonda bu qurumun qərarı nöqtə qoyur.

Qeyd edək ki, MSK parlament seçkiləri ilə əlaqədar dörd seçki dairəsinin nəticələrini etibarsız sayıb. 60-a yaxın dairədə seçkilərin nəticələri ilə bağlı şikayətlər isə MSK tərəfindən DSK-lara göndərilib.
“Yeni Müsavat”
Geri qayıt