Daha bir müşahidəçi Neftçalada vəfat etdi - Rəsmi

Daha bir müşahidəçi Neftçalada vəfat etdi - Rəsmi Baş Prokurorluq Neftçalada baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb...
Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, fevralın 9-da saat 23 radələrində 61 saylı Neftçala Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Xəqani Abdullayevin vəkili, 1959-cu il təvəllüdlü Mahir Hüseynovun yaşadığı evin qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilib.

Mahir Hüseynovun meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.

İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, Mahir Hüseynov uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, 2016-cı ildə “sol mədəciyin ön divarının ST elevasiyalı miokard infarktı, kəskin mərhələ” diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat edilib.

Həmçinin, araşdırmalarla müəyyən edilib ki, Mahir Hüseynov müşahidəçisi olduğu dairənin rayonun Aşağı Qaramanlı kəndində yerləşən 28 saylı seçki məntəqəsindən seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.

Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırmalar davam etdirilir.
Geri qayıt