"Vəziyyət əvvəlkindən də pis olub" - AAAF park"da rəhbərlik dəyişsə də...

"Vəziyyət əvvəlkindən də pis olub" - AAAF park"da rəhbərlik dəyişsə də... "AAAF park"da rəhbərlik dəyişib, vəziyyət əvvəlkindən də pis olub".
Bunu Yeniavaz.com-a "AAAF Park" yaşayış kompleksinin sakinləri bildirib. Sakinlərin sözlərinə görə, şirkətə yeni rəhbər məşhur jurnalist Turan İbrahimov gətirilib: "Əvvəllər dərdimiz, problemimiz olanda kimə müraciət edəcəyimizi bilirdik. İndi isə tam xaosdur. Şirkət sanki yiyəsizdir. Əvvəlcə dedilər bundan sonra problemlərinizlə bağlı Anar adlı şəxslə danışın. Sonra o da getdi. O da gedəndə dedi ki, bundan sonra Turan İbrahimovla danışın yeni rəhbər odur".
Sakinlər bildirirlər ki, 2 gün bundan əvvəl kompleksin bir neçə binasının elektrik enerjisi kəsilib. "Azərişıq"a müraciət etdikdə deyilib ki, bu "AAAF Park"ın daxili məsələsidir. Bir sakin T.İbrahimovla əlaqə saxlayıb: "Turan İbrahimovun nömrəsini tapıb, ona zəng etdik. T.İbrahimov təkzib etdi, dedi mən rəhbər zad deyiləm. Amma daha sonra dedi ki, "AAAF Park"a ayrılan diqqət heç yerə ayrılmır, bütün problemlər dövlət qurumlarının və siz sakinlərinin ucbatından yaranıb. Dedi ki, "Mən rəhbər deyiləm. Bu yalandır. Əvvəl bu şirkətdə kimlərsə olub, gözükölgəli, fırıldaqçılar. Sakinlər hay-küy salan kimi narahat olurdular. Belə iş getməz. Hava ilə əlaqədardır. Aidiyyatı qurumlar baxır, iş gedir, düzəldirlər. Siz dövlət qurumlarındakı insanların necə işlədiyini bilmirsiniz?! Tülkü tülküyə, tülkü də quyruğuna. "AAAF park"ın sakinlərinin necə hazıra nazir olduğunu bilmirsiniz? Sayğac pulu zülümlə yığılır, kommunal zülümlə yığılır. "AAAF Park"a ayrılan diqqət heç yerə ayrılmır. "AAAF park"da olan bütün problemlər birbaşa yerli İcra Hakimiyyəti orqanları və dövlətin qurum və strukturlarının yaratdığı problemlərdir". Biz Turana dedikdə ki, yaxşı sən rəhbər deyilsənsə kimdir rəhbər? Dərdimizi kimə deyək? Cavab verdi ki, "mən rəhbər deyiləm, amma lap tutaq ki, mən yox, başqası yox, sənsən rəhbər. Külək dirəyi aşırdıbsa nə edə bilərsən?" Maraqlıdır ki, rəhbər olmadığını söyləsə də, "AAAF Park"ı müdafiə edir, günahı elə bizim özümüzdə olduğunu deyirdi".
Sakinlərin sözlərinə görə, binaların qazlaşdırılması və kupça verilişi dalana dirənib: "Qazlaşma, kupçaların verilişi dayanıb. Nə olacağı bəlli deyil. Heç kim bir söz demir. Əslində söz soruşacaq adam yoxdur. Lələ köçüb yurdu qalıb".
Məsələ ilə bağlı Yeniavaz.com olaraq "AAAF Park”ın mətbuat katibi Kənan Məstəliyevlə əlaqə saxladıq. K.Məstəliyev "AAAF Park"ın rəhbərliyinin dəyişdiyini təsdiqlədi, amma o şəxsin Turan İbrahimov olmadığını dedi: "AAAF Park"ın yeni rəhbəri Fazil Gülüşovdur. Turan İbrahimov rəhbər şəxs deyil. T.İbrahimovun bizim yeni menecment rəhbərliyi ilə yaxşı münasibətləri var. Bundan əlavə "Zirvə" idman klubunun fərqli tədbirlərində PR mütəxəssisi kimi dəstək olur, məsləhətlər verir". K.Məstəliyev bildirdi ki, şirkətdə hər şey əvvəlki kimi davam edir: "Həm qazlaşma, həm digər məsələlərdə işlər qaydasında davam edir".
Xatırladaq ki, bundan əvvəl "AAAF Park"ın "Paşa Holdinq"ə və bir başqa şirkətə keçdiyinə dair xəbərlər yayılmışdı. Şirkətin keçmiş əməkdaşlarından biri Yeniavaz.com-a şirkətin prezidenti Tofiq Heydərovun Turan İbrahimovu şirkət işçilərinə yeni rəhbəri kimi təqdim etdiyini bildirdi. Onun sözlərinə görə rəsmi sənədlərdə rəhbər fərqli şəxs olsa da, faktiki işin başında Turan İbrahimovdur.
Geri qayıt