Sabiq Daxili İşlər naziri ağır durumda - “Ümidlərim çox azdır”

Sabiq Daxili İşlər naziri ağır durumda - “Ümidlərim çox azdır” Sabiq daxili işlər naziri İsgəndər Həmidovun səhhəti yenidən pisləşib...
Bu barədə tibb elmləri doktoru, professor Adil Qeybulla öz facebook profilində status paylaşıb.

O bildirib ki, yanvarın 24-də, təxminən saat 17.00-da bayır gəzintisi zamanı İsgəndər bəyin halı qəflətən pisləşib, huşunu itirib yıxılıb: “Yanındakı qohumu Kamran Şərifov mənə dərhal zəng vurub bu barədə bildirdi, qərarlaşdıq ki, onu tez xəstəxanaya çatdırsın. 20 dəqiqə müddətində İsgəndər bəyi ”City Hospital"a çatdırdılar. Kamran bəy mənə bildirdi ki, huşu gedəndən təxminən 5-7 dəqiqə sonra özünə gəldi və qusmağa başladı, sonra yenidən huşsuz vəziyyətə düşdü. Xatırladım ki, daxil olmazdan 5 gün öncə ciddi soyuqdəymə (kəskin respirator xəstəlik) diaqnozu ilə “City Hospital”da 3 gün intensiv müalicə almışdı, vəziyyəti nisbətən yaxşılaşmışdı.

Klinikaya daxil olarkən huşsuz vəziyyətdə idi, dəri və selik qişaları kəskin azalmışdı, əl-ayaqları soyuq idi, qıcıqlara reaksiyası zəif idi, tənəffüsü səthi, xırıltılı idi. Dərhal reanimasiya tədbirlərinə başladıq".

A.Qeybulla bildirib ki, vəziyyəti stabilləşdirmək və saturasiyanı təmin etmək üçün xəstə süni tənəffüsə (ağ ciyərlərin süni ventilyasıyasına) keçirilib: “İlkin olaraq xəstəyə ”Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik - Septik şok" diaqnozu qoyuldu. Sonrakı müayinə və müalicə tədbirləri üçün bir neçə saatdan sonra xəstənin Mərkəzi Klinik Xəstəxanaya (MKX) köçürülməsi qərara alındı. Aparılan sonrakı müayinələr nəticəsində xəstədə beyində qanama, işemik insult, ikitərəfli virus pnevmoniyası, kreatinin yüksəlməsi müəyyən edildi. Son klinik diaqnoz: “Aorto-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Beyin qan dövranının pozulması. İkitərəfli pnevmoniya ilə ağırlaşmış kəskin respirator xəstəlik - Septik şok. Baş beynin sağ hissəsində arxa birləşdirici arteriyada 6x4.5 mm ölçülərdə kisəvarı anevrizma. Anevrizmanın (subaraxnoid) qanaması. Sağ beyin yarımkürəsində gickah-alın-təpə nahiyələrində geniş yarımkəskin işemik insult sahələri. Xroniki böyrək çatışmazlığı”.

Professorun sözlərinə görə, hazırda İsgəndər Həmidov komadadır, vəziyyəti çox ağırdır, süni ventilyasiya aparatına qoşulub.

Keçmiş nazirin son durumunu öyrənmək üçün A.Qeybulla ilə əlaqə saxladıq. O, İ.Həmidovun vəziyyətinin olduqca ağır olduğunu söylədi: “Təəssüf ki, durumu çox ağırdır. Koma vəziyyətinin neçə gün davam edəcəyini söyləmək mümkün deyil. Uzun müddət davam etməsi də mümkündür. Hazırda əsas sual onun komadan çıxa bilib-bilməyəcəyi yönündədir. Açığı, ümidlərim çox azdır. 10 gün ərzində İsgəndər bəy barədə məlumatın verilməməsinə gəlincə, deyə bilərəm ki, o, hazırda Mərkəzi Klinikadadır. Həkimlər bundan sonra məlumat verəcəklər. Məsələ fevralın 3-də ictimailəşdi. Kim nə soruşsa, məlumat verəcəyik”.

Həkim dövlət tərəfindən hər hansı bir dəstəyin verilib-verilməyəcəyinə də toxundu: “Dövlətin əvəzindən danışa bilmərəm. Amma düşünürəm ki, bir sabiq nazir kimi, hər halda, müvafiq strukturlar buna biganə qalmamalıdırlar. Onu da deyim ki, İsgəndər bəyin artıq xaricə aparılması mümkün deyil. Yəqin ki, dövlətin müvafiq strukturları məsələdən xəbərdardırlar. Necə reaksiya verəcəklər, bu onların öz qərarlarıdır”.

Sabiq nazirin qardaşı oğlu, etatist.com internet qəzetinin təsisçisi Şəhriyar Məcidzadə: “Hazırda komadadır. Başqa elə bir əlavəm yoxdur. Hər şey Adil bəyin yazdığı kimidir. Fevralın 3-də xəstəxanada olmuşam. Onunla bağlı heç kim heç nə bilmədiyi üçün məsələ gündəmə gec çıxıb”.

Musavat.com
Geri qayıt