Abutalıbovun bu sərəncamı ləğv edilə bilər - BƏLA oldu

Abutalıbovun bu sərəncamı ləğv edilə bilər - BƏLA oldu Xətai rayonu Gəncə prospekti 2942A ünvanında, “Şəms” şadlıq evinin arxasında prospektə çıxışı olmayan, bir neçə binanın yerləşdiyi məkanda yeganə kiçik açıq sahə olan ərazinin tikinti aparılması üçün hasara alınması sakinlərin haqlı narahatlığına səbəb olub. Sözügedən ünvanda binaların bir-birinə sıx inşa edilməsi, ərazidə avtomobil park etmək və uşaqların oynaması üçün yerin qalmamasından sakinlər şikayətçidir.

Tikinti üçün nəzərdə tutulan sahə 269 saylı məktəbin qarşısında yerləşir. Sakinlər bildirirlər ki, sözügedən bina inşa ediləcəyi təqdirdə məktəbə düşən günəş şüalarının qarşısını alacaq, məktəb və şagirdlər üçün problem yaradacaq.

Onlar hasarlanması üçün dəmir dirəklər basdırılan ərazidə işlərin dayandırılmasını, sahibkara alternativ təklif verməklə, bu ərazinin geri alınmasını və burda park salınmasını istəyirlər.

Mövzu ilə bağlı Axar.az-a açıqlama verən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz İdrisoğlu bildirib ki, hazırda Xətai rayonu Gəncə prospekti 2942A ünvanında tikinti aparılması ilə bağlı şəhərsalma normalarının tələbləri nəzərə alınmaqla layihəyə baxılır:

“Həmin ərazidə yaşayış binasının tikintisinin planlaşdırılması ilə bağlı Komitəyə müraciət olunub. Gəncə prospekti 2942A ünvanında yerləşən torpaq sahəsi 2015-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən yaşayış binasının tikintisinin​ layihələndirilməsi məqsədi ilə sərəncamla vətəndaşın istifadəsinə verilib. Ərazidə yaşayış binasının tikintisi planlaşdırılır. Ancaq hazırda şəhərsalma normalarının tələbləri nəzərə alınmaqla layihəyə baxılır”.

R.İdrisoğlu bildirib ki, layihəyə baxıldıqdan sonra ərazidə tikintinin aparılmasının uyğun olub-olmadığı məlum olacaq:

“Layihəyə baxılması o deməkdir ki, hələ orada tikinti işləri aparılacağı dəqiq deyil. Çünki tikintiyə icazə verilməyə də bilər. Layihə normativlərə uyğun olacaqsa və qanuni tələbləri pozmayacaqsa, o zaman tikilə bilər.

Normativ və qanuni tələblər dedikdə həyətyanı və park ərazisinin olub-olmaması, binalara yaxınlıq məsafəsi, məktəbə düşən günəş şüalarının qarşısını alıb-almaması araşdırılacaq”.

Qeyd edək ki, Xətai Rayon İcra Hakimiyyəti mövzu ilə bağlı sualı cavablandırmaqdan cidd-cəhdlə yayınır.
Geri qayıt