Bakıda “işğal” davam edir - Yeni icra başçısından ŞİKAYƏT

Bakıda “işğal” davam edir - Yeni icra başçısından ŞİKAYƏT Xətai rayonu Gəncə prospekti 2942A ünvanında, "Şəms" şadlıq evinin arxasında prospektə çıxışı olmayan və 269 saylı məktəbin önündə inşa edilməsinə hazırlıq görülən tikinti ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Sakinlər bildiriblər ki, ərazidə 4-5 yaşayış binası olmasına baxmayaraq, heç birinin həyəti yoxdur və indi də ərazidəki yeganə kiçik boş sahədə yeni tikinti işlərinin hazırlığına başlanılıb.
Sakinlər yeni tikilinin ərazidəki sıxlığı dözülməz edəcəyi, maşınların hərəkətini bağlayacağı, məktəbin yolunu kəsəcəyi və yaşamağı imkansız edəcəyini iddia edirlər.
"Hazırda ərazidə olan binaların kiçik həyətlərində maşın saxlamaq mümkün olmur, uşaqların oynaması üçün heç bir şərait də yoxdur. Bu kiçik boş ərazinin digər tərəfində də 6-7 bina artıq tamamlanmaq üzrədir və orda yaşayış başlayandan, sakinlər köçəndən sonra onsuz da yüklü olan ərazi bir az da ağırlaşacaq. Belə bir məqamda prospektə birbaşa çıxışı və həyəti olmayan daha bir binanın bu binaların arasında tikilməsi havasızlıq yaradacaq, sıxlığı dözülməz həddə çatdıracaq", - sakinlər bildirib.
Sakinlər qeyd edib ki, ərazidəki sıxlıq səbəbindən bir müddət öncə baş verən yanğın zamanı FHN-nin yanğınsöndürən maşını həyətə girə bilməyib:
"Yanğın getməsinə baxmayaraq, həyət o qədər kiçikdir və maşınlar elə sıx park olunmuşdu ki, yanğınsöndürən maşın yarım saata yaxın müddətdə yanğın baş verən əraziyə yaxınlaşa bilmədi. İndi daha bir bina tikilərsə və ora sakinlər köçərsə, yanğın, təcili yardım maşınları ümumiyyətlə məhləyə girə bilməyəcək".
Sakinlər qeyd edib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyevanın "Bizim həyət" təşəbbüsü olduqca gözəl layihədir:

"Bu layihə çərçivəsində həyətlərdə yaradılan şərait əvəzedilməzdir və ümid edirdik ki, bu layihə bizim də həyətə çatacaq. Çünki məhəllədəki 4-5 binanın yanında yalnız bir boş ərazi var və yalnız orda kiçik bir bağ salmaq mümkündür. Ancaq indi ora da zəbt olunub".
Sakinlər onu da qeyd ediblər ki, Xətai rayonunda belə kortəbii olaraq ərazilərin satılması, həyətyanı sahələrin və səkilərin zəbt edilməsi sabiq başçı Razim Məmmədovun dövründə olub:

"Prezidentimiz İlham Əliyev buna görə onu işdən uzaqlaşdırdı və yeni icra başçılarını təyin edəndə də bu faktların nəzərə alınmasını xüsusi olaraq tapşırır. Arxitektura və Şəhərsalma İdarəsinə də bu baxımdan Prezidentimiz göstəriş verib. Amma heç bir faydası yoxdur, yeni başçı da bu tapşırıqlardan nəticə çıxardığını göstərmir".
Mövcud durumdan narahat olan sakinlər məsələ ilə bağlı Milli Məclisin V çağırış deputatı Mixail Zabelinə də müraciət etdiklərini deyiblər.

Xətai Rayon İcra Hakimiyyəti şikayətlə əlaqədar saytımızın ünvanladığı sualları cavablandırmayıb və bir neçə gündür münasibət bildirməkdən yayınır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə məsələnin araşdırıldığını bildirib.

Axar.az
Bakıda “işğal” davam edir - Yeni icra başçısından ŞİKAYƏT

Geri qayıt