Bakını saxta və ucuz viskilər cənginə alıb - PROBLEM

Bakını saxta və ucuz viskilər cənginə alıb - PROBLEM Son həftələrdə saxta viskidən zəhərlənmə və ölüm halları bu mövzuya diqqəti artırıb. Ölkəni saxta spirtli içkilər cənginə aldığından insanların həyatına real təhlükə var. Lakin bu istiqamətdə ciddi araşdırmalar aparılması da, müşahidə olunmur. Çünki hələ də ucuz, saxta olub-olmadığı araşdırılmayan spirtli içkilər satışdadır.

Ötən gün baş çəkdiyimiz bir neçə şərab evi və marketlərdə ucuz qiymətə viskilər satılmasının şahidi olduq. Onların saxta olduğunu iddia etmək ekspertizanın və Qida Təhlükəsizliyi Agentliyinin işidir.

Sadəcə, restoranlarda zəhərlənən və ölən şəxslərin məhz ucuz viskidən can verdiyi bildirilir. Odur ki, marketlərdə gördüyümüz ucuz viskiləri almaq tövsiyə olunmur. Məsələn, “Grands” 700 qramı 8 manat, 30 qəpiyə satılır.

Halbuki normal viskilərin qiymətləri 35-60 manat arası, bəziləri daha baha qiymətə satılır.

Mağazalarda isə məşhur brendlər olan “Chivas regal”, “Jack Daniels” kimi viskilərin 10-12 manata satılanlarını görmək olar. Ancaq eyni vitrində həmin markalı viskilər 33 manata, 44 manata və s. yüksək qiymətlərə satılmaqdadır. Satıcılardan öyrənirik ki, həmin ucuz viskilər yerli istehsaldır və şüşədə istehsal ünvanı qeyd olunub.

Maraqlıdır ki, son günlərdə ölənlər də “Chivas regal 12" viskisi qəbul edənlər olub. Satıcılar bizimlə söhbətində qeyd etdilər ki, ucuz viski alıcılarının sayı az deyil, yəni tələbat var: ”Amma demək olmaz axı onlar saxtadır, zəhərlənmə verə bilər. Ola bilsin ki, həmin adamlar dozadan artıq içki qəbul ediblər, başqa içkilərlə qarışdırıblar".

Viskilərdən fərqli olaraq, mağazalarda ucuz qiymətə tekila satıldığını görmədik. Onların ən ucuzu 25-30 manatdır.

Spirtli içkilər hazırlanarkən onların tərkibinə etanol adlı kimyəvi maddə qatılır. Etanol və ya alkoqol rəngsiz, kəskin iyə malik maye olub, el arasında alkoqol kimi tanınır. Alkoqol kefləndirici maddədir.

Saxta spirtli içkilər hazırlanarkən isə onların tərkibinə daha ucuz başa gələn texniki spirt qatılır. Bu da zəhərlənməyə və ağır fəsadlara gətirib çıxarır.

Spirtli içkilərin təhlükəli səviyyədə istifadəsi nəticəsində baş verən xəstəliklər digər bütün xəstəliklərin 4.5%-ni təşkil edir. Spirtli içki alarkan istehlakçılar birinci növbədə şüşə qabı nəzərdən keçirilməli, onun saxlanma və hazırlanma müddətinin dəyişdirilməməsinə diqqət yetirməlidir. Eyni zamanda şüşə butulkanın qapağının çıxıntısız olmasına, etiketində yuxarıda qeyd edilən məlumatların olmasına diqqət yetirilməlidir.

Mağazalarda spirtli içkilərin üstündə saxlama müddəti verilmir. Bu da içkidə metanolun yaranmasına, digər ağır maddələri daha da ağırlaşdırmasına gətirib çıxarır.

Bu gün mağazaların əksəriyyətində spirtli içkilərin saxlanma şəraiti düzgün deyil. Qeyd edək ki, spirtli işkilər beyin hüceyrələrinə və neyronlara təsir edərək, onları fəaliyyətdən saxlayır. Çox hallarda beyindəki nazik damarların partlamasına, qanın laxtalanmasına səbəb olub, qanın normal qaydada dövr etməsinin qarşısını aldığına görə infarktla nəticələnir.

Bəzi hallarda isə beyində əzələlərin yığılmasına, şişlərə və qan təzyiqinin yaranmasına səbəb olur. Bu da bədən üzvlərinin iflic vəziyyətinə düşməsi ilə nəticələnir.

Bundan əlavə, spirtli içkilər müxtəlif xəstəliklərin, o cümlədən əllərdə və ayaqlarda titrəyişlərin yaranmasına, bədən üzvlərinin nəzarət altına alınmasında bacarıqsızlığa, zahiri və batini hiss orqanlarının zəifləməsinə, ifrat dərəcədə yuxusuzluğa və qarışıq yuxular görməyə səbəb olur.

Yada salaq ki, aparılmış istintaqla zəhərlənərək vəfat etmiş Sərxan Bayramovun, zəhərlənərək xəsarət almış Cəlal Həmzəyev, Sənan Teymurov, Elvin Teymurov və Nurlan Nəbiyevin paytaxtın Nəsimi rayonu, Tiflis prospektində yerləşən “Baku City” restoranında, vəfat etmiş Mustafa Mustafayevin isə paytaxtın Binəqədi rayonu, Ə.Rəcəbli küçəsi 251 ünvanında yerləşən “Everest” restoranında qəbul etdiyi və zəhərlənmələrinə səbəb olmuş “Chivas Regal 12" markalı spirtli içkiləri ”Baku City" restoranının müdiri Füzuli Alıyev və sonuncunun tanışlığı ilə “Everest” restoranına Xəyal Cəfərovun ucuz qiymətə satmasına əsaslı şübhələr müəyyən edilib: “İstintaq zamanı X.Cəfərovun spirtli içkiləri hazırladığı və icarəyə götürdüyü paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində yerləşən iki mərtəbəli evə baxış keçirilən zaman, orada 2 ədəd ”Chivas Regal 12" adlı boş viski şüşəsi, 9 ədəd satış üçün nəzərdə tutulmuş qaydada qablaşdırılmış halda “Kremlevskie Kuranti Premium” araqlarının boş şüşələri, 8 ədəd araq və viski spirtli içkilərinin qarışdırılmaqla hazırlanması və sonradan ayrı-ayrı boş şüşələrə doldurulması üçün istifadə edilmiş 5 litr həcmli içərisində araq və viski qalıqları olan plastmas qablar, çoxsaylı araq və viski spirtli içki şüşələrinin qapaqları, şüşələrin üzərinə vurulan qapaq və etiketlərin bərkidilməsi üçün istifadə edilmiş 4 ədəd hava fen və digər əşyalar aşkar edilərək maddi sübut kimi götürülüb".
“Yeni Müsavat”
Geri qayıt