Nazirlər Kabinetinin qərarına ETİRAZ: - “Dünya irəli gedir, biz isə geri addım atırıq”

Nazirlər Kabinetinin qərarına ETİRAZ: - “Dünya irəli gedir, biz isə geri addım atırıq” "Universitetlərdə ixtisaslar üzrə çatışmazlığı, digər ciddi problemləri aradan qaldırmaq lazımdır”.

Nazirlər Kabinetinin magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə keçirilməsi haqqında qərarı ciddi narahatlıq doğurub.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Nazirlər Kabinetinin magistraturaya qəbul imtahanının yalnız bir mərhələdə keçirilməsi haqqında qərarını şərh edən təhsil eksperti Kamran Əsədov deyib.

Onun sözlərinə görə, magistraturaya qəbul imtahanları ilə bağlı qəbul edilmiş yeni qaydalar ciddi problemlər yaradacaq:

“Bizim universitetlərdə tələbələr ixtisas fənlərini onsuz da zəif oxuyurdular, lakin magistratura səviyyəsinə qəbul zamanı biliklərini heç olmasa, bir az artırırdılar, indi heç o da olmayacaq.

Magistratura – yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir.

Yeni qaydalara görə, bir mərhələdən sonra iştirakçıların təhsil aldıqları müddətdə əldə etdikləri akademik göstərici, yəni qiyməti hesablanıb orta bal çıxarılacaq və o da birinci mərhələnin üzərinə əlavə ediləcək yekun bal olaraq, toplanacaq.

Yaxşı, bəs əvvəlki illərdə məzun olanların orta balı neçə çıxarılacaq? Axı indi qiymətləndirmə 100 ballıq şkala üzrə müəyyənləşir, amma əvvələr 5 ballıq şkala üzrə qiymət alınırdı. İndi isə A,B,C.D ilə…

Ümidvaram ki, ölkə prezidenti İlham Əliyev yeni dəyişikliyi ləğv edəcək”.

Kamran Əsədov bildirib ki, magistratura səviyyəsində dünya təcrübəsinin Azərbaycan təhsil sisteminə tətbiq edilməsinin vaxtı çatıb:

“Bunun üçün universitetlərdə ixtisaslar üzrə çatışmazlığı, ciddi problemləri aradan qaldırmaq lazımdır. Hazırda Avropada və Türkiyədə dərslərin əksəriyyəti tədqiqatyönümlü fənlərdir.

Tədqiqat metodları, ixtisasa uyğun müxtəlif proqramlar, təhlil aparma metodları və s. tədris olunur. Bizdə bunların hansı var? Dünya yeni bir dövrə qədəm qoyur, daha çox ixtisas bilikləri yüksək səviyyədə olan kadrlara ehtiyac duyulur, biz isə ondan imtina edirik”.

Qeyd edək ki, Nazirlər Kabinetinin Ali təhsil müəssisələrinin və Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydalarına dəyişikliklər haqqında qərara əsasən, magistraturaya qəbul imtahanı bir mərhələdə olacaq.
Geri qayıt