Məşhur sığorta şirkətindən şikayət: İşçinin adından saxta ərizə yazılıb?

Məşhur sığorta şirkətindən şikayət: İşçinin adından saxta ərizə yazılıb? Mən "Azsığorta" şirkətində işləyirdim. 2017-ci ilin may ayında mənə xəbər etdilər ki, böhranla bağlı olaraq maaşım aşağı salınacaq. Kadrlar şöbəsinin müdiri mənə zəng etdi, dedi, get ərizə yaz ki, öz istəyimlə maaşımın 50% aşağı salınmasını istəyirəm. Mən də heç nə yazmacağımı dedim. O da başladı mənimlə hədə-qorxu ilə danışmağa: "Yazmasan, səni şərləyib işdən çıxaracağıq”. Mən də "nə istəyirsiz edin”, - dedim".

Bu sözləri Qaynarinfo-ya "Azsığorta" şirkətinin sabiq əməkdaşı Tahir Abdullayev keçmiş iş yerindən şikayətində deyib.

O, saytımıza bildirib ki, şirkət tərəfindən maaşın işçinin istəyi ilə azaldılmasına dair saxta sənəd hazırlanıb və bu sənəd Tahir Abdullayevə göstərilmir:

"Bu dialoqdan sonra maaşımı aşağı saldılar və qanunsuz şəkildə məni işlətdilər. Bu hal 2019-cu ilin 4 oktyabr tarixinə kimi davam etdi. Həmin tarixdə məni işdən çıxartdılar. Amma qanunsuz şəkildə. Oktyabrın 4-ü tarixində müqaviləm başa çatdı. Amma bu qərar haqda mənə çox gec, oktyabrın 1-də günortadan sonra xəbər verdilər. Başqa işçilərə qarşı belə bir şeyin olub-olmadığını bilmirəm, amma böhrana çıxartdıqları işçilər vardı. Mən orada 640 manata işləyirdim. Amma müdir Viladi Manıyev 16 min manat maaş alırdı. Aylardır mən işsizəm, iki uşağım var. Adama təsir edən insana qarşı olunan haqsızlıqdır.

Mənim maaşımın 50% enməsi qarşılığında ştata köçürmələrinə dair sənəd yazıb imzaladığımı deyirlər. Şikayətim ondan ibarətdir ki, o sənədi özümə təqdim etsinlər və ekspertizaya verim o ərizəni. Müfəttiş mənə ərizəni telefonda göstərdi. Demək, yuxarı hissədə mənim xəttim və imzam var. Amma orta hissəsi kompüter şritfi ilə yazılıb və orada ayın tarixinə aid olan hissə başqa adamın xəttidir. Mənim yadımda deyil bu, hansı sənəddə olan imzamdı, çünki sənədlərə dəyişikliklər edirdilər, gah vəzifənin adını dəyişdirirdilər, gah şöbənin adını dəyişdirirdilər. Elə ona görə də istəyirəm ki, ekspertiza tərəfindən yoxlanılsın.

Vəkilim onlardan heç bir sənədi ala bilmir. Sorğu göndərib, amma heç bir cavab vermirlər. Vəkilim Yasamal rayon polis idarəsinə də müraciət edib, amma iki aydan çoxdur, müraciətimizə cavab verilmir. Artıq məsələ ilə bağlı olaraq məhkəməyə müraciət edəcəm".

Qarşı tərəfin mövqeyini gözləyirik...

Qaynarinfo
Geri qayıt