Qarabağ qazisinin mənimsənilən mənzili özünə qaytarılmır - GİLEY

Qarabağ qazisinin mənimsənilən mənzili özünə qaytarılmır - GİLEY Ötən ilin sentyabrında redaksiyamıza müraciət edən Qarabağ qazisi, Bərdə rayonu Xəsili kənd sakini Muğan İsmayıl oğlu Salmanov mənzil fırıldağına məruz qaldığını bildirərək, kömək istəmişdi. O, 2008-ci ildə Bakıda - Yasamal rayonu ərazisində “Kaspian İnşaat MB” MMC-nin tikdiyi binada mənzil alıb, evinə köçmək istəyəndə isə bəlli olub ki, MTK-nın sahibi həmin evi başqa bir adama satıb. İndi nə ona yeni mənzil verilir, nə də pulu geri qaytarılır...

Qarabağ qazisi üzləşdiyi qanunsuzluqla bağlı musavat.com-a müraciətində başına gələnləri nəql edib.

Həmin yazı ilə bu linkdən tanış ola bilərsiniz: (https://musavat.com/news/menzil-firildagina-meruz-qalan-qarabag-qazisi-komek-isteyir_643899.html)
Qısaca xatırladaq ki, Qarabağ qazisi 2008-ci ildə Bakı şəhərinin Yasamal rayonu ərazisində “Kaspian İnşaat MB” MMC-nin tikdiyi çoxmərtəbəli binadan pulunu 2 dəfəyə - ümumilikdə 119 min (50+69 min dollar) ABŞ dolları ödəməklə rəsmi maliyyə sənədləri və müqavilə əsasında 4 otaqlı mənzil alıb. Vəsaiti olmadığından evini təmir edə bilməyib və daha sonra ağır avtoqəzaya düşüb. Bir müddət mənzilinə baş çəkə bilməyib. Sitat: “Bundan istifadə edən MMC-nin rəhbəri Bəxtiyar Məmmədov mənə məxsus mənzili təkrarən Paşayev Məmmədtağı Nağı oğluna satıb. Mənzilimi tələb edəndə MMC rəhbəri mənə başqa yerdə mənzil verəcəyini vəd etsə də, sonradan dedi ki, get nə bilirsən, et...”

Vətəndaş deyir ki, o, çıxış yolunu məhkəməyə üz tutmaqda görüb: “Müqaviləni bağlayıb pulumu ödədikdən sonra uzun müddət tikintinin başa çatmasını gözləmişəm, mənzil vaxtında təhvil verilmədi. Sonra evimi təhvil alanda təmir üçün vəsaitim olmadı. Mənzilin qapısını bağlayaraq maddi imkanım olduğu vaxtda təmir işlərinə başlayacağımı qərarlaşdırmışam. Daha sonra qəza keçirdim və uzun müddət Bakıya gələ bilmədim. 2019-ci ilin aprel ayında mənzilimə gələrkən müəyyən etmişəm ki, cavabdeh müəssisənin direktoru Bəxtiyar Məmmədov mənə məxsus mənzili qanunsuz olaraq cavabdeh Məmmədtağı Paşayevə satıb, sonuncu da mənzili təmir edərək orada yaşayır.
Bundan başqa, rəsmi müqavilə bağlamasaq da, cavabdeh Bəxtiyar Məmmədova onun özünü dürüst insan kimi tanıtmasına inanaraq, 20.000 ABŞ dolları verib, sahəsi 20 kv.metr olan yeraltı qarajı da almışdım. Lakin cavabdeh bu qarajı da mənə verməkdən imtina edib”.
Şikayətçi qeyd edir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində işə baxılıb, amma bütün sübutlar, faktlar, dəlillər, şahid ifadələri onun xeyrinə olduğu halda hakim Emin Mehdiyev iddianı təmin etməyib: “Cənab Prezident İlham Əliyev ölkədə böyük islahatlar aparır. O, çıxışlarından birində xüsusi ilə vurğuladı ki, məhkəmə-hüquq sahəsində də ciddi islahatlar aparılmalıdır, məhkəmələr ədalətli olmalıdır. Amma hakim Emin Mehdiyev bu çağırışları, tövsiyyələri nəzərə almadı, üstəlik o, Qarabağ qazilərinə ölkə rəhbərliyinin göstərdiyi xüsusi diqqət və qayğının fərqinə varmadı. 10 sentyabr 2019-cu il tarixdə işə baxılarkən Bəxtiyar Məmmədov öz qanunsuz hərəkətlərini ört-basdır etmək və məsuliyyətdən yayınmaq üçün ağlasığmaz varianta əl atdı. İddia etdi ki, guya onun mənə verdiyi – tərəfimdən məhkəməyə təqdim edilən möhürlü və imzalı müqavilə, maliyyə arayışlarındakı imzalar onun imzası deyil. Guya mən möhürü skan edərək saxtalaşdırmışam. Biz eyni binada yaşayan digər mənzil sahibinə verilmiş sənədi məhkəməyə və ekspertizaya təqdim etdik. Həmin evin sahibi Rəşad Əlizadəyə də eyni imza və möhürlə, eyni firma blankında sənəd verilib. Bundan sonra Bəxtiyar Məmmədov fakt qarşısında qaldı, əvvəlki ifadəsini tamamilə dəyişərək dedi ki, həmin müqaviləni Natiq adlı müavini imzalayıb. Ekspertiza da rəy verdi ki, hər iki sənəd eynidir, eyni şəxs tərəfindən imzalanıb, möhürlər də eynidir.

Bəxtiyar Məmmədov hətta əvvəlcə deyirdi ki, guya bizi tanımır. Ona pulu aparıb birgə verdiyimizi təsdiqləyən şahidlər də gəlib məhkəmədə ifadə verdilər. Bundan başqa, bu günədək həmin mənzilin elektrik abonenti mənəm. “Azərişıq”a rəsmi sorğu verdik, oradan məhkəməyə rəsmi sənəd verildi ki, evin işıq kodu Muğan Salmanovun adınadır. Bütün bu sübutlarımızın qarşısında cavabdeh tərəf tamamilə arqumentsiz qaldı. Əslində, başımıza gətirilən oyunda cinayət tərkibi də var. Bütün bunlara baxmayaraq, məhkəmə bizim iddiamızı təmin etmədi. Heç müqaviləni imzaladığı deyilən Natiq adlı şəxsi məhkəməyə çağırıb dindirmədi. Açıq-aşkar hakim ədalətsiz, əsassız bir qərar verdi, səbəbini isə özündən soruşmaq olar, biz deyə bilmərik. Əgər hakim düşünürsə ki, Bəxtiyar Məmmədovun mənzili ikinci dəfə, bizdən sonra satdığı adam vicdanlı alıcıdır, evi onun əlindən almaq olmaz, bəs bizim hüquqlarımız harada qaldı? Axı mən də vicdanlı alıcıyam və pulumu verib ev almışam. Əgər Bəxtiyar Məmmədov mənə satdığı mənzili təkrarən digər adama satıbsa, buna görə cəza almalıdır və bizim pulumuzu qaytarmalıdır. Məsələ ondadır ki, son illərdə bir mənzili iki-üç nəfərə satdığına görə xeyli adam həbs olunub və ağır cəzalar alıblar. Bəs bu presedentlər Bəxtiyar Məmmədova niyə şamil olunmur? Hakim Emin Mehdiyev bunları nəzərə almadı. Düşünürəm ki, bəlkə Bəxtiyar Məmmədovu qoruyan hansısa “gizli əl” və ya səbəblər var?”.

Muğan Salmanov qeyd etdi ki, birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verib: “Mən ən əsası ölkə rəhbərliyinin, cənab İlham Əliyevin ədalətinə əminəm. Hər zaman Ali Baş Komandan İlham Əliyevin əsgəriyəm və onunla qürur duyuram. Emin Mehdiyev kimi hakimlər hansısa ədalətsiz, qanundan kənar qərarlar verməklə bizi qətiyyən dövlətimizdən incik sala bilməyəcəklər. Biz əminik ki, ədalət qalib gələcək. Mən heç vaxt kiminsə malını yeməmişəm. Bütün həyatımı zəhmətlə, halal ruzi ilə yaşamışam. Qarabağ döyüşlərində könüllü iştirak edib Vətənimizi qorumuşam. Yaxın-qohum əqrəbamdan xeyli adam Vətənimizin müdafiəsində yaxından iştirak edərək vətəndaşlıq borcunu layiqincə yerinə yetiriblər. Onlardan Fariz Çoban oğlu Qəhrəmanov Azərbaycanın Milli Qəhrəmanıdır. Artıq dərəcədə xahiş edirəm ki, ailəmizin halal mənzilinin geri qaytarılmasına, Bəxtiyar Məmmədovun törətdiyi əmələ görə məsuliyyətə alınmasına görə müvafiq qurumlar bizə köməklik göstərilsin”.
Muğan Salmanov Birinci Vitse-Prezident Mehriban Əliyevaya da müraciət ünvanlayaraq, kömək istəyib.
O, müraciətində başına gələnləri nəql edərək, yazıb: “Bütün ailəmiz, qohumlarım, ətrafım hamısı cənab Prezidentimiz İlham Əliyevin və Sizin ən güvənli vətəndaşlarınızdandır. Hamımız Prezidentimizi və Sizi qanunun aliliyinin, ədalətin və mərhəmətin keşikçisi kimi tanıyırıq.
Sizdən artıq dərəcədə xahiş edirəm ki, ailəmizin halal mənzilinin geri qaytarılmasına köməklik göstərəsiniz”.

Milli Qəhrəman Fariz Qəhrəmanov da bu işi nəzarətinə götürməsi və köməklik göstərməsi üçün Məhkəmə Hüquq Şurasının sədri, ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.
***

Yasamal Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətində kifayət qədər dəlillər sadalanır.

Qanunvericiliyin tələblərinin pozulmasına dair faktlarla yanaşı, konkret saxtakarlıq halları, mülkiyyət hüququnun pozulması da iddia əksini tapır. Apelyasiya şikayətində vurğulanır ki, prosessual hüquq normaları da pozulub və düzgün tətbiq edilməyib: “Məhkəmə bizim təqdim etdiyimiz sübutları – şahid ifadələrini, dövlət qurumunun məktubunu, qüvvədə olan və həqiqiliyi müvafiq məhkəmə ekspertizası ilə təsdiqini tapan müqaviləni və maliyyə arayışlarını, habelə iddia ərizəmizdə istinad etdiyimiz qanunu rədd etmək üçün dəlil gətirməmiş, nəticədə Mülki-Prosessual Məcəllənin 220.4-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. İddia ərizəmizdə iş üzrə cavabdeh Bəxtiyar Sabir oğlu Məmmədovun hərəkətlərində dələduzluq cinayətinin tərkibi olması və bu əsasa görə də xüsusi qərardad çıxarmaqla prokurora məlumat verilməsini xahiş etsək də, məhkəmə AR MPM-nin 265.4-cü maddəsinin tələbini pozaraq qanunun tələbinə riayət etməyib”...

Apelyasiya şikayətində digər çoxsaylı hüquq və prosessual qayda pozuntuları əsas gətirilərək, Apelyasiya Məhkəməsindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə və xüsusi qərardad çıxarılması xahiş olunur.
Musavat.com
Geri qayıt