Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 7 sosial təminat növü üzrə e-təyinat sistemini və 3 növdə e-arayış xidmətini təqdim etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 7 sosial təminat növü üzrə e-təyinat sistemini və 3 növdə e-arayış xidmətini təqdim etdi Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində əhaliyə xidmətlərin elektron texnologiyalar üzərində qurulması işləri davam etdirilir.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 7 sosial təminat növü (Fəxri adlara görə Prezidentin aylıq təqaüdü, Prezidentin fərdi təqaüdü, şəhidin uşaqlarına aylıq müavinət, şəhid ailəsinin üzvlərinə müavinət, müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqlarına müavinət, şəhid ailəsi üçün Prezidentin təqaüdü və yaşa görə müavinət) üzrə elektron təyinat sistemlərini və daha 3 növdə e-arayış xidmətini (Məşğulluq altsistemindən arayış, torpaq pay mülkiyyətçisi barədə arayış, şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə arayış) xidmətini təqdim etdi.
Nazirliyin tabeliyindəki DOST Agentliyində yeni e-sistemlərin tətbiqi ilə bağlı keçirilən təqdimat tədbirində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov bildirib ki, 2019-cu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət olaraq, pensiyaların elektron qaydada təyinatı mexanizminə keçilib. Yaşa və əlilliyə görə pensiya növlərinin e-təyinat sistemləri ilə yanaşı, 2019-cu ilin ilk aylarından 19 növ sosial müavinət və təqaüdün də e-təyinatı infrastukturunun qurulmasına başlanıb və artıq yaradılaraq istifadəyə verilib.
H.Məmişov qeyd edib ki, onların sırasına uşağın doğulmasına görə birdəfəlik müavinət, əlilliyə görə və sağlamlıq imkanları məhdud uşağa aylıq müavinət və həmin uşağa qulluğa görə Prezidentin aylıq təqaüdü, Prezidentin fərdi təqaüdü, fəxri adlara görə, həmçinin müharibə, 20 Yanvar əlillərinə, I dərəcə əlilliyə görə müavinət və ya pensiya hüququ olanlara, şəhid ailələrinə Prezidentin aylıq təqaüdü, yaşa görə, şəhidlərin, müharibə əlillərinin, 20 Yanvar əlillərinin, müddətli həqiqi hərbi xidmət qulluqçularının, Çernobıl qəzası ilə əlaqədar I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin uşaqlarına, bir yaşınadək uşağı olan aztəminatlı ailələrə (ünvanlı sosial yardım alan), şəhid ailəsi üzvlərinə aylıq müavinət kimi sosial təminat növləri daxildir.
Bildirilib ki, ümumilikdə, 2019-cu ildə 21 sosial təminat növü (2 pensiya və 19 müavinət-təqaüd növü) üzrə elektron təyinat sistemləri istifadəyə verilib. Avtomatlaşdırma tədbirləri illik təqribən 180 minədək təyinatın tam şəkildə, proaktiv qaydada, vətəndaşların hər hansı bir ünvana getmələrinə ehtiyac olmadan elektron şəkildə həyata keçirilməsinə imkan verir.
Yeni e-təyinat sistemləri barədə məlumat verən nazirliyin E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkpərov həmçinin yeni istifadəyə verilən 3 növdə e-arayış xidmətindən istifadə prosedurlarını diqqətə çatdırıb.
Qeyd edilib ki, nazirliyin iki e-arayış xdiməti - iş yerinə dair e-arayış və əlilliyə dair e-arayış xidmətləri mövcud idisə, cari ildə müavinətlə, təqaüdlə, pensiya, maddi yardımla, dövlət tərəfindən avtomobillə və ya mənzillə, şəhid vərəsəsi kimi birdəfəlik ödəmə ilə təmin edilmə, ünvanlı dövlət sosial yardımının təyinatı və ya ödənişi, fərdi şəxsi hesab, torpaq pay mülkiyyətçisi, şəxsin fərdi uçot sistemində qeydiyyata alınması barədə, həmçinin məşğulluq altsistemindən e-arayış xidmətləri də qurularaq istifadəyə verilib.
Beləliklə, nazilriyin e-arayış xdimətlərinin sayı 15-ə çatıb və növbəti ildə daha 15-dək e-arayış xidmətinin hazırlanaraq istifadəyə verilməsi nəzərdə tutulub.

AZƏRBAYCAN RESPUBLİKASI
ƏMƏK VƏ ƏHALİNİN SOSİAL MÜDAFİƏSİ NAZİRLİYİNİN
İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR VƏ KOMMUNİKASİYA ŞÖBƏSİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi daha 7 sosial təminat növü üzrə e-təyinat sistemini və 3 növdə e-arayış xidmətini təqdim etdi

Geri qayıt