Nərimanovda mənzil zəbt edən mafiya var: vətəndaş başına gələnləri danışır

Nərimanovda mənzil zəbt edən mafiya var: vətəndaş başına gələnləri danışır Nərimanov rayonunda qeyri-adi zəbt qeydə alınıb. Vətəndaş Esmiralda Sabir qızı Əliyevanın yaşadığı, evinin içinə qapısı açılan zirzəmi bir gecənin içində zəbt olunub.


AFN-ə müraciət edən vətəndaş zirzəminin zəbt edilməsində Nərimanov Rayon Mənzil Kommunal Təsərrufat Birliyinin (MKTB) rəisi Elçin Məliş oğlu Həşimovun günahkar olduğunu deyib: “Elçin Həşimovun vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi əməllərindən, eləcə də onun cinayət tərkibi daşıyan əməlləri haqqında tədbir görməyən Nərimanov Rayon Prokurorluğunun süründürməçiliyindən, yaranan haqsızlıqlardan əziyyət çəkirəm. Belə ki, MKTB-nin rəisi Elçin Həşimov Nərimanov rayonu ərazisində yaşamayan və həmin ərazi üzrə qeydiyyatda olmayan, Yevlax rayon sakini Rövşən Şaban oğlu Musayev və onun bacısı Elmira Şaban qızı Musayeva ilə əvvəlcədən düşünülmüş şəkildə cinayət əlaqəsinə girərək 05.01.2017-ci il tarixli, 31.12.2021-ci il tarixinə qədər qüvvədə olan 37/13 saylı “İstismar yığımı müqaviləsi” ilə mənim adıma rəsmiləşmiş, sahəsi 46,0 kv.m olan qeyri-yaşayış sahəsini (zirzəmi) Rövşən Şaban oğlu Musayevin adına başqa bir “İstismar yığımı müqaviləsi” rəsmiləşdirilmiş, bu məqsədlə həmin qeyri-yaşayış sahəsinə çıxarış verilməsi üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə 19.07.2018-cu il tarixli, M-23 saylı arayış göndərib. Nəticədə zirzəmi üçün mülkiyyət hüququna dair Rövşən Şaban oğlu Musayevə 07.11.2018-ci il tarixli, 1396419 saylı qeyri-qanuni çıxarış təqdim edilib. Qeyd edim ki, nəzərdə tutulan zirzəmi mənə məxsus olan (çıxarış: RX 0967814) 28,3 kv.m-lik mənzilə aiddir. Buna baxmayaraq, Nərimanov rayon MKTB-nin rəisi Elçin Məliş oğlu Həşimov yuxarıda adları çəkilən şəxslər: Rövşən Şaban oğlu Musayev və Elmira Şaban qızı Musayeva ilə cinayət əlaqəsinə girərək vəzifə səlahiyyətlərindən sui-istifadə edib və vəzifə saxtakarlığına yol verib. Qeyd olunan cinayət xarakterli faktlarla bağlı isə bu günə qədər Nərimanov Rayon Prokurorluğunda tərəfimdən təqdim edilən mötəbər sübutlara baxmayaraq, adı çəkilən şəxslər barəsində cinayət işi başlamır. Mənə qarşı kobud qanun pozuntularına və süründürməçiliklərə yol verilir. Bakı Şəhər İcra Hakimiyyəti isə tabeçiliyində olan vəzifəli şəxsin əməllərinə ümumiyyətlə reaksiya vermir”.
Vətəndaş cənab prezidentə müraciət edərək son vaxtlar ölkədə aparılan islahlatların gedişində hələ də qeyd edilən özbaşınalıqların mövcudluğuna diqqət çəkir: “Yaşadığımız Nərimanov rayonu ərazisində belə hallar demək olar ki, kütləvi xarakter alıb. MKTB-nin rəisi Elçin Məliş oğlu Həşimovun qəbuluna düşmək, icra başçısının qəbuluna düşməkdən dəfələrlə çətin və hətta mümkünsüzdür. Bu şəxsi ümumiyyətlə yerində tapmaq mümkün deyil. Sizin dəfələrlə məmurlara neqativ hallarla bağlı etdiyiniz xəbərdarlıqlara baxmayaraq, ən kiçik vəzifəli məmur belə özünü hakim-mütləq kimi aparır. Cinayət var, cəza isə yoxdur. Hüquq-mühafizə orqanları konkret olaraq susur. Bakı Şəhər İcra Hakimiyyəti susur. Yolunu əyri gedən məmurlar - vəzifəli şəxslər sizin çıxışlarınıza, iradlarınıza, tövsiyə və tələblərinizə birmənalı olaraq məhəl qoymurlar. Ciddi özbaşınalıq, vətəndaşa qarşı düşmənçilik, haqsızlıq və süründürməçilik hökm sürür. Belə olan halda sizdən başqa kimə müraciət edəcəyimiz haqqında düşünə bilmirik. Çünki lazım olan bütün aidiyyatı orqanlara müraciət etmişik. Yeganə ümid yerimiz isə siz olaraq qalmaqdasınız. Bu müraciətimi, haqsızlıqlarla dolu vəziyyətimi diqqətinizə çatdıraraq sizdən kömək gözləyirəm. Sizdən Elçin Həşimovun haqqında tədbir görülməsi üçün göstəriş verməyinizi xahiş edirəm. Mən sizdən onu da xahiş edirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikasının vətəndaşlarına, sizin tövsiyə və iradlarınıza hörmət qoymayan vəzifəli şəxslər haqqında ciddi ölçü götürəsiniz. Hesab edirəm ki, qeyd edilənlərin təsiri altında nə qədər əziyyət çəkdiyimizi, usandığımızı təsəvvür etmək heç də çətin deyil. Mən ümid edirəm ki, haqq-ədalət gec də olsa öz yerini tapacaq”.
Səsləndirilən iddialarla bağlı E.Həşimovun mövqeyini öyrənmək üçün Nərimanov MKTB-yə zəng etdik. Sədrin yerində olmadığını deyən xanım əməkdaş əlaqə nömrəmizi götürsə də, cavab gəlmədi.
Geri qayıt