18 milyonu şirkətimizə keçirərək nağdlaşdırmışdır – Sabiq bank rəhbərilə bağlı Prezidentə şikayət

18 milyonu şirkətimizə keçirərək nağdlaşdırmışdır – Sabiq bank rəhbərilə bağlı Prezidentə şikayət Son günlər mətbuatda bir neçə il əvvəl fəaliyyəti dayandırılmış “Texnikabank”ın sabiq rəhbəri Etibar Əliyevin adının yeni qalmaqala qarışmasına dair məlumatlar dərc olunur...
Belə ki, “Aqroinvest və İstehsalat” şirkətində Etibar Əliyevin şəriki olan Pərviz Hacıyev sabiq bank rəhbərinə qarşı bir sıra ittihamlar irəli sürüb.

Pərviz Hacıyev “Aqroinvest və İstehsalat”-ı 5 il əvvəl qurduğunu, şirkətin 50 faizinin ona məxsus olduğunu, fəaliyyət göstərdiyi sahə üzrə ixtisaslaşmağından yararlanan Etibar Əliyevin onu tələyə saldığını iddia edib. Hazırda da Etibar Əliyevin ona təzyiq edərək, şirkətini ələ keçirməyə, payından əl çəkməyə məcbur etmək istədiyini bildirib.

Pərviz Hacıyev qarşılaşdığı problemlə bağlı ölkə Prezidenti İlham Əliyevə müraciət edib. Bir nüsxəsi “AzPolitika.info”-ya göndərilən müraciətdə bildirilir:

“Cənab Prezident, müraciətimlə Sizə bildirirəm ki, 1990-cı illərin əvvəllərindən sahibkarlıq fəaliyyəti ilə məşğulam. Fəaliyyətim dövründə daima vergilərimi vaxtı-vaxtında ödəyən, ölkəmə maddi baxımdan xeyir verən, həmçinin özüm də gəlir əldə edən sahibkar kimi tanınmışam. Əvvəllər dələduzluq cinayəti törətməsinə görə məhkum olunmuş Əliyev Etibar Mahmud oğlu (“Texnikabank”ın müşahidə şurasının sabiq sədri) öz əməllərini davam etdirərək, mənim sahibkarlıq fəaliyyətimə qəsd etmişdir.

O, “Dəmirli” şirkətinin , eləcədə Elşən Abdullayev, Anar Ənzəlov, avtomobil dayanacağında işləyən Elşən adlı şəxsin, daha neçə-neçə adını sadalamadığım insanların adına on milyonlarla ABŞ dolları məbləğində kreditlər götürərək mənimsəmişdir.

Həmçinin adından istifadə edib kredit götürdüyü “Dəmirli” şirkətinin borcunu bizim ortaq şirkətimiz olan “Aqroinvest və İstehsalat” MMC-nin borc öhdəliyinə köçürərək müəssisəmizi külli miqdarda kredit borcuna salmışdır.

Qeyd olunan borca görə müəssisəmizdən 400.000 (dörd yüz min) ABŞ dolları məbləğindən çox pul kredit hesabına köçürülmüşdür.

Bundan əlavə, Etibar Əliyev qanunsuz əlaqəyə girdiyi 5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu MMC-dən (MMC-nin direktoru Rizvan Rzayev Etibar Əliyevin qohumudur və bütün qara işlərini birlikdə görürlər) şirkətimizə daxil olan 18.000.000 (on səkkiz milyon) manat məbləğində pulu nağdlaşdırmışdır. Bununla da şirkətin vergi öhdəliklərini pozmuş, vergi mənimsəməsi vəziyyətinə gətirib çıxarmışdır.

Etibar Əliyev, həmçinin hər yerdə “Aqroinvest və İstehsalat” MMC ilə heç bir əlaqəsi olmadığını bildirməkdədir. Halbuki, Etibar Əliyev həmin şirkətdə mənim iqtisadi işlər üzrə müşavirim vəzifəsində çalışmışdır.

Bütün başıma gətirdiyi oyunlar Etibar Əliyev üçün heç də yad deyildir. Vaxtilə belə əməllərinə görə həbs edilmiş Etibar Əliyev üçün görünür, insanları müflis edib özünü öldürmə həddinə çatdırmaq öhdəsindən asanlıqla gəldiyi bir işdir".

Pərviz Hacıyev şərikinin onu da intihar həddinə çatdırdığını iddia edərək, ölkə Prezidentindən kömək istəyir: “Möhtərəm Prezident, dövlətinə bağlı bir iş adamı kimi Etibar Əliyev tərəfindən qarşılaşdığım haqsızlığın aradan qaldırılmasında Sizdən kömək istəyirəm. Aidiyyəti orqanlar tərəfindən məsələnin obyektiv araşdırılması barədə göstəriş verməyinizi xahiş edirəm.”

İş adamı Pərviz Hacıyevin ittihamları ilə bağlı Etibar Əliyevin də mövqeyini dərc etməyə hazırıq.
Geri qayıt