Müvafiq qurumlar “EuroHome” sahibinin bacısı oğlu önündə acizdirmi?.. -PREZİDENTƏ MÜRACİƏT

Müvafiq qurumlar “EuroHome” sahibinin bacısı oğlu önündə acizdirmi?.. -PREZİDENTƏ MÜRACİƏT Xəbər verdiyimiz kimi, bu günlərdə yanıb külə dönmüş “Eurohome” tikinti bazarının sahibi oliqarx Azay Möhnətovun bacısı oğlu Binyətov Elvin Səxavət oğlu Bakı şəhər sakini, iş adamı Ələsgər Əbdüləli oğlu Əliyevin dələduzluq yolu ilə 67. 000 ABŞ dolları məbləğində vəsaitini ələ keçirib və uzun sürən məhkəmə prosesləri nəticəsində qüvvəyə minmiş məhkəmə qətnamələrinə baxmayaraq borclu olduğu həmin məbləği qaytarmaq belə, fikrində deyil...

Moderator.az zərərçəkmiş Ələsgər Əliyevin xahişini nəzərə alıb onun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevaya ünvanladığı MÜRACİƏTİ olduğu kimi nəzərinizə çatdırırıq:

“Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevə

Azərbaycan Respublikasının
Birinci Vitse-Prezidenti
xanım Mehriban Əliyevaya

Surəti: Azərbaycan Respublikasının
Baş Prokuroru
cənab Zakir Qaralova

Surəti: Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş üzrə köməkçisi cənab Fuad Ələsgərova

Surəti: Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova

Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi cənab Kamran Əliyevə

Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr-ti, məh. 522, ev E, m.40 yaşayan vətəndaş Əliyev Ələgər Bakı oğlu tərəfindən


M Ü R A C İ Ə T

Hörmətli Prezident və hörmətli Birinci Vitse-Prezident !

Öncə vətəndaşların problemləri ilə bağlı göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin təşəkkürümü bildirir, dövlətçiliymizin inkişafı naminə göstərdiyiniz fəaliyyəti dəstəkləyir və gələcək fəaliyyətinizdə Sizə uğurlar arzu edirəm.

Hazırda məcburiyyət qarşısında qalaraq Sizə müraciət edib vaxtınızı alıram. Müraciətimin əsas səbəbi “Eurohome” tikinti bazarının sahibi Ayaz Möhnətovun bacısı oğlu Elvin Binyətovun qanunsuz əməlləri ilə bağlıdır.

Mən Elvin Binyətovu çoxdan tanısam da, heç vaxt sıx əlaqədə olmamışam. 2015-ci ildə Binyətov biləndə ki, bizneslə məşğulam, məni taparaq etibarımı qazanmaq üçün Ayaz Möhnətovun adından çıxış edərək bildirib ki, dayısının əlaqələrindən istifadə etməklə biznesimi genişləndirməyə kömək edə bilər. Mən ona 2015-ci ildə 67 000 ABŞ dolları məbləğində pul vermişəm. O, həmin pulla Dubaydan məişət texnikası gətirməli və dayısının şirkətinin adına rəsmiləşdirməklə xərcləri azaltmalı idi. Bundan sonra biz həmin malı birgə satıb mənfəəti bölməli idik. Danışığımıza əsasən E.Binyətov pulu 3 ay ırzində qaytarmalı idi. Sonradan bildim ki, Elvin malları gətirərək dəyər-dəyməzinə Sədərək ticarət mərkəzində satıb və məbləği mənimsəyib. Bunu bildikdə ona iradlarımı bildirdim. O isə dedi ki, gəl bankda borc müqaviləsi bağlayaq. Yəni bununla mən əmin olum ki, pulu qaytaracaq. 27 yanvar 2016-cı il tarixində biz notariusda kredit müqaviləsi bağladıq və həmin 67 000 ABŞ dolları məbləğində pul öz əksini orada tapdı.

Lakin həmin pul bu günədək mənə qaytarılmayıb. Mən pulun geri qaytarılması iddiası ilə Şamaxı rayon məhkəməsinə müraciət etdim. Həmin proses gedən zaman iş dəfələrlə saxlanılırdı və Elvin müxtəlif iddialarla digər məhkəmələrə müraciət etməklə işi suni qaydada uzadırdı. Nəticədə ədalət hüquqi baxımdan bərqərar olunaraq Elvinin iddiaları rədd edildi, Şamaxı rayon Məhkəməsi isə iddiamı təmin edərək mənə 67 000 ABŞ dollar məbləğində pulun qaytarılmaını qətt etdi.

Buna baxmayaraq Şamaxı Rayon Məhkəməsinin 2(074)742-2016 saylı 23 may 2016-cı il tarixli qətnaməsi bu günədək icra edilməyib.

Qətnamə (icra vərəqəsi) ilk olaraq Şamaxı Rayon İcra və Probasiya şöbəsinə icra üçün göndərilib. Burada iş icra edilməyərək bir müddət yubandırılıb sonradan Nəsimi rayon İcra və Probasiya şöbəsinə yollanıb. Lakin bu günədək heç bir nəticə əldə olunmayıb.

Bu iş üzrə Nəsimi Rayon Məhkəməsinin qərarı ilə məhkəmə qətnaməsinin icra edilməməsinə görə Elvin Binyətov inzibati həbs də alıb. Lakin sonradan iş Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə göndərilsə də, həmin idarə cinayət işinin açılmasına etiraz edib. Baxmayaraq ki, onun əməllərində birbaşa cinayət tərkibi var və məhkəmə qərarını qəsdən icra etmir.

Əlavə məlumat üçün deyim ki, Elvin Binyətov dəbdəbəli həyat tərzi sürür, Bakıda Təzə Bazar ilə üzbəüz olan dairəvi binalarda dayısının inşa etdirdiyi 200 kv.m-dən artıq sahəsi olan mənzildə yaşayır, şəhərdə digər mənzillərə də sahibdir, Şamaxı və İsmayıllıda hektarlarla torpaqları var, 99—999 nömrəli bahalı “Land Rover” markalı avtomobili də ona məxsusdur Lakin hər bir dələduz kimi bunların heç biri onun adında deyil. Amma bütün ətraf bilir ki, Elvin Binyətov və onun dayısı hansı maddi sərvətlərə sahibdirlər. Bunları deməkdə məqsədim odur ki, mənə olan 67 min ABŞ dolları borcu ödəmək vətəndaş Elvin Binyətov üçün çətin bir məsələ deyil… Başının üzərində ÜMUMMİLLİ LİDERİN, masasında cənab Prezident, Sizin portretinizi saxlayan bu şəxs sadəcə, Azərbaycan dövlət qanunlarına, dövlət və məhkəmə qurumlarına, eləcə də bir vətəndaş kimi mənim hüquqlarıma sayğısızlıq edərək müvafiq qanuni qərarı icra etməkdən boyun qaçırır.

Hörmətli Prezident və hörmətli Birinci Vitse-Prezident !

Mən artıq 4 ildir ki, 67 000 ABŞ dolları məbləğində pulu geri ala bilmirəm, Nəsimi Rayon İcra və Probasiya şöbəsi isə faktiki olaraq işi icra etmək iqtidarında deyil.

Bir sözlə, müvafiq qurumların “EuroHome” sahibinin bacısı oğlu qarşısındakı acizliyi acı təəssüf və təəccüb doğurur. Və mən Azərbaycan Respublikasının haqqı tapdanmış bir vətəndaşı olaraq hazırda nə edəcəyimi bilmirəm…

Yuxarıda göstərilənləri nəzərə alaraq Sizdən xahiş edirəm ki, Binyətov Elvin Səxavət oğlunun əməlinə hüquqi qiymət verilməsi üçün aidiyyatı üzrə göstəriş verəsiniz və Şamaxı Rayon Məhkəməsinin 2(074)742-2016 saylı 23 may 2016-cı il tarixli qətnaməsinin icra edilməsinə müvafiq köməklik göstərəsiniz.

Ümidim yalnız Sizədir. İnanırıq ki, Siz qanunun aliliyini təmin olunması üçün əlinizdən gələni edəcəksiniz.

Hörmətlə,
Əliyev Ələsgər Əbdüləli oğlu.

Şəxsiyyət vəsiqəsi: № 14792595

Mob: /050/ 2308880

20 dekabr 2019-cu il”.
Müvafiq qurumlar “EuroHome” sahibinin bacısı oğlu önündə acizdirmi?.. -PREZİDENTƏ MÜRACİƏT
Geri qayıt