Sığorta şirkəti jurnalistə dəymiş ziyanı ödəmir

Sığorta şirkəti jurnalistə dəymiş ziyanı ödəmir Azərbaycanda sığorta şirkətlərinin vətəndaşların, xüsusən də sürücülərin başına bəla olduğu, onları süründürdüyü yeni məlumat deyil.

Vətəndaşlar məcburi şəkildə əmlaklarını sığorta etdirirlər, amma zərər çəkəndə sığorta şirkətləri onların ziyanını operativ, ədalətli şəkildə kompensasiya etmirlər.

Belə süründürməçilik halları ilə qarşılaşanlardan biri də jurnalist Azər Talıbovdur.

Jurnalist “Yeni Sabah”a bildirib ki, Bakıda ötən ay güclü külək zamanı ona məxsus 99 RG 188 dövlət nömrə nişanlı “Hunday” markalı avtomobilin ön şüşəsi çartlayaraq yararsız vəziyyətə düşüb.

Azər Talıbovun sözlərinə görə, hadisə yerinə kasko sığorta etdirdiyi “Paşa Sığorta” şirkətinin əməkdaşları gəliblər, baxış keçiriblər. Amma bir aya yaxındır ki, ona dəyən ziyan ödənilmir.

Maşın sahibi deyib ki, “Paşa Sığorta” şirkətinin əməkdaşları qeydlər götürüblər, bir həftə sonra məlumat veriləcəyini bildiriblər: “İndiyə qədər heç bir xəbər yoxdur. Mən dəfələrlə şirkətin 050-283-33-66 nömrəsinə zəng edirəm. Nə cavab verən var, nə dəyən ziyan qiymətləndirilib, nə maraqlanıblar.

Guya 1 həftəyə dəymiş ziyan qarşılanacaqdı. Amma şirkətlə əlaqə qura bilmirəm. Mən ödəniş edib maşını sığortalatmışam. İndi gizlənirlər, cavab vermirlər”.

Jurnalist ona dəymiş ziyanın şirkət tərəfindən ödənilmədiyi halda məhkəməyə müraciət edəcəyini açıqlayıb: “Paşa Sığorta” şirkətinə güvənib, maşınımı ona sığortalatdım. Bu günə qədər zənglərimə cavab vermirlər. Buna süründürməçilik, dərəbəylik, özbaşınalıq deyərlər”.
Geri qayıt