Bakıda dəhşətli tıxac: mərkəzi yollar bağlıdır

Bakıda dəhşətli tıxac: mərkəzi yollar bağlıdır Bakı şəhərinin bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunan məhdudiyyət ciddi tıxaca səbəb olub. Heydər Əliyev, Babək prospektlərində, Yusif Səfərov, Koroğlu Rəhimov, Nəcəfqulu Rəhimov, Afiyəddin Cəlilov və bir sıra digər küçələrdə nəqliyyatın hərəkəti iflic olub.
Ötən gün "Azəravtoyol" ASC-nin yaydığı məlumatda bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən mərkəzə doğru olan istiqamətində Üzeyir Hacıbəyli küçəsi ilə kəsişməyədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılır. Məhdudlaşdırma aprel ayının 3-dən 4-ə keçən gecədən etibarən və təmir işləri bitənədək tətbiq ediləcək. Qurum alternativ olaraq sürücülərə Babək prospekti - Fəzail Bayramov küçəsi - Xocalı prospekti - Afiyəddin Cəlilov küçəsi, həmçinin Babək prospekti - Nəcəfqulu Rəfiyev küçəsi - Afiyəddin Cəlilov küçəsi istiqamətlərindən istifadəni tövsiyə edib.
Bu gün saat 09:00 olan məlumata əsasən, təmir işləri başa çatmayıb. Belə ki, Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsinə gedən yol (Babək prospektinə və Sergey Senyuşkin küçəsinə aparan körpünün sağ və solu - red.) bağlıdır. Yusif Səfərov küçəsinə daxil olmaq istəyən sürücüləri "Azəravtoyol" ASC tərəfindən quraşdırılan "Müvəqqəti narahatlığa görə üzr istəyirik" yazısı olan plakat qarşılayır. Sürücülər məcburən yuxarıda qeyd edilən alternativ yollara üz tutur. Bu yolların ötürücülük qabiliyyəti isə tıxaca tab gətirmək iqtidarında deyil. Dövlət Yol Polisinin ərazidə işləyən inspektorlarının hərəkəti tənzimləmək cəhdləri də tıxacın azalmasına ciddi təsir etmir.
Yeri gəlmişkən, ötən gün axşam saatlarında Bakı Nəqliyyat Agentliyinin (BNA) yaydığı məlumatda deyilib ki, Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən şəhər mərkəzi istiqamətinə olan hissəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıldığından, həmin yoldan keçən marşrut xətlərinə də müvəqqəti dəyişiklik edilib. Dəyişikliyə əsasən H1 (Ekspress xətt) 1, 2, 4, 21, 32 və 46 nömrəli marşrut xətləri üzrə avtobuslar təmir işləri bitənə qədər, alternativ olaraq Babək prospekti, Nəcəfqulu Rəfiyev küçəsi, Afiyəddin Cəlilov küçəsi, Fəzail Bayramov küçəsi və İzzət Orucov küçəsindən keçməklə hərəkət istiqamətinə davam edəcəklər. Beləliklə, ictimai nəqliyyat vasitələrinin bu yollara yönləndirilməsi tıxacın daha da böyüməsinə səbəb olur.
Geri qayıt