Bakı Apelyasiya Məhkəməsində mübhəm mülk davası - Binəqədi Məhkəməsinin arxivindən sənədlər oğurlanıb?

Kamil İsmayılov deyir ki, G.İsmayılova tərəfindən verilmiş apelyasiya şikayəti 11 il sonra - 27 iyun 2018-ci ildə Binəqədi Rayon Məhkəməsinə daxil olub, baxılması üçün mülki işlərlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilib: “Mən ötən il keçirilən prosesdə hakimlərin diqqətinə çatdırdım ki, məhkəmə qətnaməsi çıxarıldıqdan 11 il sonra cavabdeh G.İsmayılova tərəfindən apelyasiya şikayətinin verilməsi qanunsuzdur. Çünki 11 il əvvəl qətnamə çıxarılarkən anam və atam Ənvər İsmayılov qətnamə ilə razılaşıblar. Qətnamə qəbzinə imza edilməklə valideynlərim tərəfindən qəbul edilib. Lakin bu barədə xəbərnamə, qəbz iş materiallarından çıxarılaraq mülki iş yenidən siyahıya alınıb və siyahıda həmin qətnamə göstərilməyib. Mənim bu izahatımdan sonra məhkəmə şikayəti geri qaytardı. Çünki Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətinə verilə bilər. Eyni zamanda məhkəmə bu qənaətə gəlib ki, G.İsmayılova məhkəmə qətnaməsini 6 iyun 2018-ci il tarixində təkrarən alıb. Bu hal da apelyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi üçün əsas ola bilməz. İş materiallarında qətnamənin alınmasına dair poçt xəbərnamələrinin sıralandığı səhifələrə nəzər yetirdikdə müəyyən olunur ki, orada 118 nömrəli səhifə çıxarılıb. Şikayət geri qaytarılandan sonra Binəqədi Rayon Məhkəməsində sənədlərin itirilməsi ilə bağlı şikayətimi davam etdirmədim. Düşündüm ki, qanunsuzluq dövlət qurumları tərəfindən nəzərə alınar və cinayəti etmiş şəxslər cəzaya çatdırılar. Amma belə aydın olur ki, səhvə yol verib qanunsuzluğun araşdırılmasını, həmin qanunsuzluğun icraçıları ilə yanaşı sifarişçilərinin də cəzaya çatdırılmasını tələb etməli idim. İndi səhvimi düzəltmək qərarını vermişəm. Məhkəmə qərar çıxardıqdan sonra G.İsmayılova Binəqədi Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti verib. Halbuki əvvəlki qərarda hər şey çox aydın şəkildə yazılıb”.
Kamil İsmayılov bir daha hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etməklə ona qarşı törədilən qanunsuzluqların araşdırılmasını istəyib.
“Yeni Müsavat”