13 saylı cəzaçəkmə müəssisəsində məhkuma işgəncə verilibmi - ailə üzvlər “hə”, rəsmilər “yox” deyir

13 saylı cəzaçəkmə müəssisəsində məhkuma işgəncə verilibmi - ailə üzvlər “hə”, rəsmilər “yox” deyir Penitensiar Xidmət: “Əgər hər hansı bir problem olsaydı, məhkum valideyninə bildirərdi”

13 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Mikayıl Hüseyn oğlu Dəmirli özünə ülgüclə xəsarətlər yetirib. Bu haqda “Yeni Müsavat”a məhkumun qohumu Mirnisə Dadaşova məlumat verib. O bildirib ki, 1993-cü il təvəllüdlü Mikayıl Dəmirli hazırda ağır durumdadır: “Mikayıl həbs ediləndən sonra bizim bütün ailə əzab-əziyyət içindəyik. Quru çörək yeyirik, əlimizə nə pul gəlirsə, hamısını cəzaçəkmə müəssisəsinə aparırıq. Mikayıla pul aparmayanda onu orada döyürlər.

Mən müəlliməyəm. Aldığım pensiyanı da aparıb ora verirəm, təki uşağı döyməsinlər. Orada dövlətin qanunlarını kənara qoyublar, məhbusları özlərinin qoyduğu qaydalarla cəzalandırırlar. Məhbusu döyərək alçaldırlar. Amma bu adamların haqqı yoxdur ki, dövlətin qanununa qarşı getsin. Əgər məhbus həbsxanada hansısa bir xəta edirsə, buna görə qanunlar var. Amma məhkumu döyərək, dəhşətli işgəncə verərək, alçaldaraq tənbeh etməyə heç kimin haqqı yoxdur. Mikayılı döyüb köynəyini, şalvarını əynində cırıblar. Qəddar, qeyri-insani rəftara etiraz olaraq iyunun 11-də Mikayıl qollarını doğrayıb. O da bu millətin övladıdır. Həmin müəssisədə vəzifə etibar olunan məmurlar kimi bir ananın uşağıdır. O, erməni deyil ki, belə münasibət göstərilir”.

Mirnisə Dadaşova deyir ki, Mikayıl Dəmirliyə qarşı işgəncələr haqda məlumat alandan sonra valideynləri dərhal 13 saylı cəzaçəkmə müəssisəsinə yollanıblar: “Atası rəisin qəbulunda olub. Soruşub ki, Mikayılı niyə döyürsüz? Əvvəlki rəis də, indiki rəis də eyhamla deyirlər ki, sizin torpaq sahəniz var. Birbaşa ”həmin torpağı satıb, pulunu gətirin" demirlər. Amma hər dəfə eyham vururlar. Halbuki həmin torpaq sahəsi Mikayılın babasının olub və babası rəhmətə gedəndən sonra satılıb, pulu da xərclənib. Bizdən daha çox pul istəyirlər. Bizim də daha çox pul verməyə imkanımız yoxdur. Bundan əvvəl də Mikayılı döymüşdülər. Mayın 24-də uzandığı yerdə Mikayılın əllərini qandallayıb, rəisin otağına aparıblar. Orada rəis Şahin, onun müavini Natiq, rejim rəisi Cavid Mikayılı döymüşdülər. Atası həmin vaxt rəisdən soruşanda ki, Mikayılı niyə döyürsüz, cavab vermişdi ki, yerişi xoşumuza gəlmir. İyunun 11-də də yenə də onu döyüblər. Penitensiar Xidmətin qaynar xəttinə dəfələrlə zəng edirik, deyirik, kömək edin, Mikayıla tibbi xidmət göstərilsin. Mikayıl özünü işgəncələrə etiraz olaraq doğrayandan sonra onu “kars”a salıblar. Ona tibbi yardım göstərmirlər. Tibbi xidmət göstərilməsə, o, orada ölə bilər".

Məhkumun hazırda ölümcül durumda olduğu haqda xəbərlər var. Mirnisə Dadaşova deyir ki, 13 saylı cəzaçəkmə müəssisəsində valideynlərinin Mikayıl Dəmirli ilə görüşünə icazə verilməyib. Yaxınlarına məhkumun paltarları verilib. Həmin paltarların arasında onun bir neçə yerdən cırılmış şalvarı da olub. Mirnisə Dadaşova deyir ki, cəzaçəkmə müəssisəsindən aldıqları qeyri-rəsmi məlumatda Mikayıl Dəmirlinin özünə xəsarət yetirdiyi, paltarlarının döyülmə zamanı cırıldığı, hətta köynəyinin ələ gəlmədiyi üçün onlara verilmədiyini öyrəniblər.

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqə şöbəsinin əməkdaşı Elşən Sadıqlı məsələ ilə bağlı “Yeni Müsavat”ın əməkdaşına bildirib ki, məhkum Mikayıl Hüseyn oğlu Dəmirli daxili nizam-intizam qaydalarını pozduğu üçün cərimə təcridxanasına keçirilib. E.Sadıqlı məhkumun valideyninin 1 gün əvvəl müəssisə rəhbərliyi tərəfindən qəbul olunduğunu bildirib: “Hər hansı bir şikayətləri varsa, yenidən müəssisə rəhbərinə bildirsinlər. Məhkumla da valideynin görüşü olub. Əgər hər hansı bir problem olsaydı, məhkum valideyninə bildirərdi”.
Geri qayıt