“AzəriQaz” rəhbərliyinin 30 milyonluq “səhvi” - “Silinmiş” milyonlar büdcəyə qaytarıldımı?

“AzəriQaz” rəhbərliyinin 30 milyonluq “səhvi” - “Silinmiş” milyonlar büdcəyə qaytarıldımı? Ötən il ərzində “Azəriqaz” İstehsalat Birliyi üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub.“APA-Economics” xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində SOCAR-ın “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyev bildirib.

Onun sözlərinə görə, 2016-cı il ərzində təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına yönəlmiş tədbirlər də davam etdirilir: “Bunun nəticəsidir ki, ötən il ərzində Birlik üzrə təbii qazdan istifadə qaydalarının pozulmasına görə 11 491 əhali, 224 qeyri-əhali abonentin qaz təsərrüfatına müvafiq “qüsur aktı” tərtib olunub. Tərtib olunmuş bu tip aktlar əsasında itirilmiş təbii qazın bərpası üzrə 2 634 915 manat dəyərində dəymiş ziyan hesablanıb”.

Bu yaxınlarda Dövlət Statistika Komitəsindən verilən məlumatına görə, 2016-cı il ərzində 144,4 milyon kub metr təbii qaz itkiyə gedib. Bu, kiçik rəqəm deyil, hətta çox böyük rəqəmdi. Bunun əhaliyə satılan qazın orta qiyməti ilə hesablasaq təxminən 32 milyon manat, maya dəyəri ilə hesablasaq, təxminən 6 milyon manat edir.
Bu baxımdan “Azəriqaz” İB-nin baş direktoru Əkbər Hacıyevin ötən il cəmi 2,6 mln. manatlıq qaz itkisi olması barədə rəqəmi maraq doğurur. Bu bu yaxınlarda Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmdən dəfələrlə azdır. Belədə ya Statistika Komitəsinin, ya da Əkbər Hacıyevin ictimaiyyətə yalan məlumat verdiyini söyləmək olar.

Nəzərə alsaq ki, Statistika Komitəsinin aşıqladıığ rəqəm rəsmi auditin nəticələrinə əsaslanır, Əkbər Hacıyevin məlumatının doğru olmadığını söyləmək olar.

Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyinin (İB) qaz təchizatı şəbəkəsində itkilərin yaranma səbəbi müstəqil audit şirkəti olan EY (Ernst and Young) tərəfindən araşdırılıb. Tərtib olunmuş yekun arayışda itkilərin yaranmasının əsas səbəbi kimi köhnələn qaz şəbəkəsində yaranan qaz sızmaları göstərilib.
Maraqlıdır ki, məlumatı “Azəriqaz” İB də təsdiqləmişdi. Qurumun rəsmi məlumatında bildirilirdi ki, qaz itkiləri əsas etibarı ilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yaranır: “Bu ərazilərdə qaz təchizatı sisteminin böyük hissəsi 1960-1980-ci illərdə, keçmiş İttifaqın standartları əsasında qurulmuş şəbəkədən ibarətdir. Qaz təchizatı şəbəkəsinin hal-hazırki texniki vəziyyəti mövcud və artan tələbatın ödənilməsində, qaz təchizatı rejimlərinin tənzimlənməsində böyük texniki problemlər yaradır.

Qurumdan həmçinin bildirlmişdi ki, qaz itkiləri əsasən yeraltı qaz sızmalarından yarandığına görə, itkilərin böyük hissəsinin korrupsiya ilə heç bir əlaqəsi ola bilməz: “Bununla yanaşı, təbii qazdan qeyri-qanuni istifadə hallarına qarşı mübarizə daha da gücləndirilib. Rayon xidmət sahələrinin ərazilərində mütəmadi olaraq baxışlar keçirilir, monitorinqlər aparılır və aşkar edilmiş qeyri-qanuni faktlara qarşı qanunvericilyin tələblərinə uyğun müvafiq tədbirlər görülür. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə də mütəmadi tədbirlər həyata keçirilir. Əgər hər hansı korrupsiya faktı aşkarlanarsa, dərhal qanuna müvafiq tədbirlər görülür”.

Ancaq təbii ki, bu açıqlamaya ictimaiyyəti inandırmaq mümkün olmadı. Belə böyük itkilərin yalnız “Azəriqaz” İstehsalat Birliyində yol verilən korrupsiya iləı bağlı ola biləcəyi fikri irəli sürüldü.

Millət vəkili Vahid Əhmədov 144,4 milyon kub metr təbii qazın çox böyük itki olduğunu açıqlayaraq, bunun satılan qazın qeydə alınmaması ilə bağlı ola biləcəyini qeyd etmişdi: “İndiki zaman üçün bu qədər itki çoxdur. Ümumiyyətlə, “Azəriqaz” İstehsalat Birliyi itkilərin harada olması ilə əlaqədar müəyyən işlər görməlidir. Bu itkilər boru xəttində ola bilər. Həmçinin ola bilər ki, itkilər başqa yerlərdə olsun. Məsələn, təbii qaz Bakının kəndlərində müəyyən şitilliklər və sahələr var ki, oralara verilir. Amma yazmırlar. Əvvəlki variantlardan istifadə edirlər. Yəni bu, araşdırılmalı məsələdir. Çünki itki həddindən artıq böyükdür. Bu qədər itki ola bilməz.”

Vahid Əhmədov problemin həlli üçün “Azəriqaz” İstehsalat Birliyini özəlləşdirməyi təklif etmişdi.
Mətbuatda da belə böyük itkilərin korrupsiyadan xəbər verdiyi geniş şərh olunmuşdu. “Azəriqaz” İstehsalat Birliyinin bəzi oliqarxların şitilliklərinə, obyektlərinə verdiyi qazı qeydiyyata almadığına dair iddialar irəli sürüldü.

Görünür ictimaiyyətin məsəıləyə belə reaksiya verməsi “Azəriqaz” İstehsalat Birliyinin rəhbərinin itki ilə bağlı rəqəmdə “düzəlişlər” etməsinə səbəb olub. Nəticədə itki ilə bağlı rəqəm dəfələrlə azaldılıb. Nəzərə alsaq ki, bəzi obyektlərə satılan qaz itki kimi yazılır, onda “Azəriqaz” İstehsalat Birliyinin əvvəl və indi açılqladığı rəqən arasında təxminən 30 milyonluq fərqin meydana çıxdığını söyləyə bilərik.

Maraqlıdır indi əgər itkinin cəmi 2,6 milyon manat olduğu bildirilirsə, əvvəlcə bəyan olunan 144,4 milyon kub metr təbii qaz itkisinə dair rəqm yalanmıydı? Doğru idisə, “silinmiş” təxminən 30 milyonu büdcəyə kim ödəyib? Ödənilibmi, yoxsa sadəcə ictimaiyyəti sakitləşdirmək üçün indi yalan məlumat verilir?

“Azəriqaz” İstehsalat Birliyinin bu suallara da aydınlıq gətirməsi lazımdır.

“AzPolitika.info”
Geri qayıt