Nərimanov rayonunda “Könüllülük - sağlam inkişaf” devizi altında tədbirlərin təşkili layihəsinin bağlanış mərasimi keçirilib

Bağlanış mərasimdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev, Şəxsi İnkişaf təlimçisi Nigar Kərimova, layihənin təlimçisi Rəşad Bayramov və 30 nəfər gənc iştirak etmişlər.
İlk öncə qonaqları salamlayan “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin sədri Pərviz Mustafayev layihənin mahiyyəti, əhəmiyyəti, gənclər üçün faydası və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin məqsədi yeniyetmə və gənclərə könüllülərin hazırlanması üzrə biliklərin və bacarıqların verilməsi, həmçinin onlar arasında könüllülük hərəkatını təbliğ etdirməkdir. Pərviz Mustafayev qeyd etdi ki, layihənin vəzifəsi yeniyetmə və gənclər arasında könüllülük haqqında geniş anlayış formalaşdırmaq, tədbir zaman iştirakçıların daha çox marağına nail olacaq müxtəlif üsul və vasitələrdən istifadə, KİV-də məlumatların dərc edilməsi, təlimlərin və seminarların, idman və intellektual yarışmaların keçirilməsidir.
Sonra çıxış edən Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov qeyd etdi ki, Azərbaycan gəncliyi müasir peşələr, onlara təlabat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşə yönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması bəndinə əsasən gənclərin işsizlik problemlərin aradan qaldırılmasına kömək məqsədi ilə gəncləri əhatə edəcək maarifləndirici proqram təşkilidir. Könüllülük hadisəsinə istər Azərbaycan xalqının tarixində, istərsə də adət‐ənənələrində tez‐tez rast gəlirik. Könüllülük mərhəmət, əli‐açıqlıq, ədalət hissi deməkdir. Vüsal Ömərov vurğuladı ki, könüllü olmaq ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Biz dünən də belə idik, bu gün də beləyik, heç şübhəsiz ki, sabah da bu keyfiyyətimizə sadiq qalacağıq. Könüllülük həm də kollektiv əmək deməkdir. Bərabər işləmək istedadıdır. İməcliklərlə bir‐birinin evini tikən, torpağını şumlayan ataların, toplaşıb birlikdə şəkərbura bükən, təmizlik işləri görən anaların övladları olaraq, biz bu gün bütün dünyada böyük vüsət almış könüllülük hərəkatının öncülləri sırasına qədər gəlmişik.
Daha sonra çıxış edən Şəxsi İnkişaf təlimçisi Nigar Kərimova yaradılan şəraitə görə layihənin təşkilatçılarrına təşəkkürünü bildirdi və vurğuladı ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyəti həyata keçirən şəxsdir. Könüllülüyün məqsədi isə tapşırıqları yerinə yetirmək, fərdlərə və ya ictimai təşkilatlara maliyyə dəstəyi olmadan, fədakarcasına, insanların rifahını inkişaf etdirmək və yaxşılaşdırmaqdan ibarətdir. Nigar Kərimova eyni zamanda qeyd etdi ki, əlbəttə ki, könüllülüyün inkişafı gənclərin həvəs və istedadı ilə yanaşı onların təşkilatlanması və idarə edilməsindən də çox asılıdır. Sistemli idarəetmə fəaliyyətin effektivliyini yüksəldir, az vaxtda daha çox iş görməyə təşviq edir. Gənclərin daha çox öyrənməsi və könüllülükdə keçən vaxtdan düzgün istifadə etməsi üçün dünya praktikasında istər dövlət, istər özəl, istərsə də ictimai təşkilatların təklif etdiyi proqramlar vardır. Azərbaycan könüllülər hərəkatı da bu təcrübədən yararlanmaqdadır. Bu sırada fərdi qaydada könüllü kimi çalışanları da unutmamaq lazımdır.
Qeyd edilən sahə üzrə təlimçi kimi dəvət olunmuş Rəşad Bayramov çıxış edərək bildirmişdir ki, könüllü fəaliyyət sahəsi yalnız biznеs və dövlət sеktоrunu dеyil, adətən üçüncü sеktоru əhatə еdir. Könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür.Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf еdən insanların sayı оn milyоnlarladır. Könüllü fəaliyyətin təşkilatçısı — könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Könüllülük fəaliyyəti altruistik fəaliyyət sayılır və insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir. Lakin insanlar öz bacarıqlarını inkişaf etdirmək üçün də könüllülük edirlər (məsələn, iş təcrübəsi qazanmaq, yeni insanlarla tanış olmaq, əylənmək və s.) Könüllülük fəaliyyəti müxtəlif sahələrdə ola bilər: Əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilməsi; Uşaqlar və gənclərlə işlərin aparılması; mədəni tarixi sərvətlərin qorunması; ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması; insan hüquq və azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin, tolerantlığın təbliği.
Sonda təlimçilər tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı.