Ekspertlər Ceyhun Bayramovun ilk iki ayına "2" verdilər – "Kabinetdə oturub problemləri həll etmək olmaz"

Ekspertlər Ceyhun Bayramovun ilk iki ayına "2" verdilər – "Kabinetdə oturub problemləri həll etmək olmaz" Hər bir ölkənin gələcəyi onun təhsilindən asılıdır.

Təsadüfi deyil ki, hazırda dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələr arasında hərbidən sonra ikinci yeri təhsil tutur. Prezident İlham Əliyevin "Biz müharibə şəraitində olmasaydıq, ən çox dövlət yatırımı təhsilə ayrılardı” fikri ölkə rəhbərinin təhsilə göstərdiyi diqqət və qayğının əyani təzahürü kimi qiymətləndirilməlidir. Bəs görəsən dövlət başçısının yüksək dəstəyi fonunda Təhsil Nazirliyinin atdığı addımlar, həyata keçirdiyi islahatlar dövrün tələbləri ilə ayaqlaşırmı?

AZXEBER.COM məsələ ilə bağlı tanınmış təhsil ekspertləri – Milli Məclisin Təhsil Komitəsinin sabiq sədri, YAP Siyasi Şurasının üzvü Şahlar Əsgərov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri Vurğun Əyyub və Kamran Əsədovu danışdırıb.

Portalımıza açıqlamasında Milli Məclisin Təhsil Komitəsinin sabiq sədri, YAP Siyasi Şurasının üzvü Şahlar Əsgərov bildirib ki, təhsildə olan problemlərin bəziləri hələ də həll olunmamış qalır: "Düzdür, əvvəlki illərlə müqayisədə təhsil sahəsində müəyyən islahatlar aparılır. Ümumtəhsil məktəblərində müəyyən islahatlar aparılır, ali və orta ixtisas məktəblərində müsbət dinamika var. Lakin bütün bunlarla yanaşı hələ də həllini gözləyən problemlər var. Hesab edirəm ki, Təhsil Nazirliyinin rəhbərliyində peşəkar mütəxəssislər cəmləşməlidir. Ola bilər ki, nazirin bu sahəyə birbaşa aidiyyatı olmasın, ancaq onun ətrafında ən azı hər bir sahə üzrə peşəkar mütəxəssislər yer almalıdır. Digər yandan Ceyhun Bayramov nazir təyinatına qədər bu nazirlikdə çalışıb. Müəyyən qədər təcrübəsi var. Hələki o yeni nazirdir, zaman göstərəcək ki, hansı islahatları apara biləcək. İndidən bu barədə qəti söz demək çətindir”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq sədri Vurğun Əyyub söyləyib ki, təhsil sahəsində hər hansı islahatları müşahidə etmir: "Ceyhun Bayramovun Təhsil naziri təyinatından sonra bu sahədə hər hansı yeniliyin, islahatın şahidi olmamışam. İndiyə qədər bu sahədə olan problemlər olduğu kimi qalır. Heç bir müsbət dəyişiklik yoxdur. Hesab edirəm ki, Təhsil Nazirliyi uzun illərdir yığılıb qalan problemlərin həllinə nail olmayacaq. Çünki bu sahədə vəziyyət olduğu kimi qalır. Nəzərə alanda ki, Ceyhun Bayramov buna qədər də Təhsil nazirinin müavini olub, o dövrdə də heç bir dəyişiklik olmayıb. Yəqin onun nazir təyinatı da bu sahədə ciddi islahatlara gətirib çıxarmayacaq. Açığı mən buna inanmıram”.

Tanınmış təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təhsildə olan problemləri kabinetlərdə oturmaqla həll etmək olmaz: "Çox aktual bir mövzudur. Hesab edirəm ki, Azərbaycan cəmiyyəti ilk növbədə təhsildə nəyi gözlədiyini özü üçün aydınlaşdırmalıdır. Təhsil ictimaiyyətinin fəal nümayəndəsi olaraq şəxsən mən belə hesab edirəm ki, bir ölkənin təhsil sahəsinin inkişafı həmin ölkənin təhsil siteminin dünya təhsil sisteminə inteqrasiyasından keçir. Anlamaq lazımdır ki, kabinetdə oturub təhsildəki problemləri həll etmək, yenilik etmək olmaz. Prossesin içində olmaq vacibdir. Bizim ali, orta ixtisas və ya orta məktəblərimiz dünyanın reytinq siyahılarında yer alsalar, bu böyük nəticə olacaq. Çox təəssüf ki, hazırda bunun şahidi olmuruq. Azərbaycanda fəaliyyət göstərən 54 ali təhsil müəssisəsindən heç biri bu sahədə yer almır. Baxmayaraq ki, son 5 ildə ali məktəblərin inkişafı ilə bağlı ciddi gözləntilər var idi, heç bir müsbət dəyişiklik olmadı. Bir çox ali məktəblər ümumiyyətlə fəaliyyətlərini dayandırdı, bəziləri digərlərinə birləşdirildi. Eyni zamanda təhsil ictimaiyyəti yeni nazirdən kadr islahatları gözləsə də, bu da baş vermədi. Baxmayaraq ki, xaricdə təhsil alan şəxslər yüksək vəzifələrə gətirildilər, onlar heç bir ciddi irəliləyişə nail olmadılar. Təəssüf ki, xaricdə təhsil alan kadrlar etimadı doğrultmadı. Direktorların və müəllimlərin işə qəbulu, təhsildə keyfiyyət göstəricilərinin artırılması ilə bağlı ciddi addımlar atılmadı. Baxmayaraq ki, Təhsil Nazirliyi dövlət büdcəsindən ən çox maliyyə alan qurumlardan biridir, biz ciddi islahatları müşahidə etmədik. Müəyyən addımlar atılsa da, uğurlar olsa da, çatışmazlıqlar olnlardan daha çoxdur və əsas diqqəti həmin çatışmazlıqların aradan qaldırılmasına yönəltməliyik”.
Geri qayıt