Qətibə Əsədovanın ehsan talayan qoçuları

Qətibə Əsədovanın ehsan talayan qoçuları Akif Çovdarovun kadrı qocaların ehsanını oğurlatdırır. Sahil Babayev bu talanı və qoçuları görə biləcəkmi?

“Qocalar evi”nin bir qrup sakini Əmək və Əhalinin Sosial Təminat naziri Sahil Babayevə müraciət edərək Qətibə Əsədovanın və işçilərinin onların “həyatını göy əsgiyə bükdüyünü” bildirirlər.

Qətibə Əsədova mətbuata və ictimaiyyətə heç də yad biri deyil. Bu xanım haqqında illərdir ki, mətbuatda yazırlar. Və yazılan yazıların böyük əksəriyyəti Qətibə xanımın kimsəsiz insanlara, ahıl və qocalara, yetimxanalara ayrılan pulları, verilən ehsanları “talan” etməsi ilə bağlıdır.

Söhbət Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatın direktoru Qətibə Əsədovadan gedir. Bilgəh qəsəbəsində yerləşən Müharibə və Əmək Əlilləri üçün Pansionatına rəhbərlik etməmişdən əvvə isə Qətibə xanım Şağan qəsəbəsindəki əqli cəhətdən zəif uşaqlar üçün 3 saylı internatda direktor işləyib. Sonradan Saray qəsəbəsində yerləşən 7 saylı internata təyinat alıb. Və bu zaman Qətibə Əsədova öz qızının internata direktor təyin olunmasına da nail olub. 3 saylı

Mətbautda yazılanlardan da görünür ki, Qətibə xanım 3 saylı internatda əqli cəhətdən zəif uşaqların da, 7 saylı internata isə yetim uşaqların payına əl uzatmaqdan heç vaxt çəkinməyib. Elə yetim uşaqların payını talan edərək özünə böyük sərvət də əldə edib. Və istər istər Füzuli Ələkbərovun zamanında, istərsə də, Səlim Müslümovun zamanında qılıncının dalı da kəsib, qabağı da. Bu xanım yetim malı yeməklə oliqarx səviyyəyə çatmaqla yanaşı istədiyi adamı da ayaqlayıb. Hətta deyilənə görə həm Füzuli Ələkbərov, həm də Səlim Müslümov bu xanımdan çəkinib.

Mətbuatın yazdığına görə bu çəkincəkliyə iki səbəb olub. Birinci səbəb Sumqayıtın icra başçısı Zakir Fərəcovun Qətibə Əsədova ilə quda olmasıyla bağlı olsa da, ikinci səbəb məşhur “MTN çətəsi”nin başçılarından biri olan və hazırda həbs həyatı yaşayan Akif Çovdarovla bağlı olub. Yenə də mətbuatın yazdığına görə yetim malını yeməklə tanınan Qətibə xanım Akif Çovdarovla “əməkdaşlıq” edənlərdən biri olub. Yəni bir zamanlar Qətibə xanım Akif Çovdarovun himayəsində olan “xüsusi təhlükəli adamlardan” biri olub.

Bəzi məlumatlara görə isə Qətibə Əsədovanın məşhuq qanqster Hacı Məmmədovla da əlaqələri olub...

Dünən isə mətbuatda Müharibə və Əmək Əlilləri üçün Pansionatında 1-ci qrup ömürlük əlilin pansionat işçiləri tərəfindən döyülməsi haqqında xəbər yayılıb. Əlilin döyülməsinə səbəb isə Qətibə Əsədovanın işçilərinin “Qocalar evi”nə göndərilən ərzaq ehsanlarının talan etməsinə etiraz etməsi olub. Qəribədir ki, döyülmə faktı ilə bağlı 14-cü polis bölməsinə şikayət edilsə də, zərəçəkmişi tibbi ekspertizaya yollamaq üçün tam bir həftə yubadıblar. Və bölmə rəisinin də bildirdiyinə görə Qətibə Əsədova məsələ ilə bağlı ona zəng edib.

Bu gün məsələ ilə bağlı daxil olan şikayətdə isə “Qocalar evi”nin bir qrup sakini Əmək və Əhalinin Sosial Təminat naziri Sahil Babayevə müraciət edərək Qətibə Əsədovanın və işçilərinin onların “həyatını göy əsgiyə bükdüyünü” bildiriblər. “Qocalar evi”nin sakinləri adlarının açıqlanmasının onlar üçün problem olacağlını qeyd edərək, Sahil Babayevdən bu zülmə son qoymağı xahiş edirlər.

Maraqlıdır, görəsən Füzuli Ələkbərovdan və Səlim Müslümovdan fərqli olaraq Sahil Babayev birbaşa üzərinə düşən vəzifəni icra edərək Müharibə və Əmək Əlillərinin qocalar evində sosial təminatı və ədaləti bərpa edə biləcəkmi? Ya da heç olmasa bunun üşün cəhd edəcəkmi?..

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

MilliYola.az
Geri qayıt