“Səhliyalı” kolbasasında xərçəng yaradan “E 250” nədir?

“Səhliyalı” kolbasasında xərçəng yaradan “E 250” nədir? Yay mövsümü, istilər yaxınlaşdıqca sual yaranır ki, hansı kolbasa şirkətinin məhsulunu almaq olar. Bu mövzuda araşdırma yazılara “Səhliyalı” şirkətindən başlamışıq

Media üzərindən apardığımız monitorinq zamanı məlum olub ki, şirkət son bir ildə öz etibarlılığını və nüfuzunu kifayət qədər itirib. Bu da alıcılıq qabiliyyətinə təsir edib.

Çünki istehlakçılar tez-tez feysbukda və mətbuatda “Səhliyalı”nın kolbasa və sosiska məhsullarından şikayətlərini yazıblar.

Bu günlərdə hökumətyönlü publika.az saytı da araşdırma yazısı dərc edib. Bildirilir ki, “1000 bərəkət, halal nemət” əmtəə nişanlı sosiskanın üzərində halal olduğu yazılmışdı. Lakin kəsəndə görülüb ki, içindən siçan nəcisi çıxıb.

“Bəs belə iyrəncliyi mənim hamilə həyat yoldaşım görsəydi, bilmədən yesəydi, kim cavabdeh olacaqdı?

Bu nə iyrənclikdir? Bu hadisə sərt şəkildə qınanmalıdır, şirkət rəhbərləri də bu hadisədən dərs çıxartmalıdırlar”- istehlakçı Rəhim İsmayılov yazıb.

Sayt yazır ki, şirkət köhnə xəbərlər unudulduğu vaxtda yeni bir qalmaqalla yenidən medianın gündəminə çevriliblər.

“Səhliyalı” şirkətinin ən çox diqqət çəkən məhsulu isə “1000 bərəkət, halal nemət”dir ki, onun da əsas özəlliyi adındakı “halal” sözüdür.

Əhalisinin 90 faizdən çoxu müsəlman olan ölkəmizdə halallıq məsələsinin nə qədər vacib olmasından danışmağa ehtiyac görmürük. Amma gəl gör ki, bu addan istifadə edən şirkətlərin də sayı az deyil.

Adını “halal” qoyan bu şirkətlər məhsulu haradan gətirdiklərindən tutmuş, kolbasanın tərkibindəki inqridentlərə qədər bir çox şeyi gizli saxlayırlar.

Media üzərindən xəbər veririk ki, “Səhliyalı” şirkətinin saytında isə kolbasa və sosiskaların hazırlanmasında istifadə edilən heyvanlar kəsilərkən islami qaydaların hansına əməl edilməsi barədə heç bir məlumat tapmaq olmur.

Sadəcə tələb olunun mal ətinin müəssisənin daxilindəki sexdə kəsildiyi, gigiyenik qaydalara əməl edildiyi yazılıb.

Şirkətə halallıq sertifikatını verən “AzeSERT HALAL” MMC-nin direktoru Elşad Əliyev deyib ki, bütün prosesə nəzarət edirlər.

Şirkət əvvəl Hindistanın “Alana” şirkəti ilə əməkdaşlıq edirdi. Son vaxtlar “Səhliyalı” Ukraynadan ət idxal edir.

Amma istifadə etdiyi ətin yalnız müəssisədə kəsilən heyvanlardan əldə etməsi barədə məlumat isə xeyli şübhəlidir.

1000-1500 baş iribuynuzlu mal-qara və 2000 baş qoyun təsərrüfatı olduğunu rəsmi saytında qeyd edən şirkətin özünün məlumatına görə, gün ərzində 5 ton kolbasa istehsal edir.

Lakin rəqəmlər kolbasaların yalnız öz təsərrüfatlarından əldə edilən ətdən xammal kimi istifadə edilməsinə şübhə yaradır.

Çünki Azərbaycanda 2016-cı ildə cəmi 302.2 ton ət kəsilib, onun 131 tonu mal əti, 75.2 tonu qoyun və keçi, 0.5 tonu donuz, 95.5 tonu toyuq əti olub.

Ümumilikdə kəsilmiş əti 365 günə bölsək, ölkə ərazisində gün ərzində 0.8 ton ət kəsilib. Gün ərzində respublikada 0.8 ton ət kəsilirsə, demək şirkətin gün ərzində 5 ton kolbasa istehsal etməsi üçün əlavə mənbəyə ehtiyacı var. Amma hardan? Bax bu vacib sualdır.

Bazardakı kolbasa firmalarının əksəriyyəti əti Hindistan və Braziliyadan idxal edir. Gizlətdikləri qatqılar qalsın bir yana.

Media üzərindən xəbər veririk ki, satışdakı məhsulların üzərində qeyd etdikləri maddələr bizim üçün kifayət etdi. Bunlardan biri E 621 - qlütamat maddəsidir. Bu maddə dad gücləndiricidir.

İnsanlarda məhsuldan asılılıq, həmçinin normadan çox qəbul zamanı baş ağrısı, ürək bulanması, ishal, tərləmə, sinənin göynəməsi, boyun arxasında yanma və s. yaradır. Tədricən görmə zəifliyinə səbəb olur.

E 250 - natrium nitrit də məhsulun tərkibində olan və “halal”lıq sertifikatının verilməsinə şübhə yaradan maddələrdən biridir. Bu kimyəvi maddə qana keçdiyi təqdirdə xərçəng xəstəliyi yarada bilir.

E 250 maddəsi İslam Əməkdaşlıq Təşkilatına daxil olan ölkələrin böyük əksəriyyətində “halal” təsdiq olunmuş qatqı siyahılarında mütləq zərərlər kateqoriyasına aid edilib.

Qarşı tərəfi dinləməyə hazırıq.

Fia.Az
Geri qayıt