Nərimanovda növbəti tədbir keçirilib

Nərimanovda növbəti tədbir keçirilib "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin son təlimi və bağlanış mərasimi keçirilib

xalqxeber.az xəbər verir ki, 05 iyun 2018-ci il tarixdə Bakı Humanitar Kollecində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin son təlimi və bağlanış mərasimi keçirilib.

Təlimdə “Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Röya Rzayeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov, Tələbə-Gənclər Təşkilatının sədri Şəfiqə Hənifəyeva, 7 saylı xəstəxananın həkim-infeksionisti Arzu Pənahova, Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov və 50 nəfər fəal gənc iştirak etmişlər.

İlk öncə qonaqları salamlayan Bakı Humanitar Kollecinin direktor müavini Rasim Rzaxanov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki,layihənin əsas məqsədi yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq, narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gənclərin cəlb edilməsidir.

V.Ömərov qeyd etdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli öndə saxlanıldı. Bir Azərbaycan vətəndaşı olaraq müstəqilliyimizin ilk illərində, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükə altında, Azərbaycanın ağır durumla üz-üzə qaldığı illərdə üzləşdiyimiz çətinliyi qeyd etməmək mümkün deyil. Ulu öndər Heydər Əliyevin gənclərə diqqəti artırması bu bəlanın da qarşısını aldı. Qeyd etidyimiz kimi, narkotizmlə mübarizə böyük maliyyə vəsaiti tələb edən prosesdir. Ölkənin maliyyə imkanlarının artırılması üçün isə təbii ki, iqtisadi qüdrət artırılmalıdır. Ulu öndər Heydər Əliyevin Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsini təmin etmək üçün əsasını qoyduğu neft strategiyası bu gün də uğurlarımızın davamlılığına zəmin yaradır. Azərbaycan çox qısa zamanda iqtisadi qüdrətini artırdı, ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin sayı daha da artdı. Bir əsas məqam da hər zaman önə çəkilir ki, ölkənin hərtərəfli inkişafı üçün kompleks tədbirlərin həyata keçirilməsi mütləqdir. Bunun üçün ayrı-ayrı sahələr üzrə Dövlət Proqramları qəbul edilir və uğurlu icrası təmin olunur.

Mövzu ətrafında çıxış edən 7 saylı xəstəxananın həkim-infeksionisti Arzu Pənahova qeyd etdi ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır. Bu öldürücü maddənin pəncəsindən gec də olsa yaxa qurtarmağa çalışanlar tapılsa da, atılan addım hər zaman müsbət nəticə vermir.Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. A.Pənahova eyni zamanda qeyd etdi ki, narkotik maddələrin qəbul edilməsi iləinsanfiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyata proseslərə qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır. Orqanizmin zəhərlənməsi daxili orqanların, xüsusən də qara ciyər və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxarır.

Son çıxış edən Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov vurğulayıb ki, narkotizmlə və narkobizneslə mübarizə terrorizmlə mübarizənin tərkib hissəsidir. Buna görə də indi dünyada, o cümlədən, Azərbaycan Respublikasında narkotizmlə və narkobizneslə mübarizə işinə və onun qarşısının alınması problemlərinə yeni münasibət yaranmış və formalaşmışdır. R.Rüstəmov qeyd etdi ki, ölkəmizdə narkotizmlə və narkobizneslə mübarizə onun ərazi bütövlüyünün, suverenliyinin bərpası, qorunub saxlanması və mühafizəsi, beynəlxalq terrorizmlə, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizənin həyata keçirilməsi zərurətindən irəli gəlir. Bu sahədə ölkəmizdə cənab Prezident İlham Əliyevin tövsiyələrilə lazım olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış və milli proqramlar hazırlanıb həyata keçirilmişdir.

Sonra qonaqlar gəncləri maraqlandıran sualları cavablandırmışlar.

Qeyd edək ki, layihə çərçivəsində 9 ali və orta ixtisas təhsil müəssisələrində (“Odlar Yurdu” Universiteti, “Təfəkkür” Universiteti, “Bakı Avrasiya” Universiteti, Bakı İdarəetmə və Texnologiya Kolleci, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Dövlət Dəmir Yol Liseyi, Azərbaycan Kooperasiya Universiteti, Bakı Biznes və Kooperasiya Kolleci və Bakı Humanitar Kolleci) təlimlər təşkil edilib, eyni zamanda layihə zamanı Nərimanov rayonunda fəaliyyət göstərən orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında esse və rəsm müsabiqələri keçilib.

Sonda “Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi” layihəsi çərçivəsində keçirilən esse və rəsm müsabiqələrində fərqlənən məktəblilər fəxri fərmanla mükafatlandırılmışlar.
Nərimanovda növbəti tədbir keçirilib
Nərimanovda növbəti tədbir keçirilib
Nərimanovda növbəti tədbir keçirilib
Nərimanovda növbəti tədbir keçirilib
Geri qayıt